Modern.az

“Bir Elin Manifesti” - Dəyişəcək taleyin gərdişi...

“Bir Elin Manifesti” - Dəyişəcək taleyin gərdişi...

Aktual

25 Sentyabr 2025, 12:55

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

***

"Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki,  gedib öz dədə-baba torpaqlarında yaşasınlar".
Azərbaycan Prezidenti İlham Əliyev

Yenə qulaq bezdirən külək kimi əsməyə başladı arvadı. Başladısa, sakitləşməyi çətindi. Ya gərək Aleksey şimşək kimi çaxıb söyüş, təpik-yumruq yağdırıb, qab-qaşıq sındırıb bu küləyin səsini kəsəydi, ya da yağış yağıb küləyin qarşısını kəsdiyi kimi, Ədilə gözünə dolmuş buludları sıxıb, göz yaşlarını töküb sakitləşəcəkdı. Amma haqlı idi Ədilə. Ona görə Aleksey bu dəfə dəli sel kimi kükrəmədən parça torbasını əlinə alıb evdən çıxdı. 
Arvadının qarğışları, ahu-zarı həyəti başına alımışdı. Ayaqqabılarının üstündə yatmış pişiyi oyadıb, bozarmış köhnə ayaqqabılarını geyindi. Ayaqlarını sürüyə-sürüyə küçəyə çıxdı. Dəmir darvaza arxasınca şaqqıltı ilə bağlanınca hara gedəcəyini düşündü. Yenə həmişəki kimi evdə əsən küləkdən qaçıb pivəxanada içki şüşəsi arxasındamı keçirsin bu gününü? Yox. Bu səhər elə qəmli idi ki, düşündü, içki də onu ovutmayacaq. Sağa-sola boylandı. Görünür, yük maşını təzəcə keçmişdi. Yol toz dumanı içində idi, o da bu dumana qarışıb ayaqları aparan istiqamətə yeridi. Ayaqları onu aparmır, sanki sürüyürdü. Ara-sıra səndəlləyirdi, müvazinətini saxlamaq üçün addımlarını saxlayıb yerində dururdu. İçkidəndimi? Amma iki gündü ağzına araq dəyməmişdi. Düz deyir Ədilə, əssə də, gurlasa da, haqlıydı. İçki artıq damarlarında qan yerinə axırdı, içməsə də, ayaq üstə yellənirdi. Qarşıdan gələn qız-qadının onu görcək üz-gözlərini turşudub, yolun bir tərəfindən digər tərəfinə keçmələrindən anlayırdı ki, insan qoxusunu da itirib, içki qoxuyur. 
Qəsəbənin toz-torpaq, kələ-kötür yolu bitdi. Uzaqdan dəniz görünürdü. Hava günəşli olsa da, dəniz dalğalı, təlatümlü idi. “Bəlkə dəniz sahili sərin ola” düşünüb tikanların arası ilə qumlu sahilə çıxdı. Qum köhnə ayaqqabılarının içinə dolub ağırlaşdırır, onsuz da müvazinətini saxlaya bilməyən vücudunu az qala yıxırdı. Ayaqqabılarını soyunub içinə dolmuş qumu təmizlədi, sonra torbasına qoydu. İsti qum ayaqlarının qıdıqlayırdı. Sahilə yaxınlaşdı. Qumun üstündə oturub ayaqlarını uzatdı. Sahilə doğru qaçan yüngül dalğaların dağıtdığı köpüklərə baxa-baxa fikrə daldı. Fikirləşməyi, xatırlamağı sevməzdi Aleksey. Bəlkə elə ona görə içkidən qopa bilmirdi, içkili olanda özünü unudurdu, indisini, keçmişini, hər şeyi unurdurdu, tək bir şeydən savayı. O zəhirmarı dilinə vurduğu ilk günü unutmurdu. İlk dəfə idi doğmalarından – nənəsindən, anasında ayrılıb uzaqlara düşmüşdü. Əsgər yoldaşlarının nədən içdiyini bilmirdi. Dəbdimi, hərbi xidmətdə adətdimi? Amma o, əsgər yoldaşlarının ələ salmalarından bezib, bir az da marağının qurbanı olub dilinə vurmuşdu arağı ilk dəfə. Sonra isə doğmaları üçün darıxanda, rus zabitlərin kobud rəftarından bezib, ərköyün günlərinin həsrət yanğısını boğmaq istəyəndə əsgərlərə qoşulub içmişdi. Elə o vaxtdan da bu haramın qulu olmuşdu. Amma bu gün unutduqlarını xatırlamaq, düşünmək istədi. Hər səhər onu pivəxanaya çəkən ayaqları bu gün xatırlamaq üçün sahilə gətirmişdi. Yaddaşı sanki səhifələri cırılıb dağılmış, külək uçurmuş kitab kimi idi. Ordan-burdan vərəqlədi, son səhifə açıldı. Səhər yenə əsdi, coşdu Ədilə: “Sənə ərə gəldiyim günə daş düşəydi. Ya da o daş sənin başına düşəydi. Yox olasan səni!    O zəhəri içə-içə ömrümü-günümü zəhər etmisən. Sənin ucbatından gəldik düşdük bura, burda da oğlunun başını yedin. Sənsən hər şeyin günahkarı. Oğlunun qırxı çıxdı-çıxmadı gəlin də getdı atası evində doğmağa...” 
Həqiqətən o idimi günahkar?!
Ədilə, oğlu Arzunun ölümündən sonra hamilə gəlinin atası evinə getməsi ilə heç cür barışa bilmədi. Dünən axşam gəlinin oğul dünyaya gətirməsi xəbərini alandan da yenə qarğış, ah-nalə püskürürdü. Əlbəttə, haqlı idi Ədilə. Şəhərin mərkəzində evləri var idi, içib yıxıla-yıxıla gəlməkdən, binanın girişinə qusmaqdan qohum-qonşu yanında xətir-hörmətləri qalmamışdı. Evdən dava-söyüş də kəsilmirdi. Elə lap əzəldən belə idi. Arzu dünyaya gələndə Ədilə də, hətta özü də elə bildi ki, hər şey dəyişəcək. Amma qurtula bilmədi, qaça bilmədi Aleksey bu zəhərdən, bu bəladan, alın yazısından. Haqlı idi Ədilə, Arzu da gözünü açıb evdə ancaq dava gördü, söyüş eşitdi, içki qoxusu duydu. Onun da qurtuluşu yox idi atası kimi. Bəli, yox idi onlara qurtuluş içkidən, qismətlərinə yazılan mundar lənətdən...
Yaddaş kitabının lap əvvəl səhifələrini açdı. Ağlı kəsəndən adının həmyaşıdlarından fərqləndiyinin fərqinə varmışdı. Yoldaşlarının onun adını ələ salmaları, “rus” çağırmaları bitməyən kabus idi. Bu səbəbdən uşaqlarla dalaşmaqdan, yerə yıxılıb süpürləşməkdən, sir-sifəti göy gəzdiyindən uşaq vaxtı dəcəl, sonra ərköyün, böyüdükcə davakar çağırdılar onu. Məktəbdə yaxşı oxuyurdu, müəllimlərin sevimlisi idi, amma məktəb illəri dava illəri kimi həkk olmuşdu xatirinə. Hər gün dalaşar gələrdi evə...
- Getməyəcəm məktəbə! Oxumayacam!
- Niyə? Yenə kiminlə dalaşmısan? Nənən bilsə, səni danlayacaq. 
- Niyə məni?! Niyə məni ələ salanları danlamır? Niyə mənim adım hamının adı kimi deyil? Mən rusam?! Nənəm rus olub? Babam rus olub? Kim qoyub bu adı mənə?!
Hər dəfə də anası onu bir küncə çəkib güclə sakitləşdirməyə çalışar, ağlayan gözlərini ovucları ilə silə-silə eyni cavabı verərdi:
- Nənən qoyub adını. Sakit ol, nənən gələr eşidər... qanı qaralmasın.
- Niyə?
- Çünki atanın adı olub.
- Atam rus olub?
- Sus! – deyib anası da onu göz yaşları içində tək qoyardı. Niyəsini isə çox sonralar bildi... 
* * *
1930-cu illərdə bütün SSRİ-də həyata keçirilən “elliklə kollektivləşmə” tədbirləri Ermənistanda yaşayan azərbaycanlılara qarşı ən sərt şəkildə tətbiq edilirdi. İlk növbədə azərbaycanlıların var-dövləti əllərindən alınır, özləri isə "qolçomaq" damğası ilə Qazaxıstan çöllərinə və Sibirə sürgün edilirdilər. Xüsusən Türkiyə və İranla sərhəd boyunda yerləşən azərbaycanlı kəndlərinin sakinləri daha çox cəza tədbirlərinə məruz qalırdılar.
Sisyan rayonunun Urud sakini, ali ruhani təhsili görmüş Cəbrayıl Gəncəliyev, Qafanın Kurud kəndindən olan molla Əbdülsalam sadəcə, evlərində ərəb əlifbası ilə yazılmış dini kitablar olduğuna görə həbs edilərək sürgün edilmiş və bir daha qayıtmamışlar... 

* * *
Onların əsli Zəngəzurdan idi... Həmin illərdə seyid Mircəfərin oğlu Miqasım da sakinləri həbs edilən, hədə-qorxu ilə didərgin salınan, işsizliklə, səfalətlə sınan kəndi tərk etmək məcburiyyətində qalır. Amma tam həmin ərəfədə övladı olmayan Mirqasımın arvadı Xatun hamilə qalır. Bu səbəbdən o, Xatunun və ilkinin həyatını təhlükəyə atmamaq, bir az gözləmək qərarına gəlir. İşgəncə dolu günlər başlayır. Kənd hər gecə, sabah bir az daha boşalırdı. Onu da bir neçə dəfə çağırıb sorğu-sual etmişdilər, anlayırdı ki, bir gün gedib heç gəlməyəcəyi sabah olacaq. Hər dəfə rayon mərkəzinə çağırılanda bu son gedişidir düşünüb, Xatunla halallaşırdı. 
Xatunun azad olmasına bir neçə ay qalırdı. Mirqasımın dilindən “Şükür” kəlməsi düşmürdü, Allah bir az da möhlət versə, şikar olmamış ailəsini götürüb buranı tərk edəcəkdi. Bir səhər yenə gəlib apardılar onu. Mirqasım ürəyindən “Allah, mənə möhlət ver” keçirib, “Bismillah” pıçıldayaraq evdən çıxdı. 
Həmişə qapı arxasında gözlədərdilər onu. Bu dəfə dərhal içəri aldılar. Bəstəboy, sarı sifət rəis yenə bığlarının ucunu eşə-eşə eyni sualları verdi, sonra tanımadığı adamların adlarını çəkib, onlarla əlaqəsi olub-olmadığını soruşdu. Araya üzücü sükut çökdü. Rəis qarşısındakı kağıza nələrsə qeyd edib qələmi masanın üstünə atdı. Eynəyini çıxarıb şüşələrini təmizləməyə başladı və söhbəti dəyişdi:
- Arvadın hamilədi. 
Mirqasım qəfil deyilən bu sözə çaşdı. Gözlərini rəisin üzünə zillədi, fikrini tutmaq istədi. Rəis isə ani sükut edib davam etdi:
- Oğlun olsa, hansı adı qoymağı düşünürsən?
Udqunub dilindəki “İnşallah” kəlməsini uddu və çiyinlərini çəkdi.
-    Amma mən artıq bilirəm sənin qoyacağın adı! Mir! Mir! Mir! Hamınızın kökünü
kəsəcəm!
-    Mən izn verə bilmərəm ki, burda seyid-meyit törəyib çoxalsın! Uşağın adını Aleksey
qoyacan!
Mirqasımı elə bilib göyə qaldırıb yerə vurdular. Elə bil paslı bıçağı ürəyinə yox, sümüyünə
dirəyib eşdilər.
-    Özüm nəzarət edəcəm. Oğlun olsa, adı sənəddə Aleksey yazılacaq. Yox, əməl etməsən,
nəinki sənin, hətta sərhədin o üzündəki qohum-qardaşının kökünü kəsərəm! 
... Mirqasım yolu evə necə qayıtdı xatırlamırdı, Xatun üstünə cumunca ayıldı sanki. 
-    Nə oldu, ay Mirqasım, öldüm nigarançılıqdan.
-    Niyə narahat olursan? Sənə narahat olmaq ziyandır. Şükür Allaha! Bu dəfə də möhlət aldıq. Sağ-salamatam. 
-    Amma rəngin qapqaradı. Nə gizlədirsən məndən. Qurban olum, balanın başına and
verirəm, düzünü de. 
-    Heç... 
-    Susma, din, danış! Yoxsa çayın sailində torpağa basdırdığımız Qurandan xəbər tutublar?!
-    Asta danış, ay Xatun. Eşidən olar. Yox, o məsələ deyil. 
-    Bəs nə?, - Xatun pıçıldadı
-    Deyir oğlun olsa, adını Aleksey qoy. Yoxsa kökünüzü kəsərəm. Sübut et ki, sərhədin o tayındakılarla əlaqən yoxdu, şurəvisən.
-    Vay! Allah mənə ölüm ver!
-    Elə demə, ay Xatun.
-    Mənəm günahkar. Bütün bu olanların, yaşadığımız bu cəhənnəmin baiskarı mənəm.
Demədimmi narahat olma mənə görə, gəl gedək buralardan?
-    Sakitləş, Xatun.
-    Yox, necə sakitləşim? Babalarımızdan belə gəlib adımız, qanımız, cəddimiz.
-    Eybi yox, Xatun. Səbrli ol. Az qalıb.
-    Hə, az qalıb. Allah kömək olsun. Övladımız dünyaya gələn kimi baş götürüb gedərik
burdan. Onların nə adı, nə sənədi lazım deyil.
Amma sən saydığını say... Doğuma sayılı günlər qalırdı. Günun birində yenə qapıya dayanıb Mirqasımı apardılar ki, rəis çağırır. Xatun köhnə çuxasını Mirqasıma uzadıb, bircə “Səbrli ol, az qalıb... Canımızı qurtaracayıq” pıçıldaya bildi. 
Yenə içərdəki zülmətdən xəbər verən qara qapının dalında bir müddət gözlədi. Dəqiqələrmi keçdi, saatmı?.. Nəhayət onu içəri çağırdılar. Otaq ağır, qalın məxmər pərdələrin qaranlığında vahiməyə salırdı adamı. Kəskin içki qoxusu baş ağrıdırdı. Rəis yenə “taxt-tacında”, enli qara masa arxasında, qarşısında kağız, qovluq, bığlarını eşirdi. Onu görcək qaşlarının düyünü açıldı. 
-    Gəl otur, – dedi.
-    Mirqasım əyləşdi. Uzun sükut çökdü yenə. Saat tıqqıldayır, sanki başına çəkic
vururdular. Nəhayət rəis başını kağızlardan ayırıb eynəyini çıxardı. Şüşələrini təmizləyə-təmizləyə onu süzməyə başladı və qəfil soruşdu:
-    Arvadın necədi?
İçindən rəisin ağzının üstünə bir yumruq vurub, seyrək bığlarını ağzının qanına bulamaq keçdi. Amma yenə Xatunu, gələcək körpəsini düşündü. Xatunun onu yola salarkən “Səbrli ol” sözünü xatırlayıb hirsini basdı. Dilinin ucuna gələn “Şükür” kəlməsini də udub:
- Yaxşıdı, - dedi.
- Hə, ümid edirəm oğlun olacaq. Bunu elə arzu edirəm ki, - deyə qəşş edib güldü. Sonra su
qrafininə doldurulmuş arağı iri stəkana süzdü. Su içirmiş kimi bir nəfəsə içib, əlinin arxası ilə ağzını sildi:
- Üz-gözünü niyə turşudursan?
- Sizə elə gəldi. 
Həqiqətən içəri girəndə kəskin içki qoxusuna üz-gözünü sezdirmədən qırışdırsa da, rəis içən zaman sifətində daş ifadə ayaqlarının ucuna baxırdı. 
-    Turşutdun, turşutdun. Bu nə məsələdi?! Eşitmişəm, içki-zad içmirsən. Rəhbərin şərəfinə
badə qaldırıb sağlıq deyəndə qoşulmursan. Bəlkə artıq etiraf edəsən?
-    Bunun nə əlaqəsi var. Sadəcə içki içmirəm vəssalam.
-    İçmirsən, demək onlardansan sən də!
-    Nə əlaqəsi var?
-    Səsini kəs! – bağırıb yenə stəkanı doldurdu, - Götür! Ya bu dəqiqə bunu içəcəksən, ya
küçüyünü elə anasının bətnində o dünyaya göndərəcəm. Mənim rayonumda seyid doğulub törəməyəcək. 
“Allahdan başqa qorxduğum yoxdur” deyən Mirqasımın canına düşən qorxu yaş olub gözlərinə doldu. Niyə qorxurdu, nədən qorxurdu? Rəisdən? Yox, əsla... Xatunu itirməkdən? Yoxsa hələ dünyaya gəlməyən körpəsinin bu dəhşətli həyata doğmamasından?
-    İç! Sübut et ki, onlardan deyilsən! 
Mirqasım əsən əlini stəkana uzatdı. Hər ağzına aldığı tikəyə, içdiyi damlaya “Bismillah” deyən dili çaşdı. İçməmiş ürəyi bulandı, arağın iyi gözlərini acışdırdı.
-    İç! Rahat buraxım sizi! İç qurtul bu iztirabdan.
Gözlərini yumub stəkanı başına çəkdi. İçdi, bağrı yandı. Gözlərinə dolan yaş bu yanğını yanaqları aşağı axıtdı. 
-    Hə, bax belə. İndi dur get. Daha səninlə işim yoxdu. Canın qurtardı. 
Qurtardımı? Hələ sümükləri yanacqdı nəslinin...
Mirqasımı bir də “gördüm” deyən olmadı. Baş götürüb getdi, itdi... Yoxluğa qərq oldu. Kimi dedi, vəhşi heyvan çıxıb qabağına parçalayıb yeyib, tikəsi də ələ gəlməyib. Kimi dedi, çaya düşüb, dəli sel aparıb. Belə də dedilər ki, arvad-uşağını qoyub qaçıb o taya keçib. Bəziləri dedilər ki, elə idarədə əl-qoluna qandal vurub, qovluğu ilə birlikdə göndəriblər sürgünə. Hamı dedi, dedi, Xatun isə ümid etdi, bəlkə qayıdar...
Vaxt-vədə yetişdi, Xatunun bir oğlu oldu. “Oğlumun adını Mirqasım qoyacam, yandıracam bu hökuməti” dedi Xatun. Amma qonşu qadınlar başına yığışıb dedilər ki, “Necə deyiblər, elə də qoy adını. Ağlını başına yığ. Balanın həyatı ilə oynama. Yoxsa canını qurtara bilməzsən bunlardan. Mirqasımı itirdikləri kimi sizi də itirərlər. Oğlunun gələcəyini təhlükə altına atma”. Körpənin adı sənədlərdə Aleksey yazıldı. Amma qurtulammadılar... 
Sanki adın inadına qaşı-gözü qapqara idi Alekseyin. Xatun bir il min bir möhnətlə kənddə qalıb Mirqasımın qayıtmasını gözlədi, sonra kəndi tərk edən sonuncu ailəyə qoşulub tək bir bağlama ilə o da köç etdi. Məskunlaşdığı yeni kənddə hər aldığı asudə nəfəsi Mirqasımı düşününcə haram saydı özünə, həyatdan əl çəkmək istədiyi çox günlər oldu, amma balasına görə səbr edən Mirqasımı anıb dözdü, ayaqda qaldı. Xatun təkbaşına böyütdü Alekseyi. Amma kəndin camaatı da əlini çəkmədi onların üstündən, köməyini əsirgəmədi yetimdən. Aleksey yaşa doldu, kəndin çörəyini itirmədi, xeyrinə-şərinə yaradı. Hər kəsin köməyinə çatar, birinin mal-qarasına, o birinin əkin-biçininə, digərinin tikintisinə kömək edərdi. Amma bir tək qüsuru onu gözdən salırdı - içkiyə qurşanmışdı. Xatun heç sezmədi, oğlu harda, nə vaxt başladı bu harama. İçkinin nə olduğunu, içkili adamın necə olduğunu heç görməyən, bilməyən Xatun əvvəl-əvvəl oğlunun bu halına narahat oldu, xəstələnib, ovsunlanıb sandı. Amma gec ayıldı. Ayılandan sonra da çox dedi: “A bala, başına dönüm, içki haramdı. Sənə heç olmaz. Seyid nəvəsi, seyid oğlusan. Babalarının məzarı pirdi, ocaqdı. Xeyir tapmazsan, bala. Özün də yanarsan, səndən sonra gələn yeddi nəslin-kökün də”. Amma bir xeyri olmadı. Bir də ayıldı ki, tut arağı içməkdən artıq “tut Aleksey” çağırırlar oğlunu. Mehriban, saf ürəkli, hamının köməyinə qaçan boylu-buxunlu balası içkiyə görə hörmətsiz olurdu. Evlənmək yaşı da çatırdı. Xatun kimin qapısına gedib qız istəyəcəkdi? Bütün kənd onun yaxşı gənc olduğunu bildiyi kimi, içki düşkünü olduğunu da bilirdi... Yaz təzəcə girmişdi. Xatun da bu fikirlə əlləşib-vuruşurkən, Aleksey qonşu kəndə muzdla işə getmişdi. Bir həftədən sonra özü kimi bir qarabuğdayı qızla qayıtdı. Qapıdan girən kimi Xatunun üstünə qaçıb:
- Sənə gəlin gətirmişəm, - deyə qucaqladı. 
- Bıy, başıma xeyir. Bu kimdi?
- Suğra.
- Suğra kimdi?
- Mənim arvadım, - deyib qəşş edib güldü, - qorxma, ay Xatun. Yetim qızdı, əmisi evində böyüyüb. Əmisinin onu toyla, cehizlə ərə verməyə nə imkanı var, nə də istəyi. 
Xatun bir söz demədi, qızı öpüb evini də, qucağını da ona açdı. Düşündü ki, ailə Alekseyi pis vərdişdən çəkindirər. 
Bir ay keçər-keçməz Aleksey üçün hərbi çağırış vərəqəsi gəldi. Süfrə açdılar, qonaqlıq etdilər, çal-çalğı ilə hərbi xidmətə yola saldılar kəndin cavanlarını, Alekseyi də. Amma tək bir məktub aldılar ondan. Növbəti məktubda Xatuna xəbər verilirdi ki, oğlu içkili olduğu üçün uzandığı yerdə yuxu aparmış, əlindəki siqaretdən yatağı alışmış və yanaraq ölmüşdü. Məktubdan bir həftə sonra seyid balası Alekseyi dəmir tabutda kəndə gətirdilər...
Xatun yetimliklə böyütdüyü bircə balasını, elinin-obasının qoxusunu, Mirqasımın tək yadigarını itirdi. Onu ayaqda saxlayan gəlinin hamilə olması oldu. Alekseyi torpağa tapşırıb, qara geydilər, həmin gündən ana-qız oldular. Vaxt-vədə yetişdi, Mirqasımın ocağına bir oğul nəvəsi gəldi. Xatun körpəni qucağına alıb “can” deyib, ardınca hansı adla oxşayacağına bir az tərəddüd etdi. Amma sonunda, doyunca adını çağıra bilmədiyi oğlunun xatirəsinə Aleksey çağırdı balaca nəvəsini. Həm oğlunun ruhu sevinsin, həm dili oğlunun adını çağırıb şad olsun. 
Xatun da, Suğra da Alekseyi ağızda dil kimi saxladılar. Möhkəm əsən küləklərdən, qışın qarından, payızın yağışından, bəd nəzərdən, pis vərdişdən, haramdan qorudular. Getdiyi yer məktəb, gəldiyi yer ev, gördüyü kitab-dəftər oldu. Hərbi borcunu çəkib, ali məktəbə qəbul olmaq istəyirdi. Xatun artıq nəvəsi üçün arxayın idi. Bütün kənd onun ağlından, mərifətindən danışır, “Mirqasımın ocağının od parçası” deyirdi ona. Çağırış vərəqəsi aldı. Xatun bu dəfə nəvəsi üçün məclis qurdu, hərbi xidmətə yola saldılar. Nəvə Aleksey məktubu məktub dalınca yazırdı, qoymurdu nə doğmaları darıxsın, nə özü. Fəsillər dolandı, möhləti bitdi. Kəndə qayıtdı. Onu qapıda görən Xatuna elə gəldi, sanki Mirqasımı gördü, oğlu Alekseyin isə qoxusunu aldı. Arıq qollarını açıb əlləri yellənə-yellənə nəvəsinin üstünə qaçdı. Ayaqlarının ucunda dartınıb onun hündür boyunu qucaqladı, öpdü, hərbi formasını əlləri ilə sığalladı. “Lap atana oxşayırsan” pıçıldayıb dolan gözlərini boşaltdı. Amma hərbi xidmətdən dönən Aleksey təkcə qarabuğdayı sifəti, qaşı-gözü, topa bığları, boyu-buxunu, qaməti ilə deyil, artıq başqa bir vərdişi ilə də atasının oxşarı olmuşdu... 
Yenə həyətdə süfrə quruldu. Masada sağlıq deyənlərə qoşulub Aleksey də badə qaldıranda Xatunu elə bil ildırım vurdu. Divarın dibində yerə çökdü. “Kimə çəkdi axı bu uşaqlar, niyə belə oldu?” zarıyıb hönkürdü...
Aleksey ali məktəbə qəbul oldu, məcburi şəhərə köçdü. Tələbə yataqxanasında qalırdı. Aleksey getdi, xəbərləri gəlməyə başladı - içdi dava saldı, içdi restoranın şüşələrini qırdı, içdi müəllimi söydü, içdi filankəsi doydü, tutub içəri saldılar üç sutka, beş sutka, içdi, içdi... Bu xəbərləri alan Xatun dəyər-dəyməzə evi satıb dərhal şəhərə köçməyə, Alekseyi yataqxanadan, içki düşkünü dostlarından ayırmağa qərar verdi. Nəvəsini qurtarmalıydı bu lənətdən, Alekseyi orda tək buraxmaq olmazdı. Amma onlar şəhərə gələndə artıq iş işdən keçmişdi. Alekseyi davranışına və davamiyyətinə görə institutdan xaric etmişdilər. Yataqxanadan da çıxartmışdılar, küçələrdə, o dostunun, bu dostunun yanında qalırdı. Xatun gördüyü mənzərədən dəhşətə gəldi. “Bilirdim belə olacağını” deyib köksünü ötürdü. Bir çıxış yolu tapmalı, qurtarmalıydı Mirqasımın ocağını bu haramdan, bu lənətdən. 
Şəhərin mərkəzində iki otaqlı mənzil aldılar. Xahiş-minnət Alekseyi metro tikintisində işə düzəltdilər. Sonra Xatun Suğrayla düşünüb-daşınıb, ölçüb-biçib belə qərar verdilər ki, onu evləndirmək lazımdı. Yaşı keçirdi, əlində işi də vardı, əmək haqqı da. Münasib qız arayıb-sormağa da ehtiyac yox idi. Hər ikisi qonşuluqda yaşayan Ədiləni gözaltı etmişdilər. Alekseyə bu fikri deyəndə etiraz etmədi. O da düşündü ki, evlənsə yaxşı olar. Nənəsinin, anasının başı gəlinə qarışar, nəvə ilə oynayar, onu rahat buraxarlar. 
Elçi getdilər, nişan, toy etdilər, qızı aldılar. Birinci ilk ayları həqiqətən hər şey lap nağıl kimi gözəl və şirin idi. Daha əvvəlki kimi nənəsigil Alekseyi qapının ağzından sürüyüb içəri salmırdılar, amma “dilinə içki vurmurdu” demək də olmazdı. Xatungil “Ay bala, at bu zəhirmarı. Qurtul. Bu gun-sabah ata olacaqsan. Gəlindən də ayıbdı” dedikcə, Aleksey hər gün təkrarlanan bu iradlara öz cavabını təkrarlayırdı ki, “Mən qədərini də bilirəm, özümü idarə etməyi də”. Amma elə olmadı, nə qədəri bildi, nə özünü idarə etməyi... Sonunda bu gün dəniz sahilində oturub kimsəsiz... 
Xatuna nəvəsinin balasını görmək nəsib olmadı. Bir gecə Suğra onun təlaşlı addımlarına ayıldı.
-    Nə olub, nəsə lazımdı? Nə istəyirsən?
-    Yox, a qızım. Elə bil külək əsir. 
-    Yox, əsmir, yelçəkəndi. Bəlkə bağlayım pəncərəni? 
-    Yox. O kətili bura qoy, elə pəncərənin yanında oturacam. Sanki bizim kəndin ot-ələfinin qoxusu gəldi burnuma... qayıdammadım ora. Bəlkə biz kənddən çıxandan sonra Mirqasım qayıtdı, amma məni tapmadı... mütləq qayıdıb, bilirəm... elə hey deyirdi, buralardan getsək də, ay Xatun, nə vaxtsa qayıdacam, Bazarçayın sahilində basdırdığımız Quranı çıxardacam...
-    Kitab qalar orda, ay ana? Heç kəndin, çayın adı qalmayıb, dəyişiblər... “Vorotanmı-xortdanmı” , nəmi qoyublar...
-    Hə, adlarımızı dəyişdilər, silmək, kəsmək istədilər soyumuzu... Evimizi-eşiyimizi, ailəmizi dağıtdılar, ürəkləri soyumadı, o qalanı, qəbirləri də xarabalığa çevirdilər ... Kənddən çıxandan yuxularımda gah dağıdılmış qəbirlərin arası ilə gəzib Mirqasımı axtarıram, gah da çayın sahilində əllərimlə torpağı eşib basdırdığımız Quranı axtarıram... Qayıtmalıyam ora, Quran da orda qaldı, Mirqasım da... – pıçıldadı. Bu pıçıltılar Xatunun son sözləri oldu... ruhu doğma torpaqlara qayıtdı...
Xatundan sonra Suğra da çox qalmadı, anaya bağlı övlad kimi nisgil çəkdi, saraldı, soldu, dünyasını dəyişdi. Bir-birinin ardınca doğmalarını itirən Aleksey tamam evdən soyudu, içki şüşəsi ilə həmsöhbət oldu. Doğmalarının bacara bilmədiyini Ədilə heç bacara bilmədi. Dünyaya gələn ilk və tək övladı da Alekseyi haramdan çəkindirə bilmədi. Oğlu oldu, adını Arzu qoydu Ədilə. Amma Arzu arzusuna çatdırmadı Ədiləni. Yaxşı oğul oldu. Zəhmətkeş idi, anasına çox bağlı idi. Pis vərdişləri yox idi. Amma gözünü açıb evdə anasını gözü yaşlı, atasını içkili, evi spirt qoxulu görmüşdü. Ayda-ildə bir dəfə, toyda-nişanda, ad günlərində xətirə dəyməyib o da badə qaldırardı, amma heç sevməzdi içkini... 
Evlənmək yaşı çatmışdı da, keçirdi də. Nişan-toy etmək, el adəti ilə xonçalı-qızıllı gəlin gətirmək üçün elə imkanları yox idi. İçkinin əlində vaxtından əvvəl qocalmış Aleksey artıq çoxdandı günəmuzd işə də getmirdi. Amma yenə içki tapib içirdi, borca alıb icirdi, minnətə alıb içirdi, yalvarıb alıb içirdi, dilənib alıb içdiyi zəhər qurtumları da var idi. Evin xərcləri ancaq Arzunun gətirdiyi cüzi əmək haqqının hesabına idi. Bu az maaşla evlənmək çətin olacaqdı. Ona görə şəhərin mərkəzindəki evi satıb şəhərətrafı qəsəbədə, dənizə yaxın bir qədər ucuz həyət evi aldılar. Arzunu evləndirdilər. Ailəcanlı idi oğlu... 
İki ay qabaq, yay təzəcə girmişdi, çimərlikdə yoldaşları ilə bir az içki içib dənizə girmiş, batmışdı... 
Üfüqlərdə donub qalan gözlərini qırpdı, gözündən yaş axdı. Ayağa durdu. Üstünün qumunu çırpıb ayaqqabılarını geyindi. Əlində torbası quma bata-çıxa az qala qaçaraq sahildən uzaqlaşdı, sanki o lənətdən, alın yazısından, haramdan uzaqlaşırmış kimi qaçırdı. Tənginəfəs pıçıltılarını isə ancaq özü eşidirdi: “Nəvə mənimdi. Ona sahib çıxacam, adını da mən qoyacam. Mirqasım olacaq adı. Nəhayət qurtulacayıq haram adlardan, mundar lənətdən. Dəyişəcək taleyin gərdişi...”

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!