Modern.az

Mentalitetdən "incilər"

Mentalitetdən "incilər"

Aktual

6 Yanvar 2014, 22:40

Sahib Əsədbəyli

İngilis dilində tam qarşılığı "sürü davranışı və ya düşüncəsi" olaraq gedən mentalitet elmdə daha çox qoyun, at kimi heyvanlara aid edilsə də bəzi, xüsusilə də şərq cəmiyyətlərində bu formalaşmış sistemə tez-tez rast gəlinir. Mentalitet insanların inkişafının qarşısını alan, hətta geriləməyə aparan, onları öz dövrlərinə görə yox, özlərindən qabaq yaşamışların adətləri və şərtləri ilə yaşamağa vadar edən bir məfhumdur. Elmdə bir növ psixoloji xəstəlik kimi də qəbul edilən mentalitetin əslində "sürüdən dala qalma" qorxusu əsasında formalaşdığı müəyyən edilib. Lakin qəribə tərəfi odur ki, bu qorxunu "sürü"nün bütün üzvləri keçirir. Mentalitet ilk canlının yaranmağından bu yana mövcud olmuşdur.

Şərq aləmində özünəməxsus təfəkkür mexanizmi tapan mentalitet qeyrət, namus məfhumunun sinonimi kimi qavranılır. Tamamilə abstrakt olan bu dərketmənin müsbət keyfiyyətlərindən bəhs etmək absurd olardı. Fərdin intellektual inkişafından tutmuş onun bioloji inikasınınadək buxov effekti yaradan mental dəyərlər günümüzdə YAŞAMALI OLDUĞUMUZ cəmiyyətə də təsirsiz ötüşməyib. Əsrlərin süzgəcindən keçərək əsrimizin ilk rübünədək gəlib çatan sürü psixologiyasından əziyyət çəkən cəmiyyətimizdə nə çoxdur mental təfəkkürə meyl edən insan... Qeyrəti yalnız çevrəsindəki qadınların timsalında başa düşən kişilər isə mentalitetimizin əsas "hərəkətverici fiqurlarıdır". Demokratik cəmiyyət arzulayıb onu öz eqosuna görə tənzimləyən şəxslərdən ibarət olan mental cəmiyyətimizdə qeyrətli olmaq həqiqi vətəndaş olmaqdan daha üstündür. Bir qadının qeyrətini çəkməklə,onu hansı yolla olur-olsun hər cəhətdən təmin edib, evdə otuzdurmaqla xarakter nümayiş etdirən kişilər bununla boyunlarına düşən məsuliyyətdən azad olduqlarını düşünürlər. Sanki ətrafda hər şey qaydasındadır. Fikirləşməli heç nə yoxdur...Belə baxanda olduqca asandır, bir qadın vasitəsilə ideal kişi olduğunu düşünmək...

Sürünün önündə məlumdur ki, mütləq başbilən, bir növ tənzimləyici funksiya yerinə yetirən bir fərd olmalıldır. Eləcə də sürü psixologiyasında əhatə dairəsindən asılı olaraq onu müxtəlif dərketmələrdə sırıyan güc sahibləri və onların rituallarına əməl edən əzilmişlər bu qarşılıqlı münasibətin subyektləridir. İdarə və müəssisələrinin rəhbər şəxslərinin hər Qurban bayramı öncəsi bir ətli-qanlı qoyun kəsib işçilərin hərəsinə bir kilo ət verməsi kifayətdir ki, hətta işçilərin öz aralarında olan dedi-qodular belə bir müddət səngisin. Əzazil müdir bir günün içərsinində dönüb olacaq humanizm etalonu...Daha ilboyu edilən "sənin balan mənim balam kimi" ... "sənin arvadın mənim kimi" ... qarğışlar qalacaq bir kənarda. Əvəzində isə sağ olsun filankəs müəllim, çox yaxşı insandır, ürəyiaçıqdır ancaq bir az əsəbidir, yəqin şəkərdəndir deyiləcək. Mentalitet gücə yaltaqlanmağa meyllidir. Mentalitet gücə yaltaqlanmağı asanlıqla əsaslandırmağı bacarır.Bəşəri dəyərlər, humanizm prinsipləri qalır bir kənarda, insanlar öz münasibətlərini ibtidai qaydada tənzimləyirlər. Hərçənd, əsrlər boyu əsarət altında yaşadığımızı nəzərə alsaq, hər kiçik nəvazişin doğurduğu "xumarlanmanı"ı da başa düşmək olar...

Həmçinin mentalitet təhsilə yanaşmada da özünü büruzə verir. Təhsilə kommersiya nöqteyi-nəzərindən yanaşılan cəmiyyətimizdə keçmişdən qəbul edilmiş prestijli ixtisas profilləri mövcuddur ki, bunlar da tibb və hüquq ixtisaslarıdır. Fikir vermisinizsə, bu iki ixtisas profillərində təhsil alan şəxslərin qohum-əqrəbası bir "ami"(ATU) və "yufak" (Hüquq fakultəsi) dedikdə beşi də ağzından tökülür. Mənim kimi sənətşünaslıq və bu kimi qeyri-ənənəvi ixtisaslarda təhsil almaq məcburiyyətində qalan (hər halda uşaqlıqda heç kəs, kim olacaqsan sualına "sənətşünas" deyə cavab vermir) gənclər isə öz gələcək ixtisaslarının mahiyyətini və qazanc perspektivini çevrəsindəkilərə anlatmaq üçün dəridən-qabıqdan çıxmalı olurlar. Aldıqları cavab isə belə olur : "iki yüz manatla neyləyəcəksən". Bu yerdə yadıma qonşumuz Mətanət xalanın ixtisasım haqda maraqlandıqdan sonrakı reaksiyası düşdü : "Sənin ixtisasın heş nədi e heş nə". Bəli,Mətanət xanım və onun potensial həmfikirləri "mənim ixtisasım heç nədir". Hər halda mənim xəstəni səbəbsiz yerə get-gələ salmaq, işə düşənin cibini ölçmək şansım yoxdur...Mentallaşmış tacir psixologiyasını hətta təhsilə daşıyan cəmiyyətə nə deyəsən axı...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı