Bugündən VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.
Modern.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva,
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov,
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə,
eləcə də “Yüksəliş” müsabiqəsinin ötən illərdəki qalibləri iştirak edirlər.
Məlumat üçün bildirək ki, üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə ekspertlər tərəfindən qiymətləndiriləcəklər. Bu səriştələr strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük istiqamətlərini əhatə edir.
Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib. Ekspertlər real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar əsasında iştirakçıların bacarıqlarının qiymətləndirilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə ətraflı məlumatlandırılıblar.
Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı” -“Assessment Conference” metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.
Yarımfinal mərhələsi iyulun 5-də başa çatacaq. Bu mərhələni uğurla tamamlayan iştirakçılar 17-19 iyul tarixlərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.