Modern.az

Gül-Ərdoğan: Dostlar rəqibə çevrilir - ŞƏRH

Gül-Ərdoğan: Dostlar rəqibə çevrilir - ŞƏRH

Aktual

30 İyul 2013, 11:05


Türkiyədə keçiriləcək 2014-cü il prezident seçkisi bölgə və beynəlxalq ictimaiyyət üçün də olduqca vacib bir siyasi prosesdir. Seçkinin nəticələri haqda indidən proqnoz vermək tez olsa da, bəzi siyasi çəkişmələrin yaşanacağını istisna edilmir. Ekspertlər çatın AKP və hakimiyyət daxilində baş verəcəyini güman edir. Bunun hazırkı Türkiyə prezidenti Abdulla Güllə baş nazir Ərdoğan arasında müəyyən fikir ayrılıqlarına istinadən güman edirlər. Belə ki, bir il öncə Türkiyə prezidentinin mətbuat katibi Əhməd Sevər Abdulla Gülün növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsinə maneələrin törədildiyi barədə iddialar səsləndirmişdi. Qeyd etmişdi ki, Abdulla Gül bundan narahatdır və inciyib. Bu cür bəyanata baş nazir Ərdoğanla Gül arasında yaranmış qarşıdurma kimi də analiz verənlər az olmadı. Bundan başqa, Abdulla Gülün Misirdə hərbi çevriliş nəticəsində ordunun iqtidara gətirdiyi Adli Mansuru Misirin milli bayramı münasibəti ilə təbrik etməsi də Ərdoğanla onun arasında yaranmış fikir ayrılığına bariz nümunədir. Çünki Türkiyə baş naziri Ərdoğanın hərbi çevrilişlə iqtidara gələn Adli Mansur hökumətini tanımadığını dəfələrlə bildirib. Yaranmış siyasi gərginlik fonunda prezident seçkilərində Abdulla Gül və Ərdoğan öz namizədliyini irəli sürərsə, hansının qalib gəlmək şansları çox olar?

Ərdoğanın qələbə qazanmaq perspektivi

Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli ilk olaraq Ərdoğanın siyasi dəyişiklik etmək niyyətlərinə toxunub. O bildirib ki, baş nazir əsasən siyasi sistemi dəyişmək niyyətindədir. “O, parlament siyasi sistemindən birbaşa prezident üsul-idarəsinə keçmək istəyir”, – deyən analitik hesab edir ki, bunun üçün də Konstitusiyada dəyişiklik etməyə çalışırlar.

“Parlamentdəki Konstitusiya komissiyası bunun üzərində işləyir. Ərdoğan həm də prezident seçkilərini ümumxalq səsverməsi yolu ilə keçirmək, prezidentlik müddətini də beş ilə endirmək niyyətindədir”.
Siyasi şərhçi qeyd edib ki, Ərdoğan bununla da hakimiyyətin əsas iplərini öz əlində saxlamaq istəməklə ölkənin idarəsini tamamilə nəzarəti altına keçirmək istəyir. Siyasi ekspert Türkiyəni şəriət dövlətinə çevirmək və Ərdoğanın hakimi-mütləq olmaq iddialarının olmasına baxmayaraq onun prezident seçkisində qalib gəlmə şansının çox olmasını da xatırladıb.

“Əvvəla onun arxasında böyük bir partiya var. İkincisi isə kürdlərin partiyası ilə də müəyyən anlaşmaların olduğu bəllidir. Bu şəraitdə seçkilərə gedərkən hətta Ərdoğanın kürdlərə seçki səddinin aşağı salınması barədə söz verdiyi fikirləri mətbuatda yazılır. “Kürd açılımı” adı altında kürdlərə veriləcək müəyyən mədəni muxtariyyət elementləri əvəzində onların dəstəyini qazanmaq niyyətindədir. Bütün bunlar hesaba alınarsa, AKP və kürdlərin dəstəyi Ərdoğanın seçkilərdə qələbə qazanması üçün yetərli ola bilər. Qeyri-türk millətlərini Ərdoğana cəlb edən cəhət onun türk millətçiliyindən İslam ümmətçiliyinə kəskin dönüş etməsidir. Bu da Ərdoğanın digər xalqları da öz ətrafında cəmləşdirməyə çalışmaq cəhdlərinin nəticələridir”.

Ərdoğan vətənpərvərliyə zərbə vurur”

Q. Hüseynli onu da bildirib ki, nəticələrin Ərdoğanın xeyrinə olmasına baxmayaraq prezident seçkiləri o qədər də asan həyata keçməyəcək.
“Çünki cəmiyyətdə haçalanma, ikitirəlik və qarşıdurma meylləri özünü göstərir. Bəzi kəsimlər Ərdoğanın Konstitusiya dəyişikliyini daha avtoritar rejimə aparacağı qənaətindədirlər.    Son zamanlar Gəzi parkı ilə başlanan hərəkat da hələ ki, tam olaraq yatırılmayıb”.
Politoloqun fikrincə, Ərdoğanın böyük populist keyfiyyətləri əslində Türkiyədə xoş ovqat yaratmır və qarşıdurma elementlərini gücləndirir. O qeyd edib ki, cəmiyyətdə müəyyən qruplar ölkədə azad və ədalətli seçkilər olmayacağını düşünür. “Onlar həm də anlayır ki, medianın böyük bir hissəsi Ərdoğanın nəzarətindədir. Bu da cəmiyyəti ideyaca parçalayır. Bu da Türkiyə toplumundakı əvvəlki vətənpərvərlik duyğularını zəiflədir. Bu gün Türkiyə iqtisadiyyatının inkişafı da AKP ilə bağlı deyil. Bunlar hamısı mərhum eks-prezident Turqut Özalın islahatlarının bəhrələridir”.

“MHP AKP-nin içində əriyib gedir”

Politoloq vurğulayıb ki, Türkiyə cəmiyyəti heç vaxt belə parçalanmış vəziyyətdə olmayıb. Türkiyədə hadisələrin gərgin müstəvidə cərəyan etdiyini vurğulayan siyasi şərhçi MHP-nin ünvanına da ittihamlar səsləndirib.
“Məni bir şey təəssüfləndirir ki, AKP-yə qarşı mübarizədə yalnız CHP-nin fəallığı hiss edilir. Həmişə Türkiyədə mövcud siyasi sistemin hüquqi müdafiəçisi olduğunu bəyan edən MHP isə passivliyi ilə seçilir. MHP AKP sıralarında əriyib yox olub gedir. Bu nöqteyi-nəzərdən cəmiyyətdə dini, teokratik, avtoritar rejimə qarşı mübarizədə də bir durğunluq hiss edilməkdədir. Millətçi kəsimin də bu işdə “rolu” var”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı