Serbiya Prezidenti Aleksandar Vuçiç növbəti prezident seçkilərində namizədliyini irəli sürməyəcək, lakin siyasətdə qalmağa davam edəcək.
Modern.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Serbiyanın keçmiş baş nazir müavini Aleksandar Vulin danışıb.
Onun sözlərinə görə, Vuçiç ölkə Konstitusiyasına sadiqdir və üçüncü dəfə prezidentliyə namizəd olmayacaq.
“Prezident Vuçiç konstitusion liderdir və Konstitusiyamıza görə bir şəxs yalnız iki müddət prezident ola bilər. O, heç vaxt Konstitusiyanı pozmur və belə bir addım atmaz”, – deyə Vulin bildirib.
Bununla yanaşı, keçmiş baş nazir müavini vurğulayıb ki, Aleksandar Vuçiç gələcəkdə də ölkənin siyasi həyatında aktiv iştirak edəcək.
“Əminəm ki, prezident Vuçiç Serbiyanın yeni siyasi həyatının bir hissəsi olaraq qalacaq və siyasətlə məşğul olmağa davam edəcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Vuçiç özü də növbədənkənar prezident seçkiləri keçiriləcəyi təqdirdə namizədliyini irəli sürməyəcəyini demişdi.