Mayor
İbrahim Rüstəmov,
Əməkdar jurnalist
Hər bir insanın öz vicdanı qarşısında hesabat verməsini ən adi etik və mədəni kriteriyalarla cilalanmış normal məntiqin uğurlu jestlərindən biri kimi dəyərləndirirəm. Bunu həm də alicənablığın, kübarlığın, əxlaqın, bir sözlə, insani keyfiyyətlərin zaman-zaman yaşamaq hüququ qazanmış danılmaz parametrləri kimi də xarakterizə etmək mümkündür. Həyatın dinamikliyi, hadisələrin sudan çıxmış balıq bədəninə bənzər sürüşkən xarakteri, fakt bolluğunun yaratdığı informativ stresslər nəhayət, söz və vicdan azadlığının doğurduğu fasadlar, təəssüf ki, bir sıra adamlarda eyforiyaya qapılmaq, kələfin ucunu itirmək, atdığın addımın, dediyin sözün həqiqi mahiyyətini ya anlamamaq, ya da qəsdən arxa plana ötürmək kimi ziyanlı vərdişlər formalaşdırır. Belələri bir qayda olaraq qısqanclığı hiyləgərliklə pərdələyərək qəzəbdən «həqiqət», intiqamdan «ədalət» yaratmağa can atır və bu zaman özlərini cəmiyyətə fədakar «qəhrəman» obrazında təqdim etməyə çalışırlar.
Görünür, bir qism toplumun öz həqiqi yatarında formalaşması, öz həqiqi statusunu məyyənləşdirməsi, öz həqiqi qiymətini tanıması üçün zamana ciddi ehtiyac var. Bu həm də indiyədək dəfələrlə oxucularımın, tərəf müqabillərimin, xüsusilə də, «Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyinin sədri kimi tanıdığımız Yaşar Cəfərlinin diqqətinə çatdırdığım və konkret faktlarla əsaslandırdığım iddialarımın məntiqi sonluğudur.
Təəssüf ki, danışacağım mövzu haqqında indiyədək kifayət qədər tuturlı arqumentlərlə çıxış etməyimə baxmayaraq Yaşar Cəfərli kimi bəzi yalançı dil pəhlavanları hələ də öz məkrli niyyətlərindən əl çəkmir, cəmiyyətin sadə və səmimi nümayəndələrini aldatmaqla məşğul olurlar. Yaxın günlərdə adı çəkilən «hüquq müdafiəçisinə» ünvanladığım açıq məktubun bu adamda ən azı bəzi ciddi məsələrərə ciddi münasibət formalaşdıracağı ilə bağlı bəslədiyim ümidlərim, gözləntilərim də artıq özünü doğrultmayıb. Əlbəttə, əziyyətimə heyfim gəlir, ancaq məktubumun, necə deyərlər, mürəkkəbi qurumamış yenidən rəhbəri olduğu saytda «gündəmə gələn» Yaşar Cəfərli məni eyni mövzuya bir daha yenidən qayıtmağa vadar etdi. Tribuna həvəskarının eyni sözləri dayanmaq bilmədən təkrarlamasına, obyektivlikdən, dürüstlükdən kənar arqumentlərinə, bir sözlə, şər-böhtan dolu çıxışlarına aydınlıq gətirmək, həqiqəti üzə çıxarmaq mənim həm də peşə borcumdur.
Əvvəla, rəhbbəri olduğu internet saytında Yaşar Cəfərlinin öz-özünə «müsahibə verməsini», öz məqsəd və məramına uyğun suallar düzüb-quraşdırmasını və onları «dahiyanə» bir tərzdə şərh etməsini sanki birsinin güzgü qarşısında dayanıb öz-özü ilə söhbət etməsinə bənzətdim və burada ciddi bir sarkazmın, qeyri-ciddi bir jestin möcudluğunu hiss etdikcə, uğunub yerə yıxılmaqdan özümü zorla saxladım. Yaşar Cəfərlinin kütləvi informasiya vasitələrilə bağlı təsəvvürləri də, şübhə etmirəm ki, onun bugünkü Azərbaycan ordusu haqqında düşüncələri qədər yanılış və bəsitdir. Digər tərəfdən, əgər o, müsahibə verməyə əli qələm tutan ortabab bir jurnalist belə tapa bilmirsə, onda şəxsən mən ona cavabını çoxdan gözlədiyim bir neçə sualla müraciət etmək istəyirəm:
- Əgər siz özünüzü peşəkar bir hərbçi kadr hesab edirdinizsə, bəs nəyə görə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi ilə, yəni xidməti uyğunsuluğa görə ordudan tərxis olunmusnuz və bu zaman həmin sənəddə qeyd olunanlarla razılaşdığınızı şəxsən öz əlinizlə, şəxsən öz mübarək xəttinizlə, imzanızla təsdiq etmisiniz!?
Yaxud digər bir sual:
- Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil idarəsində komplektləşdirmə şöbəsinin rəisi- idarə rəisinin müavini vəzifəsində xidmət edərkən, hansı məqsədlə mühəndislik üzrə ixtisaslaşmış bir zabiti kəşfiyyat hərbi hissəsinə göndərmiş, yaxud stomotoloqu ümumi müalicə həkimi vəzifəsinə təyin etmisiniz!?
Bütün bunlar Yaşar Cəfərliyə vermək istədiyim çeşid-çeşid sualların yalnız cüzi bir qismidir. Vaxtı çatanda hamısını bir-bir ona ünvanlayacağam. Ancaq indi bu yazıda məqsədim Y.Cəfərlinin kütləvi informasiya vasitələrinin dövriyyəsinə buraxdığı faktlara aydınlıq gətirməkdir. Söhbətin hərbi həkim ixtisasından ketdiyi bir məqamda isə, yeri gəlmişkən, onun bu günkü tibb xidmətilə bağlı sicilləməsini də şərh etmək istərdim.
Heç kimə sirr deyil ki, Silahlı Qüvvələrimizdə indiyədək əldə etdiyimiz uğurların böyük bir qismi məhz hərbi səhiyyəmizin payına düşür. Son vaxtlar müvafiq sahədə aparılan islahatlar, kadr və struktur dəyişikliyi, o cümlədən ən müasir Avropa standartlarına cavab verən yeni tibbi qurğu və avadanlıqların alınması adı çəkilən müalicə müəssisəsinə müraciət edən hərbi qulluqçuların sağlamlığına tam zəmanət verir. Bu günlərdə yeni müalicə korpusunun açılışında şəxsən Azərbaycan Prezidentinin iştirakı isə dövlət başçımızın hərbi tibb xidmətinə göstərdiyi etimadın ən bariz nümunəsidir. Belə olan halda Yaşar Cəfərlinin bir budaqda oturub min budağı silkələməsinə, görəsən, su bulandırmaqdan özgə nə ad vermək olar!
O ki qaldı orduda insanların haqlarının tapdalanmasına, bəri başdan bildirim ki, heç bir həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu Y.Cəfərlini onun adından danışmağa vəkil tutmayıb. Belə bir adamın orduda vicdanla Vətənin keşiyini çəkən minlərlə zabitin adından danışmağa, ümumiyyətlə, nə mənəvi, nə də hüquqi haqqı var! Ounun ordudan tərxis olunmuş bir qrup ehtiyatda və istefada olan hərbi qulluqçunun etimadından sui-istifadə etməsi isə, səsləndirdiyi qeyri-ciddi arqumentləri kütləvi informasiya vasitələrinin dövriyyəsinə ötürməyə qətiyyən əsas vermir.
Belə faktlardan biri də guya 1998-ci ildə müdafiə nazirinin döyüş bölgəsində xidmət edən hərbi qulluqçulara verilən üçqat əmək haqqının ikiqat əmək haqqı ilə əvəzlənməsini nəzərdə tutan qanunsuz əmridir. Bu barədə dəfələrlə izahat verməyimizə baxmayaraq, Y.Cəfərli yenə də öz ampulasından çıxış edir, yenə də ictimaiyyətin fikrini çaşdırır və bu yolla öz çirkin məqsədinə çatmağa çalışır. Məsələ burasındadır ki, «Hərbi qulluqçuların vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması haqqında» Azərbaycan Prezidentinin 30 may 1998-ci il tarixli sərəncamına əsasən 1 iyun 1998-ci il tarixdən hərbi qulluqçuların vəzifə maaşları 3,5 dəfə, hərbi rütbəyə görə maaşları isə 2 dəfə artırılmışdır. Həmin sərəncamın 3-cü bəndinə əsasən Müdafiə və Milli Təhlükəsizlik Nazirliklərinin tabeliyində olan hərbi qurumların, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Azərbaycan Respublikası Prezidenti Yanında Xüsusi İdarənin döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularının vəzifə və rütbə maaşları ikiqat məbləğdə ödənilir. Göstərilən sərəncama əsasən Azərbacan Prezidentinin 31 mart 1992-ci il tarixli fərmanının döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların pul vəsaitinin üçqat məbləğdə ödənilməsini nəzərdə tutan 3-cü bəndi qüvvədən düşmüş hesab edilmişdir.
İstifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyasına görə Müdafiə naziri tərəfindən imzalanmış müvafiq əmrlə bağlı Y.Cəfərlinin qeyd etdikləri də boboğazlıqdan, cəfəngiyyatdan başqa bir şey deyildir. Belə ki, Azərbaycan Prezidentinin 10 iyun 2010-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli «Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya ( müddətli həqiqi hərbi xidmət hərbi qlulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» Qərarı qəbul edilmişdir. Nazirlər Kabinetinin bu Qərarında kompensasiya ödənişinin həqiqi hərbi xidmətdən buraxılımış və yuxarıdı göstərilən Qanun qüvvəyə minən tarixədək hərbi qulluqçu statusunu itirmiş şəxslərə şamil edilməsi barədə heç bir müddəa yoxdur. Bu məsələyə aydınlıq gətirilməsi üçün Müdafiə Nazirliyi tərəfindən Milli Məclisə, Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə sorğular göndərilmiş, lakin bu günə qədər həmin sorğulara cavab verilməmişdir. Məsələnin tam cözülməsi isə, əlbəttə, sorğuya cavab veriləndən həmən sonra mümkün olacaqdır.
Göründüyü kimi, bu gün Müdafiə Nazirliyi rəhbərliyindən öz şəxsi ambisiyalarına görə qisas almağa çalışan Yaşar Cəfərli kimi qeyri-ciddi adamların dedikləri heç bir hüquqi bazaya malik deyil. Onun adı çəkilən güc strukturunda avtoritar idarəetmə sistemilə bağlı uydurduğu yeni dahiyanə fikirlərini də müvafiq sahəni öz təsir dairəsi altına almaq istəyən bir qrup işbazın növbəti təxribatı kimi qiymətləndirmək olar. Bu yerdə yadıma maraqlı bir fakt düşür. Hindistanda elə bataqlılqlar var ki, onların suyu qeyri-adi və əcaib görüünür. Bu su heç bir külək olmadığı halda ləpələnir. O yerdə ki, sakit olmalıdır, orada qaynamağa başlayır. Biz suyun üzündə sanki ilk baxışdan səbəbsiz yerə əmələ gələn ləpələri görürük, amma suyun altında üzən ilanları görmürük…
Yaşar Cəfərlinin özü haqqında kifayət qədər yüksək fikirdə olmasını, eyforiyaya uymasını anlamaq üçün onun hakimiyyət dəyişikliyilə bağlı söylədikləri oxumaq yetər. Belələrinin şər-böhtan dolu, əsasən qisasçılıq üstündə köklənmiş yazıları və əsassız bəyanatları ilə ordumuzun gündən-günə artan imicinə ləkə salacağına, əlbəttə, ağlı başında olan heç kim inanmır. Ən azı ona görə ki, bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir hərbi qulluqçu öz Ali Baş Komandanı ilə fəxr edir, onun bütün əmr, göstəriş və təyinatlarına hörmətlə yanaşır.