Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə keçirdiyi görüşdən sonra mətbuata verdiyi bəyanat Azərbaycan-Türkmənistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Deputatın sözlərinə görə, dövlət başçısının bəyanatında əks olunan məqamlar iki ölkə arasında münasibətlərin artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsindən çıxaraq siyasi koordinasiya, nəqliyyat-logistika inteqrasiyası, enerji əməkdaşlığı və regional təhlükəsizlik istiqamətlərində strateji xarakter aldığını nümayiş etdirir.
Azər Kərimli bildirib ki, Prezident İlham Əliyevin Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə təşəkkürü xüsusi əhəmiyyət daşıyır:
"Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü işğaldan azad olunmuş ərazilərin bərpasında Türk dövlətlərinin həmrəyliyinin konkret nümunəsidir. Bu layihə yalnız dini-mədəni abidənin inşası deyil, eyni zamanda Türk dünyasının mənəvi birliyinin və tarixi ədalətin bərpasının simvoludur."
Deputat qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında əlaqələrin əsasını ortaq tarix, dil və mədəniyyət təşkil etsə də, son illərdə münasibətlər institusional müstəviyə keçib:
"Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Bakı-Aşqabad və Arkadağ-Füzuli şəhərlərinin qardaşlaşması, humanitar əlaqələrin genişlənməsi xalqlar arasında münasibətləri daha da möhkəmləndirir. Bu isə siyasi və iqtisadi əməkdaşlıq üçün etibarlı zəmin yaradır."
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında iştirakına Türkmənistanın dəstək verməsi xüsusi geosiyasi əhəmiyyət daşıyır:
"Prezident İlham Əliyevin bunu tarixi hadisə adlandırması təsadüfi deyil. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarixi, mədəni və iqtisadi baxımdan Mərkəzi Asiyanın ayrılmaz hissəsidir. Bu gün Azərbaycan faktiki olaraq Mərkəzi Asiya ilə Avropa arasında əsas körpü rolunu oynayır."

Millət vəkili nəqliyyat-logistika sahəsində əməkdaşlığın da xüsusi önəm daşıdığını vurğulayıb:
"Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan və Türkmənistan bu marşrutun əsas iştirakçıları kimi çıxış edirlər. Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi, liman infrastrukturlarının əlaqələndirilməsi və əlavə yük axınlarının cəlb olunması regionun iqtisadi potensialını artıracaq."
Azər Kərimli enerji sahəsində əməkdaşlığın da münasibətlərin prioritet istiqamətlərindən biri olduğunu bildirib:
"Hər iki ölkə zəngin enerji resurslarına malikdir. Xəzər hövzəsində həyata keçirilən layihələr, enerji infrastrukturunun inkişafı və resursların dünya bazarlarına çıxarılması Azərbaycan-Türkmənistan tərəfdaşlığını daha da gücləndirəcək."
Deputat əlavə edib ki, Bakı ilə Aşqabad arasında münasibətlər təkcə iqtisadi maraqlara deyil, həm də beynəlxalq münasibətlərdə müstəqil qərarvermə və milli maraqların qorunması prinsiplərinə əsaslanır.
Onun fikrincə, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı üçün möhkəm hüquqi baza formalaşdırır.
"Bu gün Azərbaycan-Türkmənistan münasibətləri artıq təkcə ikitərəfli əlaqələr müstəvisində deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası, Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi və Avrasiyanın yeni geosiyasi arxitekturasının formalaşması baxımından strateji əhəmiyyət daşıyır", – deyə deputat vurğulayıb.