
Namidə Bingöl
2013-cü ili də belə başa vurduq. Azərbaycanın siyasi mənzərəsi fiaskoya uğramaq təhlükəsindən uzaq oldu. Siyasətdə ox atanların sərrastlığı, buğa kimi döyüşmək istəyənlərin cəsarətsizliyi, at oynatmağa meylli olanların susqunluğu, tülkü kimi hiyləyə əl atanların yarım qalan arzuları yola saldığımız “İlan ili”ndə qaldı. Təbii ki, siyasi düşərgənin alovundan üzüağ çıxanlar da oldu. Bir sözlə, istər dünya, istərsə də Azərbaycanın siyasi arenasında cərəyan edən hadisələrin yekununa “ilin ən yadda qalan siyasətçiləri” prizmasından ötəri nəzər salmaq istəyirəm.
Eldar Namazov “böyüdü”
Öncə, müxalifətin işığına toplaşmaq istəyənlərin sayı artdı. Köhnə simaları yeni imicdə gördük. Belə ki, 2009-cu ildə yaradılan “Ziyalılar Forumu”nun tərkibi rəngarəng idi. Elə proses də sakit məcrada gedirdi. Yeni planlar cızılır, yeni ideyalar ortaya atılırdı. Kimsə “Ziyalılar Forumu”nun “formula yarışları”na ev sahibliyi edəcəyini düşünmürdü. Amma onlar düşünürdü. Yola saldığımız ildə Ziyalılar Forumunun simaları olan Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Eldar Namazov siyasi hadisələrin burulğanında əsas fiqura çevrildilər. Ayrı-ayrılıqda nüfuz qazanan şəxslər bir qədər də “böyüdü”. Məsələn, Eldar Namazov müstəqil fəaliyyət göstərməyə qərar verdi. Niyə də olmasın. Parlamentin seçki ili olmadığından deputat ola bilməzdi. Yaratdığı “El” hərəkatı başıbəlalı quruma çevrildi. Məkan sarıdan qıtlıq yaşayan Eldar Namazov nəhayət, mart ayında “El”hərəkatını rəsmən elan etdi. Bu, hələ başlanğıc idi.
Rüstəm İbrahimbəyovun sonu gəldi
“Ziyalılar Forumu”nun yaşlı simalarından olan kinorejissor Rüstəm İbrahimbəyovdan ən səsli-küylü qurum yaratmaq təşəbbüsü gəldi. Kinorejissorun Milli Şura yaratmaq ideyası gündəmi əməlli-başlı çalxaladı. Siyasi proseslərin içində bərkə-boşa düşməyən biri seçkilərdə səs çoxluğu qazanmaqla prezidentlik sevdasına düşdü. “Özgə atına minən tez düşər” deyiblər. Rüstəm İbrahimbəyov isə heç öz atına belə minə bilməzdi. Yeni bir quruma rəhbərlik edəcəyini bəyan edən İbrahimbəyov proseslərin başında çox məğrur görünürdü. İddialı bəyanatlarla cəmiyyətə mesajlar ötürən İbrahimbəyov prezidentlik kürsüsündə əyləşməyin ən kiçik detallarını unutmuşdu. Doğrusu, kinorejissorun bu hərəkəti siyasi meydanda ən böyük səhv idi. Yoxsa, Rusiya vətəndaşlığından imtina etmək məsələsi işin ucunda qlobal hadisəyə çevrilməzdi. Siyasi meydan əsl buğa döyüşü”nü xatırladırdı. Uzun müzakirələrdən sonra Rüstəm İbrahimbəyovun ideya müəllifi və sədri olduğu Milli Şura adlı qurum mayın 28-də təsis edildi. Seçkinin vaxtı daraldıqca, proseslər hadisələrin axarına tab gətirə bilmirdi. Prosesləri uzaqdan izləmək İbrahimbəyovu məğlubiyyətə bir az da yaxınlaşdırırdı. Haqlı iradlar qarşısında durğunluq nə vaxta qədər davam edə bilərdi?!
MŞ-ya növbəti sədrlik missiyasını kimsə öz üzərinə götürməliydi. Bunun üçün alternativ yollar axtarılırdı. Amma bu da ən yaxşı halda vəziyyətə uyğun yerində seçilən hədəf idi. Əslində, tarixçi Cəmil Həsənli də düşünülmüş ssenarinin “təsadüflər siyahısı”ndan seçilmişdi. Elə Rüstəm İbrahimbəyov kimi. 2013-cü ildə siyasi meydana parlayan ulduz kimi qatılan kinorejissorun 2013-cü ilin sonuna yaxın “siyasi ulduzu” söndü. Cəmil Həsənli isə 2014-cü ildə MŞ sədri kimi iddiasını davam etdirir. Ziyalımıza gələcək fəaliyyətində uğurlar diləyirik.
İsa Qəmbər sıradan biri kimi yadda qaldı
Yola saldığımız 2013-cü ildə bəzi siyasətçilər sadəcə gözləmə mövqeyində qərar tutmağa üstünlük verdilər. Məsələn, Müsavat başqanı İsa Qəmbər kimi. Hadisələrə münasibətdə bir qədər soyuqqanlı yanaşma ortaya qoymaqla işin içindən qalib çıxmaq istəyi də vardı. Unutmayaq ki, şikarını uzaqdan hədəfə alan ovçu, əliboş geri qayıtmağı ağlının ucundan belə, keçirmir. Bəs yaş faktoru necə. Bəlkə, İsa Qəmbər “qocalıb”? O zaman Rüstəm İbrahimbəyovla Cəmil Həsənlinin siyasi meydanda nə işi var idi?! Təbii ki, tapmacanın cavabı bu deyil. Siyasi meydanda, 20 ildir cərəyan edən hadisələrin növbəti təkrarçılığından “yorulmuş vücud” vardı. Qılıncı yerə qoyub geri çəkilməkdən isə söhbət gedə bilməz.
İlham Əliyev yenə qələbə qazandı
2013-cü il Azərbaycan siyasi arenasına məhsuldar il kimi düşdü. Oktyabr ayına nəzərdə tutulan prezident seçkiləri həyata keçirildi. Gərgin mübarizə şəraitində keçən seçkilərdə İlham Əliyev növbəti 5 il üçün Azərbaycan Respublikasının prezidenti seçildi. Ancaq seçkinin nəticələri ilə bağlı beynəlxalq təşkilatların mənfi rəyini də yaddan çıxarmaq lazım deyil.
Ərdoğanın iç üzü 2013-cü ildə üzə çıxdı?!
2013-cü ilin sonuna yaxın Türkiyə dövlətinin daxilində qarışıq olaylar bir-birini əvəz etdi. Öncə, nələrin baş verdiyini düşünmək çətin idi. Lakin gərginlik artdıqca, ortaya yeni suallar çıxırdı. Ölkədə nə baş verir. Rüşvətxorluq və korrupsiyanın miqyası niyə bu qədər genişləndi? Dövlətin bir növ təməlini möhkəmləndirməyə xidmət edən nazirlərin ailəsində böyüyən övladlar rüşvətxorluq və korrupsiya ilə məşğul olmaqla dövlətə və millətə külli miqdarda ziyan vurdular. Görünür, nazir ailəsində böyüyənlər milləti vecə almamaqla yanaşı, millətin hesabına nazir postunda məsuliyyətli bir işə sahiblənən ataları ilə belə hesablaşmır. Bu arada, Türkiyə dövlətinin daxilində qarışıqlığın önünə Ərdoğanın rəhbərlik etməsi AKP hakimiyyətinin sonu da ola bilərdi. Təbii ki, bunun gizli şəkildə aparılması söylənildi. Bu səbəbdən də 2013-cü ildə Ərdoğanın istefası çıxışların ana xəttinə liderlik etdi. 2013-cü ilin sonu Ərdoğan hakimiyyəti üçün hakimiyyətdən getmək qorxusu ilə yadda qalsa da, lakin Ərdoğan hakimiyyətdən gedəsi olmadı.
Bu ili də belə yola saldıq. Dağlıq Qarabağ problemi 2013-cü ildə də dəyişməz olaraq qaldı. Deməyəcəm, gün o gün olsun ki, yeni ilimizi Ağdamda, Şuşada, Kəlbəcərdə, Laçında, Xankəndində, Qubadlıda keçirək. Artıq boş xülyalara qapılmaqdan keçib. Hərəkətə keçmək vaxtıdır. Torpaqların azadlığı uğrunda sıravi vətəndaşın itirəcək ciddi nəyisə yoxdu. Uzaqbaşı bir can borcu var. O da Allaha əmanət.