Modern.az

ATƏT nağılı

ATƏT nağılı

Aktual

6 Noyabr 2013, 16:01

ATƏT gəldi getdi, bəyanat verdi. Budəfəki missiyasını da belə başa vurdu. Əslində heç kim onların Amerika kəşf edəcəyini gözləmir. ATƏT həmsədrlərinin missiyası sadəcə vasitəçilikdi, yəni söz aparıb-gətirmək. Amma biz onlara çox önəm veririk, sanki bu dəqiqə ATƏT-n 3 həmsədri gəlib işğal olunmuş torpaqlarımızı alıb qaytaracaq bizə. Həmsədrlər də gəlib deyir ki, gələcəkdə münaqişənin həlli üçün irəliləyiş olacaq və bu yöndə danışıqlarımız səmərəlidir. “Gələcək” sözü elə məfhumdur ki, 20 ildən coxdu bu gələcək bitmir və illərlə də bitməyə bilər.

Beləliklə də biz gələcəyin ətəyindən tutub işğal olunmuş torpaqlarımızı ATƏT-dən olan o 3 kişinin dilindən çıxacağa bağlamışıq.

Mənim torpağım işğal olunanda mən uşaq idim. Bəziləri isə heç dünyaya  gəlməmişdi. İllər ötəcək biz də, işğal vaxtı dünyada olmayan indiki gənclər də o dünyanın insanı olacaq. ATƏT-dəki “dayılar” da dəyişəcək. Amma dəyişməyən sözlər, vədlər, bəyanatlar olacaq.

Hamı bilir ki, həmsədrlər formal iş görür. Onların atdığı addımlar, danışıqlar əhəmiyyətin itirib. Onlar heç vaxt işğalçıya qarşı təzyiq vasitəsi olmayıb. Onlar ikiüzlü siyasət nümayiş etdirir. Həmsədrlərin sadəcə bir məqsədi var. Atəşkəs pozulmasın, müharibə olmasın. Amma atəşkəs məsələsində də o qədər başarılı deyillər. Mən əminliklə deyirəm ki, Minsk qrupu sadəcə görüntü üçün iş görür və maaş alırlar. Arada Azərbaycana və Ermənistana səfər edir, cox yüksək səviyyədə qarşılanır, bir-iki anlamsız bəyanat verir, bu qədər.

Əgər ATƏT doğurdan da münaqişənin həllinə maraqlı olsaydı, o zaman onlara təqdim olunan faktları üzə çıxarar və Ermənistana təqdim edərdi. Ona görə də cəmiyyət artıq bu qurumu ciddiyə almır.  Həmsədrlərin fəaliyyətsizliyi Minsk qrupundan olan ABŞ və Rusiyanın bu məsələyə lazımi diqqət göstərməsidir. Bu iki ölkə Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir. ABŞ və Rusiyanın razılığı olmadan bu münaqişənin həlli mümkün deyil. Ona görə də həmsədrlərin gəlib-getməsini ciddiyə almayıb, bu iki ölkənin münaqişənin həllinə ciddi yanaşmasına nail olmaq lazımdır. Bu isə regionda marağı olan ölkələrin köməyi ilə mümkündür.

Ona görə bir vaxtlarda təklif edildiyi kimi, bu qrupun fəaliyyətsizliyini dayandırmaq, yeni qaydalar düşünmək lazımdı. Yoxsa nə Qarabağ alınacaq, nə də artıq yurd anlayışı. Yurdunun üzünü görməyib, onu böyüklərindən nağıl kimi dinləyən nəsil də tükənəcək. Sonrakı nəsil isə artıq nağıllara da inanmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı