Qeyri-rəsmi rəqəmlərə görə 2023-cü ildə bütün bələdiyyələrdə 36 milyon manat büdcə vəsaiti formalaşıb, lakin 1600-dən çox bələdiyyə üçün bu rəqəm 2005-ci ildəki 50 milyonluq səviyyədən də aşağıdır.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" kitabının təqdimatında söyləyib.
“Bələdiyyələrin sayı 1999-cu ildə 2667 olub, cari ildə isə 2731-dir. Lakin bu qədər çoxsaylı olması səbəbi ilə məhdud əhali, torpaq sahəsi və resursları əhatə etməsi, dolğun büdcə formalaşdıra bilməməsi, yerli problemlərin öhdəsindən gəlməməsi və beynəlxalq təcrübə nəzərə alınaraq, bələdiyyələrin sayının azaldılması haqqında qərar qəbul edildi. Nəticədə, 2009-cu ildə 1716, 2014-cü ildə 1607, 2019-cu ildə isə 1606 bələdiyyə vahidi seçildi. Nəhayət, 2024-cü ildə qəbul edilən qərarla ölkə üzrə son iki il ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla bələdiyyələrin birləşdirilməsi həyata keçirildi”, - deyə Zahid Oruc vurğulayıb.