Modern.az

Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI

Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI

Aktual

Bu gün, 16:48

"Qəbələdə baş verən zəlzələ dərindən olduğuna görə onun silkələnmə əhatəsi geniş ərazini əhatə edib". 

Bunu Modern.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. 

Seysmoloq qeyd edib ki, zəlzələ Bərdə, Göyçay, Mingəçevir, Oğuz, Şəki, Zaqatala, Balakən və digər rayonlarda, hətta Füzulidə də hiss olunub.

"Dərində baş verdiyinə görə bu yaxşı haldır. Əgər zəlzələ səthi, yəni təxminən 8-10 kilometr dərinlikdə baş versəydi, müəyyən fəsadlar törədə bilərdi. 5,1 maqnitudalı zəlzələdən sonra afterşoklar, yəni xırda təkanlar olmalıdır ki, gərginliyin boşalması tam başa çatsın və fon səviyyəsinə düşsün. Əlavə xırda təkanların olması normaldır. Məsələn, Cənubi Xəzərdə baş verən zəlzələdən iki ay keçməsinə baxmayaraq, orada hələ də xırda təkanlar qeydə alınır".

Onun sözlərinə görə, güclü zəlzələ zamanı qırılma və parçalanma prosesi baş verir:

"Daha sonra laylar arasında əlavə parçalanmalar yaranır. Bunu ağac budağında əmələ gələn xırda qırılmalarla müqayisə etmək olar. Həmin hərəkətlər nəticəsində orada da kiçik parçalanmalar baş verir. Parçalanma dedikdə, əslində zəlzələnin baş verdiyi laylarda qırılma prosesləri nəzərdə tutulur. Bu təkanların böyük əksəriyyəti insanlar tərəfindən hiss olunmur".

Baş direktor onu da əlavə edib ki, son iki ay ərzində Cənubi Xəzərdə 700-dən çox təkan qeydə alınıb:

"Onlardan yalnız 3-4-ü yaşayış məntəqələrinə yaxın ərazilərdə hiss olunub. Bir müddət əvvəl Xəzər dənizində hiss olunan zəlzələlərə gəlincə, bu o demək deyil ki, onların Qəbələdə baş verən zəlzələ ilə əlaqəsi var. Bunlar ayrı-ayrı bloklardır. Qəbələdə dərinlik qırılmaları mövcuddur. Həmin blokların həm horizontal, həm də vertikal hərəkət sürətləri bir-birindən fərqlənir. Ona görə də bu zəlzələlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur”, - deyə Q.Yetirmişli qeyd edib.

Məlumat üçün bildirək ki, iyunun 12-də Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Xatırladaq ki, Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ