Oktyabrın 5-də İspaniyanın cənubunda yerləşən Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək. Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulub. İlham Əliyev və Nikol Paşinyanın görüşü Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, eyni tərkibdə görüş bundan əvvəl iyunun 1-də Moldovanın paytaxtı Kişineuda baş tutub. Ancaq həmin görüşdən sonra vəziyyət dəyişib. Azərbaycan ordusu sentyabrın 19-da Qarabağda lokal antiterror tədbirləri həyata keçirib və separatçılar ağ bayraq qaldırıb.
Antiterror tədbirlərindən sonra baş turan görüşdə hansı məsələlər müzakirə ediləcək? Hansı nəticələr əldə edilə bilər?
Məsələ ilə bağlı Modern.az-a danışam Milli Məclisin deputatı Nəsib Məhəməliyev oktyabrın 5-də keçiriləcək görüşdə müzakirə ediləcək məsələlərin kifayət qədər olduğunu bildirib:
“Paşinyanla görüşdə cənab Prezident Qarabağla, orada yaşayan ermənilərlə bağlı heç bir müzakirə aparmayacaq. Bu, birmənalıdır. Qarabağ Azərbaycanın suveren ərazisidir. Buna görə də, nəinki Ermənistanla, heç bir dövlət və beynəlxalq təşkilatla Qarabağın müzakirəsi aparılmayacaq. Lakin cənab Prezidentlə Ermənistan Baş naziri arasında müzakirə olunası kifayət qədər məsələlər var. İlk növbədə sülh müqaviləsi layihəsi üzrə danışılacaq. Sədrlərin delimitasiya və demarkasiya proseslərinə başlanması ilə bağlı məsələ müzakirə olunacaq. Ermənistan tərəfindən süni şəkildə dayandırılan iş bərpa olunacaq. Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılacaq. Təbii ki, işğal dövründə Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndlərinin istiqamətində müzakirələr aparılacaq. Bundan sonra iqtisadi və digər məsələlər müzakirə olunacaq”.

Deputat Prezident İlham Əliyev və Paşinyan arasında İspaniyada keçiriləcək görüşün daha məhsuldar olacağını düşünür:
“Ancaq burada bir məsələ var. Paşinyanı o zamana qədər hakimiyyətdən getməyə məcbur etməsələr yaxşıdır. Paşinyan itsefa verməsə, yaxud məcburi qaydada hakimiyyətdən kənarlaşdırılmasa, danışıqlar prosesində irəliyə doğru addımlar atıla bilər. Paşinyanın daxildə və xaricdə kifayət qədər əleyhdarları təşkilatlanma işləri aparır.Belə olan halda gərginlik yenidən arta bilər”.
Deputat görüşdə Ermənistanın kompensasiya ödəməsi məsələsinin də müzakirə oluna biləcəyini söyləyib:
“30 illik işğal dövründə Ermənistan Azərbaycanın infrastrukturuna, tarixinə, ekologiyasına, mədəniyyətinə külli miqdarda ziyan vurub. Odur ki, kompensasiya məsələsi də müzakirə oluna bilər”.

Milli Məclisin digər bir deputatı Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycanın qarşıda həll etməli olduğu müxtəlif məsələlər var:
“Azərbaycan son proseslərdə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Deyə bilərik ki, bununla bağlı məsələlərin həllinə nail olduq. Qarşımızda mühüm məsələlərin həlli var. Bu məsələlərdən biri də heç şübhəsiz, Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Sərhədlərin delimitasiyası və demarkasiya prosesi vacib məsələlərdəndir. Bölgəyə sülhün gəlməsi üçün müzakirələrin aparılmasına ciddi ehtiyac var. Çünki biz yarımçıq qalan digər məsələləri həll etməliyik. Əslində, müzakirə olunacaq məsələlər həddindən artıq çoxdur. Bu müzakirələrin aparılması üçün Azərbaycan müsbət addımlar atır. Ermənistanla münasibətlərin tənzimlənməsi üçün belə görüşləri təşkil edirik. Müxtəlif addımları atmalı, tədbirləri görməliyik. Ermənistan təminat verməli və Zəngəzur dəhlizini açmalıdır. Eyni zamanda delimitasiya demarkasiya məsələləri sürətlənməlidir. bölgəyə sülhün gəlməsi üçün vacib addımları mərhələli şəkildə atmalıyıq”.
Deputat Elşad Mirbəşiroğlu isə deyir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri arasında görüşün keçirləcəyinin anonsunu yay aylarında Avropa İttifaqının Prezidenti Şarl Mişel vermişdi:
"Bu görüş Avropa Siyasi Birliyinin 3-cü sammiti çərçivəsində keçiriləcək. Xatırlatmaq yerinə düşər ki, siyasi birliyin birinci toplantısı zamanı keçirilən görüşdə Fransanın Prezidenti də iştirak etmişdi. Ermənistana mülki missiya göndərilməsi ilə bağlı qərar qəbul edildi. Ayrıca olaraq, həmin dönəmin reallığı, bugünkündən fərqlənirdi. Ermənistan və onu dəstəkləyən Fransa, eləcə də digər Avropa dairələri iki ölkə arasında münasibətlərin tənzimlənməsi prosesində Qarabağda yaşayan ermənilərin vəziyyəti ilə bağlı məsələni açıq qoymaq istəyirdilər. Bu, Paşinyanın da hakimiyyətdə qalmasına xidmət edəcək amil rolunda çıxış etməliydi. Lakin Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirərək ərazisindəki erməni silahlı birləşmələrini, tamamilə, təslim olmağa məcbur etdik. Faktiki olaraq, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yayınmaq üçün manevr etmək imkanı yoxdur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidentinin dediyi kimi, lokal xarakterli antiterror tədbirləri iki ölkə arasında sülh imkanlarını daha da reallaşdırmış oldu. Ermənilərin praktiki olaraq manevr etmək imkanı yoxdur. Biz düşməni sülhə məcburetmə siyasətini uğurla tətbiq etməklə həyata keçirməyi bacardıq. Azərbaycanla sülh müqaviləsini imzalamaq məcburiyyətindədir. Prezident İlham Əliyev vaxtı ilə qeyd edirdi ki, sülh müqaviləsi daha çox Ermənitanın özünə lazımdır. Azərbaycan öz torpaqlarına tam nəzarəti ələ keçirdikdən, öz ərazilərində effektiv şəkildə suverenliyini təmin etdikdən sonra Ermənistanla sülh müqaviləsi imzalanmasa da, Azərbaycan öz mövqelərində, inkişafında yoluna davam erdəcək. Ermənistan isə Azərbaycanın təşəbbüsü, mərkəzi təşkilatçılığı ilə Cənubi Qafqaz regionunda həyata keçirilən unikal layihələrdən, nəqliyyat-logistika layihələrindən kənarda qalır. Bu özünə zərbə vurmaqdır. Hesab edirəm ki, Ermənistanın ritorikası dəyişilir. Azərbaycan birinci dəfə 2020-ci ildə, 2023-cü ildə isə ikinci dəfə tamam yeni siyasi konfiqurasiyanı formalaşdırdı. Ermənistan və onun havadarları bu reallıqları nəzərə almalıdırlar".

E.Mirbəşiroğlu Paşinyanın hakimiyyətdən gedib-getməməsinin əhəmiyyətsiz məsələ olduğunu söyləyib:
"Paşinyan, düzdür, Azərbaycanın yaratdığı reallığın təsiri altında nisbətən sülhə meyilli mövqe sərgilədi. Biz unutmamalıyıq ki, Paşinyan öz mövqelərində olduqca sərt transformasiyalar da edirdi. Paşinyan son günlər bildirirdi ki, qondarma rejimin özünümüdafiə ordusu var. Bu da onun digər fikirləri ilə ziddiyət təşkil edirdi. Qarabağı Azərbaycan ərazi kimi tanıyır, digər yandan onu ayrıca bir subyekt kimi dəyərləndirməyə çalışırdı. Ermənistan daxilində fərqli düşünüənlər çoxdur. Paşinyan özünü avtoritar şəkildə apardı. Məhkəmə sistemini əlinə aldı. Ermənistanda insan hüquqlarının qorunmasından söhbət gedə bilməz. Bütün bunlar və Azərbaycanın yeni yaratdığı vəziyyət onun uzun müddət hakimiyyətdə qalmayacağını göstərir. Azərbaycanın malik olduğu mövqelər həlledicidir. Əsas olan da budur. Biz Ermənistan Ordusunun hərəkətini izləyə biləcəyimiz strateji yüksəkliklərə nəzarətimizi təmin etmişik. Bundan sonra Ermənistanın normal ordusunun qurulması uzun illər mümkün olmayacaq. Siyasi və diplomatik baxımdan da Azərbaycan güclüdür. Proseslərlə bu amilər təsir edəcək. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir".