Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl jurnalistlərə açıqlamasında dördtərəfli görüş barədə təklif səsləndirib. O bildirib ki, regionla bağlı vəziyyətin müzakirə olunmasında bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir.
"Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxında izləyəcəyik", - Ərdoğan vurğulayıb.
Paşinyan Ərdoğanın təklifinə cavab verib və deyib ki, bu cür təkliflər və ideyalar var. "Mən onlardan birini xüsusi qeyd etmək istəmirəm. Məsələ burasındadır ki, şərh edəcəyim tək fikir bu deyil", - Paşinyan deyib. Onun sözlərinə görə, görüşlərlə bağlı müxtəlif təkliflər müzakirə olunur.
Türkiyə Prezident administrasiyasındakı mənbə isə "RİA Novosti"yə bildirib ki, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün tarixi və yeri barədə konkret məlumat yoxdur, məsələ hələlik təklif səviyyəsindədir.
Bəs, bu formatda görüş mümkündürmü? Ermənistan bu formatda görüşü təklif etməsə, hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, təklifin qardaş Türkiyənin Prezidenti tərəfindən irəli sürülməsi ona Azərbaycanın müsbət yanaşması üçün bəs edir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifi yeni deyil. Qardaş ölkənin rəhbəri bu məsələ ilə bağlı fikirlərini əvvəl də dilə gətirib. Təbii ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində bütün danışıqlar formatına müsbət yanaşıb. Həm Moskvada, həm Brüsseldə, həm də Praqa və Vaşinqtonda baş tutan görüşləri cənab Prezident İlham Əliyev dəstəkləyib və iştirak edib. Bütün bu görüşlərdən Azərbaycan uğurla ayrılıb. Cənab Prezidentin təklifləri dəyərləndirilib. İndi cənab Rəcəb Tayyib Ərdoğanın bu təklifi Azərbaycan tərəfindən dəyərləndiriləcək. Bu təklifi verən qardaş Türkiyənin Prezidentidir. Onun Prezident İlham Əliyevlə olan şəxsi münasibətləri, dostluğu, ümumiyyətlə, Türkiyənin Azərbaycanla qardaş dövlət olması və həmişə yanımızda olması, 2 dövlət bir millət prinsipi ilə hərəkət etməyimiz sözügedən təklifi pozitiv dəyərləndirməyə sövq edir”.

Deputat danışıqlar masasında Qərbini ikili oynadığını söyləyib:
“Ümumiyyətlə, danışıqlar prosesində Qərbin ikili oyunlarını görürük. Son vaxtlarda ABŞ-nin mövqeyində də natarazlıq görünür. Ermənistan Fransa və digər havadar dövlətləri vasitəsilə sülh müqaviləsinin imzalanmaması istiqamətində addımlar atır. Yəni, bu addımların pozulduğunu görürük. Azərbaycan Prezidenti bildirib ki, ilin sonuna qədər imzalana bilər. Məhz buna görə də, beynəlxalq güclər hər vəchlə Azərbaycana təsir göstərməyə çalışırlar. Qarşılarında gördüklərinin tamamilə əksidir. Azərbaycan Prezidentinin qətiyyəti, uğurlu siyasəti, dünya siyasətini təhlil edə bilməsi, bütün bu məsələlərin preventiv qarşısını alması bu gücləri də narahat edir. Hazırki Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya platformasının yaradılması olduqca pozitiv addım olar. Düşünürük ki, bu format əvvəlki görüşlərlə müqayisədə daha rasional olacaq. Qərbin də, ABŞ-nin də hansı rollara girməsi, Minsk qrupunun 30 il ərzində münaqişəni dondurmağa çalışması, bu gün isə açıq-aydın konkret erməni lobbisinin təsiri altında bəyanatlar verməsi onu deməyə əsas verir ki, Qərb Azərbaycanla Ermənistan arasında münasibətlərin formalaşmasında maraqlı deyil. Həm Türkiyə, həm də Rusiya məsələnin çözülməsi üçün Azərbaycan və Ermənistan arasında obyektiv və düzgün yol tapmaqda daha real addımlar ata bilər. Ermənistan da bunu müsbət dəyərləndirsə, hər hansı müsbət nəticələr əldə etmək olar”.
Politoloq Natiq Miri vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözügedən təklifi vaxtında və yerində atılmış addımdır:
“Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həlli məhz bu cür regional formatdan çıxa bilər. Lakin ortada səmimiyyət və maraqların uzlaşması təmin olunmalıdır. Dövlətlər ədalət naminə vuruşub çarpışmır. Onlar maraqları naminə çalışır. İndiki vəziyyətdə həm Ermənistanın, həm də Rusiyanın seçim imkanları o qədər böyük deyil. Türkiyə Prezidentinin təklifi zamanında və yerində verilib. Digər tərəfdən ABŞ və Brüssel formatlarında açığı səmimi davamiyyət və davranış görmürük. Azərbayana birtərəfli qaydada hədələyici bəyanatların, ittihamların şahidi oluruq. ABŞ senatının son müzakirələrində Dövlət Departmentinin rəhbərinin müavini Yuri Kimin çıxışı Azərbaycana təhdid və barmaq silkələyişi idi. Bu faktın özü də göstərir ki, ABŞ özünün razılaşdırdığı layihəyə bir neçə gündən sonra tamamilə başqa rakursdan yanaşıb. ABŞ-ın bütövlükdə məsələlərə yanaşmasında 180 dərəcə fərq görməkdəyik. Ayrıca ABŞ rəsmisi Yuri kim bəyan edir ki, “Biz Ermənistana təhlükəsizlik çətiri, əməkdaşlıq təklif etməyə hazırıq. Bunu etməliyik”. Bunu senatdakı kriminal erməni maliyyəsi ilə bəslənən korrupsioner senatorlara deyir. Belə olduğu təqdirdə ABŞ-ın regiona və bu münaqişəyə mövqeyi tamamilə dəyişibsə, gələcəkdə Azərbaycanın maraqları gözardı ediləcək. Azərbaycan və Qardaş Türkiyə buna imkan verə bilməz. ABŞ açıq şəkildə Cənubi Qafqaza özünün hərbi, siyasi və iqtisadi ekpansiyasını göstəriri. Bu təcavüz və diqtə etməkdir. Bu birtərəfliliiyi pozaraq, işğalçını haqsız tərəfi müdafiə etməkdir. Belə bir vəziyyət Türkiyə Prezidenti dördtərəfli platforma modelini irəli sürüb. Düşünürəm ki, bu çox yerində və düzgün qərardır”.
Politoloq qeyd edib ki, məsələnin regional dövlətlərin iştirakı ilə həll olunması daha real görünür:
"Proseslər,münaqişə region dövlətlərini maraqlandırdığı üçün onun həlli regional səviyyədə həyata keçirilməlidir. Bu ən doğru yoldur.Əvvəllər Azərbaycan və Türkiyə liderlərinin təklif etdiyi “3+3” formatını İran qəbul etmirdi. Amerika qoşunlarının Ermənistana gəlməsindən sonra isə İran da “3+3” kontekstində regional məsələlərin həllini tələb edir. Bu da o deməkdir ki, bir problem varsa, bunu region dövlətləri içərisində ən ədaləti şəkildə həll etmək daha doğrudur. Bunun üçün imkan var. Ermənistan rəhbərliyi bunu istəyəcəkmi, bu başqa sualdır. Ermənistan özünün havadar dövlətləri olmadan Azərbaycanla başbaşa masada oturmaq istəmir. Qorxur. Ona görə də, Fransanı və ABŞ-ı mütləq yanında görmək istəyir".
Politoloq vurğulayıb ki, Ermənistan sözügedən dördtərəfli formatı qəbul etməyəcəksə, bunu əsaslandırmalıdır:
"Məsələləri tənzimləyəcək sənəd 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatdır. Burada əsas vasitəçi Rusiyadır. Rusiyanın regionda hərbi mövcudluğu var. Türkiyə də hərbi cəhətdən regionda mövcuddur. ABŞ və Avropa birliyi regionda mövcud deyil. Doğrudur, müşahidə missiyası adı altında mülki şəxs statusunda bir neçə yez fransız və alman jandarmeriyasının əməkdaşları Ermənistanda fəaliyyət göstərir. Lakin bunlar mülki missiyanın nümayəndələridir. Hədlərini aşacaq siyasi qərarlar verə bilməzlər. Ermənistanın bu platformadan imtinası üçün ciddi siyasi, hüquqi əsası olmalıdır. Əlbəttə ki, belə bir zəmin yoxdur və olmayacaq. Ermənistan bunu,tamamilə başqa bəhanələrlə sabotaj etməyə çalışarsa, regionda mövcud olan 4 dövlət bu ölkəyə öz təsir mexanizmlərini işə sala bilərlər. Bu həm də Ermənistan üçün divarın bitməsi anlamına gələcək. Ermənistanın sülh imitasiyası ilə məşğul olduğu daha da aydın görünəcək.. Əgər söhbət sülhdən gedirsə, təklif olunan platformada sülh prespektivi daha böyükdür. Qlobal güclərin geosiyasi maraqlarını uzlaşdırmaq mümkün deyil. Ən azından bir-birini qəbul edən Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan kontekstində münaqişəni həll etmək doğru olmazmı?! Məgər,bu, ən doğrusu deyilmi?"
N.Miri söyləyib ki, Türkiyənin bu formatı irəli sürməsi həm də ABŞ-a qarşı demarşdır:
"Əslində, böyük 20-lərin son toplantısında Hindistan,Yaxın Şərq və Avropa Birliyi dəhlizinin yaradılması ilə ABŞ Türkiyəni qlobal ticarət dəhlizində oyundankənar vəziyyətə salmağa çalışır. ABŞ Türkiyəyə təzyiq etmək istəyir. Türkiyənin dördtərəfli formatı təklifi də ABŞ-a qarşı demarşdır. ABŞ-a ən gözəl cavabdır. Dördtərəfli format baş tutarsa, ABŞ avtomatik olaraq oyundankənar vəziyyətə düşəcək. Çünki ABŞ regiondan uzaqdadır. Məhz buna görə də, ABŞ-ın on minlərlə kilometr məsafə qət edib, məsələlərə qarışmasına ehtiyac yoxdur. Sadəcə ədalətli və tərəfsiz yanaşdığı halda, Azərbaycan ABŞ-ın iştirakına razı olmuşdu. Əgər Azərbaycanı ittiham edib, hədələyən ABŞ görürüksə, nə üçün onun prosesdə iştirakına razı olmalıdır? Ona görə də, Ərdoğanın təklifi zamanında atılmış ən doğru addımdır. Ermənistan məsələləri sabotaj edəcəksə, onun sülhü imitasiya etdiyi anlaşılacaq. Bu da artıq Qarabağda antiterror əməliyyatının başlanmasının yolunu açacaq. Azərbaycan Türkiyə və Rusiya birlikdə üçtərəfli bəyanatın 4-cü maddəsini rahatlıqla həyata keçirə bilər. Bu da münaqişənin tənzimlənməsi üçün 95 faiz deməkdir. Sülh müqaviləsi Qarabağdan keçir. Qarabağ problemini həll edərsinizsə, məsələ bitmiş olur. Avtomatik separat rejim ləğv olunur və reinteqrasiya prosesi baş tutur. Avropa Birliyi və ABŞ isə oyundan kənarda qalır. Bundan sonra sülh müqaviləsinin imzalanması Ermənistanın istəyinə bağlıdır. Yalvarıb, xahiş edərsə, Azərbaycan bu şərtlər altında sülhə hazırdır".