Samux rayonunda 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Modern.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon rəhbərliyi, dövlət qurumlarının nümayəndələri və dövlət qulluqçuları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, dövlət qulluğu yüksək məsuliyyət, peşəkarlıq və vətəndaşlara sədaqətlə xidmət prinsiplərinə əsaslanan şərəfli fəaliyyət sahəsidir. Rayon rəhbəri ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirilən islahatların dövlət qulluğunun inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
F.Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir dövlətçilik ənənələri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Onun sözlərinə görə, dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişafında, dövlət siyasətinin həyata keçirilməsində və vətəndaş müraciətlərinin operativ həllində mühüm rol oynayırlar.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov da dövlət qulluqçularının fəaliyyətinin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət qulluqçuları vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm missiya daşıyırlar.
Sonda səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup dövlət qulluqçusuna Samux Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub, xatirə şəkli çəkdirilib.