Sentyabrın 9-da Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçirilib. Heyətə İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi rəhbərlik edib. O, Bakıda müdafiə naziri Zakir Həsənovla görüşüb və Azərbaycan-İran Birgə Komissiyasının ölkəmizdə keçirilən 3-cü iclasında iştirak edib.
İran generalının Bakıya səfəri Ermənistan və Azərbaycan arasında gərginliyin artdığı bir vaxta təsadüf edib. Görüşlərdə sərhəddəki gərginlik də müzakirə olunub. Sosial şəbəkələrin erməni seqmentində gərginliyin artdığı bir vaxtda İranın Azərbaycan və Ermənistan sərhədlərinə qoşun toplaması barədə görüntülər yayılmışdı. General yerli mətbuata açıqlamasında deyib ki, İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır. O, Bakıdakı Hərbi Qənimətlər Parkını da ziyarət edib.
Maraqlıdır ki, İran generalının Bakıya səfər etdiyi gün Ermənistan Baş naziri Nikol Paşinyan İran İslam Respublikasının prezidenti İbrahim Rəisiyə zəng edib. Telefon danışığı zamanı regiondakı vəziyyətlə bağlı məsələlər ətrafında müzakirə aparılıb. Paşinyan gərginliyin azaldılması üçün Azərbaycan prezidenti ilə təcili danışıqlara hazır olduğunu bildirib. Ermənistan-İran ikitərəfli gündəliyi ilə bağlı məsələlər də müzakirə olunub.
İranın vitse-prezidenti Məhəmməd Cəmşidi telefon danışığının bəzi detallarını açıqlayıb. O qeyd edib ki, Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir. İran rəsmisinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti gərginləşdirir.
İranın generalı Bakıya göndərməsinin pərdəarxası məqamları nələrdir? Ümumiyyətlə, İranın regiondakı gərginliyə münasibəti necədir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İran Paralamentlərarası İşçi Qrupunun üzvü Fazil Mustafa İranın bütövlükdə Azərbaycanla münasibətlərini bir qədər yumşaltmağa çalışdığını bildirib:
"Bu prosesi müşahidə edirik. Ancaq İranın bunu nə dərəcədə səmimiyyətlə davam etdirəcəyini söyləmək çətindir. Çünki birdən-birə Ermənistana dəstək siyasətindən əl çəkmək elə-belə, asan məsələ deyil. Hər halda bu istiqamətdə təşəbbüslərin göstərilməsi, xüsusilə də "3+3" formatının təkrarlanması, yenidən o prosesə qayıtmaqla bağlı ifadələr, ABŞ hərbi qüvvələrinin burada təlim keçməsi ilə bağlı bu ölkənin məsələyə yanaşması İranın öz siyasətinə aid məsələlərdir. Bizi İranın bizimlə normal qonşuluq əlaqələrini davam etdirməsi maraqlandırır. Azərbaycanla hər hansı formada təhdid dili ilə danışmasınlar. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasının da İranın müxtəlif bəhanələrlə əngəlləməsi baş verməsin. Çünki bunun İranla heç bir əlaqəsi yoxdur. Bu birbaşa kommunikasiya xətlərinin açılmasına xidmət edir. Bu baxımdan dəyişən stiuasiya ilə əlaqədar İranın da siyasətinin fərqlənməsi mümkündür. Bunun tam konturları açıq şəkildə görünməsə də, Azərbaycanla müəyyən yumşalmaları müsbət qarşılayırıq".

Politoloq Natiq Miri isə söyləyib ki, İran generalının səfəri bu ölkənin geosiyasi maraqları ilə əlaqədardır:
"Burada İranın təhlükəsizlik məsələsi öndə dayanır. Düşünürəm ki, bu səfərin bir məqsədi iki ölkə arasında gərgin davam edən münasibətlər sistemini nisbətən yumşaltmaq, qarşılıqlı etimadı təmin etmək idisə, digər tərəfdən bəzi məsələlərdən əmin olmaq üçün Azərbaycandan konkret cavablar almaq idi. Əsas məsələlər Azərbaycan-İsrail münasibətləri, İsrailin regionda varlığının hansı formada olması, İrana hansı təhlükələr törədə bilmək ehtimalıydı. Digər yandan əsas məsələlərdən biri də Ermənistan məsələsi idi. Çünki İran da hiss edir ki, Azərbaycan Ordusunda hərəkətlənmə mövcuddur.Ordunun hərəkətlənməsi,sadəcə, Qarabağda antiterror əməliyyatları ilə məhdudlaşmaya bilər. İran bundan narahatdır. Gələcək perspektivdə 2020-ci il 10 noyabr müqaviləsindən irəli gələrək, Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanı yerinə yetirməyən Ermənistanla bağlı daha ciddi hərbi tədbirlər görülə bilər. Dəhlizi Azərbaycan Ordusu Türkiyəylə birtərəfli qaydada açmaq istəyə bilər. İran bunun qəti şəkildə əleyhinədir. Bu rəsmi şəkildə Azərbaycanın diqqətinə əminəm ki, çatdırılıb. Belə fikirlər zaman-zaman İran rəsmiləri səviyyəsində də təkrarlanır. Ona görə də, bu bir nəbz yoxlanışı, müəyyən əminliyin olması üçün Azərbaycan dövlət rəsmilərinin, Ordu rəhbərliyinin məsələdə nə qədər inanıdırcı olub-olmamasını yoxlamaq xarakteri daşıyırdı".

N.Miri iki ölkə arasındakı münasibətələrin yumşalmasının İran hökumətinin davranışından asılı olacağını vurğulayıb:
"İran generalı göndərməklə, iki ölkə arasındakı münasibətlər sistemini yumşaltmağa çalışırdı. Bunun nə qədər mümkün olması İran dövlətinin davranışından asılı olacaq. İran stabil siyasət yürüdən bir ölkə deyil. İranın bütün siyasəti birinci döngəyə qədərdir. Sabah İranın hansı hoqqa ilə çıxış edəcəyi heç kəsə bəlli deyil. Belə bir vəziyyət olarsa, yenidən münasibətlər gərgin vəziyyətdə irəliləməyə davam edəcək".
Politoloq İran Prezidentinin Ermənistana xəbərdarlıqlarını belə şərh edib:
"İran Prezidentinin Paşinayana bəzi xəbərdarlıqları yenə də bu ölkənin regiondakı geosiyasi maraqları ilə əlaqədardır. Çünki qlobal və regional səviyyədə dəyişikliklər ərəfəsi yaşanır. Bölgədə regional olmayan dövlətlərin geosiyasi maraqlarını və iştirakını görürük. Biz regionda ABŞ, Fransa kimi dövlətləri görürük. Paralel olaraq İran da bu regional dəyişikliklər ərəfəsində özünün varlığını mütləq mənada təcəssüm etdirmək istəyir. İran bu kontekstdə geosiyasi, geoiqtisadi maraqları ilə yanaşı təhlükəsizlik maraqlarını da mütləq mənada nəzərə alır. Bu maraqlara təhlükə olan məsələləri qaldırır və həmin ölkənin diqqətinə çatdırır. Paşinyanın da diqqətinə çatdırılan məsələ bu barədədir. ABŞ-ın erməni hərbçiləri ilə Ermənistanda təlim keçirməsi İranı narahat etməyə bilməz. Çünki İran məhdud sayda da olsa, ABŞ əsgərlərinin gələcək perspektivdə İrana gəlməsi üçün qapının açılmasını istəmir. Biz bu siyasəti son iki ildə Avropa Birliyinin (AB) siyasətində də gördük. Əvvəl 5-10 nəfərlə regiona gələn müşahidə missiyası, sonradan 100-lərlə missiyasını buraya göndərdi.Bu missiya sadəcə mülki işlərlə məşğul olmur. Hər kəsə bəllidir ki, onların əksəriyyəti hərbçi və xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Onlar bilavasitə qonşu dövlətlərlə bağlı konkret kəşfiyyat informasiyaları toplayırlar.Bir də bunu ABŞ səviyyəsində düşünün. Gələn əsgərlər 20 sentyabrdan sonra qalıcı da ola bilərlər. Belə potensial da var. Bu, İran və Rusiyanı narahat etməkdədir. Lakin düşünürəm ki, edilən xəbərdarlıqlar əbəsdir. Çünki Nikol Paşinyana Qərb tərəfindən konkret plan və sifarişlər verilib. Nikol Paşinyan da bu plan və sifarişlər əsasında hərəkət edir".