Modern.az

Metrodakı dəyişikliklə bağlı XƏBƏRDARLIQ: tıxac arta bilər

Metrodakı dəyişikliklə bağlı XƏBƏRDARLIQ: tıxac arta bilər

Aktual

Bu gün, 07:00
Avqustun 15-dən etibarən Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Layihə çərçivəsində "28 May" stansiyasında tətbiq olunacaq məhdudiyyətlər səbəbindən sərnişinlərin bir hissəsinin alternativ nəqliyyat vasitələrinə üz tutacağı gözlənilir. Bu isə xüsusilə pik saatlarda avtobus marşrutlarının yükünü və şəhərin əsas yol şəbəkəsində hərəkətin intensivliyini artıra bilər.

Bakı metropolitenində xətlərin ayrılması layihəsi ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu layihə metronun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və mövcud infrastrukturun daha səmərəli işləməsinə imkan verəcək.

Onun sözlərinə görə, xətlərin ayrılması Bakı Metropolitenində hərəkətin daha sağlam təşkilinə şərait yaradacaq:

“Bakı Metropoliteni üçün xətlərin ayrılması vacib layihədir. Bu, metropolitenin daha sağlam hərəkət etməsinə zəmin yaradacaq. Mövcud infrastrukturun minimum intervalla hərəkəti üçün mövcud olan texniki məhdudiyyətləri aradan qaldıracaq və gələcək inkişafı üçün də müsbət zəmin formalaşdıracaq. Bu, məsələnin bir tərəfidir”.

Ekspert qeyd edib ki, şəhər mobilliyinə yalnız metro prizmasından yanaşmaq düzgün deyil:

“Biz mobilliyə yalnız bir nəqliyyat növü üzrə baxmamalıyıq. Böyük şəhərdə fərqli nəqliyyat seqmentləri var. Burada metrodan əlavə dəmir yolu, son dövlət proqramında nəzərdə tutulan tramvay, avtobus şəbəkəsi və piyada hərəkəti mövcuddur.

Məsələn, "Nizami" və "28 May" stansiyaları arasında məsafə piyada gedilə biləcək qədər yaxındır. Amma məsələ ondadır ki, piyada bunu rahat edə bilirmi? Qarşıya çıxan baryerlər və narahatlıqlar buna mane olur. Buna görə də səkilərin abadlaşdırılması sürətləndirilməli, qısa, zebralı və svetoforlu keçidlərin sayı artırılmalıdır”.

R.Ağamirzəyev hesab edir ki, dəmir yolu şəbəkəsinin genişləndirilməsi də metrodakı sıxlığın azalmasına kömək edə bilər:

“Düşünürəm ki, dəmir yolu üzərindən "Dərnəgül"lə "Koroğlu"nu əlaqələndirən xəttin açılması mövcud metro stansiyalarının yüklənməsinə müsbət təsir göstərəcək. Bu, xüsusilə "28 May", "Koroğlu" və "20 Yanvar" stansiyalarındakı sıxlığı qismən azaldacaq.

Eyni zamanda, Abşeron dairəvi dəmir yolu üzrə dairəvi hərəkəti təmin edəcək. Nümunə olaraq, Xırdalandan gələn sərnişin "Koroğlu", 8-ci kilometr və ya Bakıxanov istiqamətinə getmək istəyirsə, hazırda ya "20 Yanvar", ya da "28 May" üzərindən hərəkət etməlidir. Belə marşrut istifadəyə verilərsə, həmin sərnişin bu stansiyaları keçmədən birbaşa "Koroğlu"ya, oradan isə metro ilə digər istiqamətlərə gedə bilər. Həmçinin marşrutun digər hissəsi ilə Bakıxanova qədər getmək imkanı yaranar”.

O həmçinin vurğulayıb ki, bu məsələyə kompleks mobillik baxımından yanaşılmalıdır:

“Böyük şəhərlərdə sıxlıq və tıxac normal haldır. Əsas məsələ alternativləri inkişaf etdirməkdir. Nəqliyyat növləri arasında rahat inteqrasiya təmin olunmalıdır. İnsan dəmir yolundan metroya, metrodan avtobusa rahat keçə bilməli, bu keçidlərə təhlükəsiz, işıqlı və baryersiz səkilərlə çıxış əldə etməlidir”.

R.Ağamirzəyev qeyd edib ki, vahid ödəniş sisteminin təkmilləşdirilməsi də ictimai nəqliyyatın cəlbediciliyini artıracaq:

“Ödəniş sistemi də rahat olmalıdır. Sərnişin illik bilet paketini daha sərfəli qiymətə ala bilməli, uzaq məsafədən gələnlər isə 90 dəqiqə ərzində əlavə ödəniş etmədən müxtəlif nəqliyyat növləri arasında keçid edə bilməlidirlər. Bu təcrübə dünyanın bir çox şəhərində, eləcə də yaxın qonşu ölkələrdə tətbiq olunur.

Bizdə bununla bağlı qərar qəbul olunub. İndi əsas məsələ həmin qərarın sürətlə icra edilməsidir ki, tikinti dövründə yaranacaq təsirləri minimuma endirmək mümkün olsun”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezident köməkçisindən SƏRT AÇIQLAMA: Buna imkan verməyəcəyik!