
Namidə BİNGÖL
İstənilən vəzifəyə rəhbərin seçilməsi mütləqdir. Amma idarəçilik hüququna malik olmaqla yanaşı, etik davranışların kodeksini də müəyyən etmək önəmlidir. Bu barədə bir az sonra daha ətraflı danışacam. İndi isə yola saldığımız həftə ərzində baş verənlərə qısa nəzər salaq.
26 fevral Xocalı soyqırımının 22-ci ildönümü qeyd edildi. Builki ildönüm əvvəlki illərdən fərqliliyi ilə yadda qaldı. Dünyanın demək olar ki, bir çox yerlərində erməni vəhşiliyinin çılpaqlığı ilə nümayişi diqqət çəkdi. Təbii ki, Xocalı soyqırımının dünyada tanıdılması üçün hələ çox işlər görmək lazımdır. Həmçinin, “Ana harayı” abidəsini ziyarət edənlərin də sayı çox idi. Azərbaycanın müxtəlif bölgələrindən Xocalı soyqırımını anmağa gələn hər bir azərbaycanlı, dünya arenasında bu faciənin ədalətli həllini səbirsizliklə gözləyir.
İqtidar, müxalifət düşərgəsində təmsil olunan insanlar da faciə qurbanlarını yad etdilər. Həmişə olmasa da, müxaifətdə adət etdiyimiz qarşıdurmaya Xocalı soyqırımı günündə də rast gəldik. Əsasən, Milli Şurada təmsil olunan Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli və digərlərinin iştirakı ilə düzənlənən dinc yürüşə polisin müdaxiləsi ilə xitam verildi. Səbəb isə “Xətai” metrostansiyasından “Ana harayı” abidəsinə qədər şüarların səslənməsi idi. Belə məqamda əlavə söz deməyə ehtiyac qalmır. Hər halda, müxalifət daxilində bir-birinin hədəfinə “şüarlar” səsləndirənlər, unutmamalıydılar ki, “Ana harayı” abidəsi önündə səslərini başlarına atmağın faydası olmayacaqdı. Axı, vətəni qışqıra-qışqıra sevmirlər.
Adətən,cəmiyyətdə, tez-tez pafoslu çıxışlara şahid olduqda, daxilimizdə qəribə yanaşma tərzi formalaşır. Gəldiyimiz qənaət bu olur ki, gündəmdə qalmaq üçün özünü gözə soxanların sözünün də kəsəri olmur.
Yola saldığımız həftə Milli Məclisin plenar iclasında müzakirələrin gərgin keçməsi ilə yadda qaldı. Təbii ki, yadda qalan xalq artisti Zeynəb Xanlarovanın boğazdan aşağı yox, ürəkdən gələn yanğıyla çıxış etməsi oldu. Allahın dənizini belə, biz kasıb insanlara çox görən harın pullular bizi dənizə, dənizi də bizə həsrət qoyub. Az qalıb ki, əstəğfurulla, dənizin içində tikdikləri imarətlərin önündəki hasarları Allahın evinə qədər uzatsınlar. Ola bilsin ki, pulunu balta kəsməyənlər xalqı saya salmadıqlarından bir gün xalqın onların harınlığına qarşı üsyan qaldıracağını da heçə sayırlar. Elə bu səbəbdən də Zeynəb Xanlarovanın qəzəbli çıxışı, bir-biri ilə hal-əhval tutan, zarafatlaşan, bu başdan o başa söz atan millət vəkillərinə qurbağa gölünü xatırlatdı. Hətta, plenar iclas zamanı ən çox danışan millət vəkillərimiz belə, susdu. Burda deyiblər e. Az danış, amma saz danış. Zeynəb Xanlarovanın təbiri ilə desəm, bu xanım, ildə bir dəfə danışır da.
İndi isə qayıdaq, yola saldığımız həftənin ən önəmli hadisəsinə. Bəlkə də mətbuat işçisi olduğumdan bu xəbəri şişirdirəm. Burda nə var ki. Bir məmur vəzifəsindən azad olunur və yaxud da kimsə sıravi fəhləçilikdən gəlib cəmiyyətin nüfuzlu başçısına çevrilir. Normal düşüncə ilə yanaşsaq, burda qeyri-adi heç nə yoxdu. Sadəcə olaraq, bu paradoksu qarışıq istiqamətlərə yuvarlayanda cəmiyyətin yanaşma tərzi də dəyişir.
Yola saldığımız həftə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun vəzifəsindən və kürsüsündən azad olunması ilə yadda qaldı. Düzü, bu xəbəri çoxdan gözləyənlər olsa da, Tağı Əhmədov heç də belə düşünmürdü. Daha doğrusu, belə sürprizin olacağını proqnozlaşdırmaq heç Tağı müəllimin ağlının ucundan belə keçməmişdi. Əvvəla, 15 il Bakı Metropoliteninə rəhbərlik edən Tağı Əhmədov metrostansiyanın dilini də mükəmməl bilirdi. “Badamlı” zavodunda sıravi fəhləçilikdən birbaşa Bakı Metropoliteninin tunel qurğularında və yol xidmətində tunel fəhləsi kimi fəaliyyət göstərən Tağı Əhmədov işinin mahir bilicisi idi. Buna şübhəmiz də yoxdu. Sadəcə olaraq, poetik ruhlu Tağı müəllim, ruhca, hiscə, qələmcə yaxınlıq əlaqələri olan mətbuat işçilərini heç sevmirdi. Bakı meri Hacıbala Abutalıbov demişkən, bizim Tağı müəllim də jurnalist görəndə tabutda ölü görürdü. Bu kişi heç sevmədi də bizləri. Nə vaxt bir jurnalist yaxınlaşanda Tağı müəllimin əhvalı qarışır və üzü dönürdü. Elə hər şey də bu əhvalın qarşımasından başlayırdı. Onu sual yağışına tutan jurnalisti Tağı müəllim də cavabsız qoymurdu. Bir kəlmə kobud ifadə ilə aləm bir-birinə dəyirdi. Bir şeyi də etiraf edək ki, Tağı Əhmədovun poetik ruhu jurnalistlərə qarşı kobud ifadələrlə zəngin olsa da, həqiqətlər çılpaqlığı ilə ortada idi. Mətbuat işçiləri ilə sonuncu görüşündə jurnalistin “28 may” metrostansiyasının yenidən qurulması ilə bağlı M.Ə.Rəsulzadənin şəklinin götürülməsi sualına Tağı Əhmədovun cavabı da fərqli olmuşdu.
“Mənə kimin şəklini desələr, onun da şəklini asacam. Hətta, sənin şəklini desələr, onu asacam” demişdi.
Tağı Əhmədov jurnalistlərlə kobud rəftar edərkən bir şeyi unudurdu ki, jurnalistin ünvanladığı sual şəxsi maraqlar üzərinə köklənməmişdi. Nə də olsa istənilən məmur üzərinə düşən işi yerinə yetirdiyi kimi, sadə jurnalist də boynuna düşən öhdəliyi yerinə yetirməyə borclu idi. Elə bu borc üzündən Tağı müəllimin kobud rəftarına dözməli olan jurnalsitlər heç də onun işdən azad olunmasını hüznlə qarşılamadılar. Sanki bu günü çoxdan gözləyirlərmiş. Deməli, vəzifə gəldi-gedərdi. Əsas odur ki, vəzifəsindən asılı olmayaraq, xalqın sevgisini qazanmağı bacarmaq lazımdır. Davranışlarda kobudluq nümayiş etdirib bir parça kağıza incə qəlbli yazılar yazmaqla heç də insanların gözündə yüksəlməyə nail olmaq mümkün deyil...