Araz Aslanlı
Türkiyədə gedən ictimai-siyası, iqtisadi, hərbi, eləcə də mədəni, idman və digər sahələrdəki proseslər dünyanın digər dövlətlərində də maraqla izlənilir. Amma bəzi ölkələrdə bu marağın səviyyəsi çox yüksəkdir. Azərbaycanda isə qeyd olunan proseslər təxminən Türkiyənin özündə olduğu qədər diqqətlə izlənilir.
Azərbaycanda Türkiyəyə olan marağın səbəbləri aydındır. Cəmiyyətimiz siyasətçilərin “bir millət - iki dövlət” şəklində ifadə etdikləri münasibətləri əslində yaşayır. Türkiyədə və Türkiyə ilə əlaqədar baş verən hər şey ortaq kök, dəyərlər, tarix və s. amillərə əsaslanan qardaşlıq hisslərini yüksək səviyyədə yaşayan Azərbaycan insanı üçün maraqlıdır. Bu mənada bəzən Türkiyə daxili siyasətinin mövzusu kimi görünən bir mövzu da Azərbaycandan diqqətlə və həyəcanla izlənilir. Belə mövzulardan biri də son günlərdə, yerli özünüidarə etmə orqanlarına keçirilən təkrar seçkilərdən sonra Ağrı vilayəti ilə bağlı verilən açıqlamalardır.
İyunun 1-də yerli özünüidarə etmə orqanlarına keçirilən təkrar seçkilərdə Ağrı vilayətində qələbə çalan “Barış ve Demokrasi Partisi”nin (BDP - Sülh və Demokratiya Partiyası) namizədi Sırrı Sakık dərhal sensasiya xarakterli açıqlama verib. Sırrı Sakık şəhərdə hərbi pilotlar üçün ucaldılmış abidə kompleksini sökəcəklərini, vilayətdə Kazım Karabekirin adını daşıyan məhəllə, küçə və prospektlərin adının dəyişdiriləcəyini açıqlayıb. O, bu niyyətini “tarixlə üzləşmək” prinsipi ilə əlaqələndirməyə cəhd edib. Kazım Karabekir heç şübhəsiz ki, Türkiyə Cumhuriyyətinin tarixinin ən böyük şəxsiyyətlərindən biridir. Amma Kazım Karabekir sadəcə cumhuriyyət rejiminin dəyəri deyil, bütün Anadolunun və hətta daha geniş bir coğrafi məkanın dəyəridir. O, həm də Azərbaycanın dəyəridir (Azərbaycan Türklərinin yaşadığı ərazilərdəki qətliamların, Naxçıvanın zəbt olunmasıyla bağlı planların qarşısının alınmasında onun rolu aydındır). Kazım Karabekir həm də bu gün Sırrı Sakıkın təmsilçisi olduğunu iddia etdiyi Kürtlərin yaşadığı coğrafi ərazinin dəyəridir (Şərqi Anadolunun işğalının və orada yaşayan Müsəlman əhalinin qatliama məruz qalmalarının, eləcə də yaşadıqları torpaqlardan köçürülmələrinin qarşısının alınmasında Kazım Karabekirin rolu aydındır). Kazım Karabekir bu bölgənin, bu bölgədə yaşayan etnik kökündən asılı olmayaraq böyük əksəriyyətin dəyəridir. Uzunmüddətli müharibələrin iştirakçısı olan tarixdəki heç bir hərbçi mütləq qüsursuz olmayıb və ola da bilməz. Amma nəzərə almaq lazımdır ki, Kazım Karabekir öz silahdaşları ilə birgə, bölgədən kənardan gələnlərin, gəlib bu bölgədə qətliam törədənlərin qarşısında duran güc olub.
20-ci əsrin əvvəllərində dünyada, Yaxın Şərqdə, Anadoluda nə baş verdiyini dərk edənlər Kazım Karabekirin adının silinmə səbəblərini aydın başa düşərlər. Səlib (xaç) yürüşlərindən bu günə qədərkı prosesdə bu torpaqlarla bağlı hansı xarici qüvvənin hansı məqsədlər güddüyünə dair azacıq məlumat sahibi olan bir şəxs Kazım Karabekirin əslində tarixdə hansı rol oynadığını aydın başa düşər.

Türkiyədə son illərdə dəbdə olan keçmişlə üz-üzə gəlmək (“geçmişlə yüzleşmek” ya da “tarihle yüzleşmek”) kampaniyalarının çox vaxt tarixin təhrif edilməsi fonunda aparılması bu kampaniyaların əksəriyyətinin əsl məqsədinə müəyyən dərəcədə aydınlıq gətirir. Bu torpaqları ələ keçirmək niyyətlərini heç vaxt gizlətməyən güclərin yazdığı formada bir tarix anlayışına əsaslanan bu kampaniyaların məsumiyyət donuna bürünməsi reallğı dəyişdirmir. Şübhəsiz tarixi araşdırmaq və səhv bilinənləri düzəltməyə çalışmaq xoş elmi niyyətdir. Amma düşmanca niyyətlərini gizlətməyənlərin planlarının bir parçası olan tarix anlayışını cəmiyyətə qəbul etdirmə səylərinə “tarixlə üzləşmək”, “keçmişlə üzləşmək” ya da “gerçəkliklə üzləşmək” adının verilməsi reallığı gizlətmək üçün kifayət etmir.
Əgər bu gün o torpaqlarda Sırrı Sakık yaşaya və hətta bələdiyyə başqanı seçilə bilirsə bunu həm də o torpaqlar üçün canından keçən şəhidlərə, qəhrəmancasına mübarizə aparan insanlara, eləcə də Kazım Karabekirə borcludur. Onun adını qaldırmağa çalışaraq əslində kimlərin arzusu yerinə yetirilir, bunu anlamaq üçün Kazım Karabekirin həyatına nəzər salmaq kifayət edə bilər. Kazım Karabekir Çanakkale döyüşlərində iştirak etdi. 1918-ci ildə Birinci Qafqaz Ordusunun Komandanı kimi Erzincan və Erzurumu düşman işğalından azad etdi. Daha sonra Qars və Gümrünü də azad etdi. Mustafa Kamal Atatürk liderliyindəki Qurtuluş Savaşına dəstək verdi (sonrakı siyasi həyatında Mustafa Kamal Atatürk ilə müəyyən fikir ayrılıqları da yaşadı) və bu mübarizənin uğurla nəticələnməsində ən əsas rollardan birini oynadı, beləcə Anadolunun düşmən işğalıaltına düşməsinin qarşısını alan əsas komandanlardan biri oldu. 1919-cu ildə Erzurumdakı Şərq Cəbhəsi Komandanı təyin olundu. Qarsdan əlavə, Ardahan və Artvinin də işğaldan azad edilməsində əhəmiyyətli rol oynadı.
Adı tarixə yazılanların adlarını küçələrdən silməyə çalışanlarla ilk dəfə rastlaşmırıq. Sırrı Sakık bu niyyəti ilə elə də öyünməsin. O, ilk olmadığı kimi sonuncu da olmayacaq. Amma Sırrı Sakık kimi öz xətti üzrə nisbətən uğurlu görüntüyə malik olan bir siyasətçinin birinin atmağa çalışdığı bu addım, xüsusən Yaxın Şərqdə baş verənlər fonunda sülh və demokratiya adası kimi görünən Türkiyəyə, eləcə də bu ölkədəki və bölgədəki sülhə və demokratiyaya bir töhfə verməyəcək. Bunu yəqin ki, adı Sülh və Demokratiya Partiyası olan partiyanın nümayəndəsi Sırrı Sakık da gec-tez başa düşəcək...