Modern.az

Rusiyada seçkidən sonra səfərbərlik olacaq - MEDİA

Rusiyada seçkidən sonra səfərbərlik olacaq - MEDİA

Aktual

Bu gün, 15:00

Rusiyada Ukrayna müharibəsi üçün yeni hərbçilərin cəlb edilməsi getdikcə çətinləşir. Ordudakı canlı qüvvə itkisini kompensasiya etmək üçün yüksək məbləğdə ödənişlər təklif edilsə də, müqavilə imzalamağa könüllü razı olanların sayının azalması hakimiyyəti daha sərt üsullara əl atmağa vadar edir.

Modern.az “Financial Times”a istinadən xəbər verir ki, Rusiyada sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik dalğasının elan oluna biləcəyi ilə bağlı narahatlıq yaranıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, rusiyalılar şəxsi söhbətlərdə və “Telegram” qruplarında seçkilərdən sonrakı dövrü müzakirə etməyə başlayıblar. Bəziləri indidən xaricə aviabiletlərin qiymətlərini yoxlayır, digərləri isə ehtiyat tədbiri kimi səsvermədən əvvəl bir neçə həftəliyə ölkədən getməyi nəzərdən keçirir.2022-ci ilin payızında elan edilən qismən səfərbərlikdən sonra yüz minlərlə kişinin Rusiyanı tərk etməsi bu narahatlığın əsas səbəblərindən biridir.

Moskvadan olan Yaroslav adlı menecer nəşrə deyib:“Onların səfərbərlik elan edib-etməyəcəkləri barədə heç bir təsəvvürüm yoxdur. Amma hamıda belə bir hiss var ki, seçkilərdən sonra nəsə baş verəcək”.

Bununla belə, yeni səfərbərliyin keçiriləcəyi barədə rəsmi qərar yoxdur. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev yeni səfərbərliklə bağlı iddiaları “cəfəngiyat” adlandırıb.

Ayda 30 mindən çox itki

Qərb ölkələrinin hesablamalarına görə, Rusiya ordusunun aylıq itkisi 30 min nəfəri ötür. Müharibə ərzində döyüşlərdə öldürülən Rusiya hərbçilərinin sayının 500 minə yaxın olduğu iddia edilir. Rusiya bu rəqəmləri təsdiqləmir.

Hərbçilərin ordudan qaçmasına kömək edən “Get Lost” təşkilatının rəhbəri Qriqori Sverdlin bildirib ki, Rusiya ordusunun yeni əsgər tapması ildən-ilə çətinləşir. Onun fikrincə, Vladimir Putin yeni səfərbərlik dalğasını mümkün qədər təxirə salmağa çalışdığından Müdafiə Nazirliyi müxtəlif kateqoriyadan olan şəxsləri müqavilə imzalamağa sövq etmək üçün təzyiqi artırır.

Rusiya rəsmilərinin məlumatına görə, 2026-cı ilin ilk yarısında orduya 200 min nəfər cəlb edilib. Lakin yüksək itkilər səbəbindən onların əksəriyyətinin yeni ehtiyat qüvvə yaratmaq əvəzinə cəbhədəki bölmələrin şəxsi heyətinin tamamlanmasına göndərildiyi bildirilir.

Yeni müqavilə imzalayanlara bəzi hallarda 4,5 milyon rubla – təxminən 56 min dollara qədər bonus təklif olunur.

Küçədən və iş yerlərindən hərbi komissarlığa aparırlar

Məqalədə ən diqqətçəkən məqamlardan biri yeni hərbçilərin cəlb edilməsi üsullarıdır. Fəalların iddiasına görə, Rusiyanın Penza şəhərində polis əməkdaşları iş yerlərində reydlər keçirib, bəzi kişiləri isə küçədən saxlayaraq hərbi komissarlıqlara aparıblar. Burada onların hərbi xidmət müqaviləsi imzalamağa məcbur edildiyi iddia olunur.

Oxşar hallar Ulyanovsk və Rostovda da qeydə alınıb. Ulyanovskda bir gözünü itirmiş kişinin belə müqavilə imzalamağa məcbur edildiyi bildirilir.

Yeni əsgər axtarışında konkret sosial qrupların hədəfə alındığı da bildirilir. Belqorod vilayətinin rayonlarından birinə dair hesabatda yerli məmurların hərbi xidmət üçün “uyğun namizədlərin” evlərinə və iş yerlərinə gedərək onlarla söhbətlər apardığı qeyd olunur. Bu şəxslər arasında borcu olanlar, müddətli hərbi xidmətdən yeni qayıdanlar və şərti cəza alan kişilər də var.

Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun Rusiya üzrə eksperti Yanis Kluge bildirib ki, yerli hakimiyyət orqanları hər il tələb olunan sayda əsgər toplamaq üçün böyük təzyiq altındadır.

Onun sözlərinə görə, dövlət strukturlarında kimin borclu olduğu, kimin polis araşdırmasına cəlb edildiyi, hətta kimin sürücülük vəsiqəsini yeni itirdiyi barədə məlumat mövcuddur və belə şəxslər hərbi müqavilə təklifləri üçün hədəfə çevrilə bilir.

2500 nəfərlə danışdılar, 32-sini razı sala bildilər

Xabarovskdan açıqlanan rəqəmlər isə Rusiyada yeni hərbçi tapmağın nə qədər çətinləşdiyini göstərir.

Polisin məlumatına əsasən, ötən il 2500 nəfərlə hərbi xidmətə cəlb olunmaları üçün söhbət aparılıb. Onlardan cəmi 32 nəfər müqavilə imzalamağa razı olub.

Maraqlıdır ki, həmin 32 nəfərin yalnız dördü cinayət araşdırmasının iştirakçısı olmayıb. Başqa sözlə, müqavilə bağlayanların 28-i cinayət işi üzrə şübhəli və ya istintaqa cəlb edilmiş şəxslər olub.

Kreml və Müdafiə Nazirliyinin yerli hakimiyyət orqanları qarşısında 2026-cı il üçün 409 min yeni hərbçinin cəlb edilməsi hədəfi qoyduğu bildirilir.

Rusiyada başqa şəxsi ordu ilə müqavilə bağlamağa razı salanlara da mükafat ödənilir. Bu sistem hətta potensial hərbçilərə telefonla zəng edərək onları müqaviləyə cəlb etməyə çalışan qeyri-rəsmi “işəgötürənlər” şəbəkəsinin yaranmasına səbəb olub.

Qadınlara da çağırış bildirişləri göndərilir

Hərbi qeydiyyat məlumatlarının yoxlanılması adı altında çağırış bildirişləri alanlar arasında qadınların da olduğu bildirilir. Söhbət əsasən orduda istifadə oluna biləcək tibbi və digər ixtisaslara malik qadınlardan gedir.

Nalçikdən olan daşınmaz əmlak agenti İndira bildirib ki, farmakologiya üzrə ali təhsili olduğu üçün may ayında ona və bir neçə keçmiş qadın qrup yoldaşına hərbi bildiriş gəlib.

2026-cı ildən etibarən Rusiyada hərbi komissarlıqlara bu cür çağırışları ilboyu göndərmək səlahiyyəti verilib. Fəallar isə qeydiyyatın dəqiqləşdirilməsi üçün göndərilən bildirişlərin bəzi hallarda insanlara hərbi müqavilə təklif etmək üçün istifadə olunduğunu iddia edirlər.

Fərarilik artır, ən azı 28 min nəfər məhkum edilib

Yeni hərbçilərin tapılmasının çətinləşməsi fonunda ordudan qaçanların sayında da artım qeydə alınır.

“Peace Plea” hüquq müdafiə təşkilatının məlumatına görə, Rusiyada ən azı 28 min nəfər xidmət yerini tərk etdiyinə görə məhkum olunub.

Ukraynanın “Frontelligence Insight” analitik qrupunun əldə etdiyi daxili sənədlərə əsaslanan hesablamasına görə isə real illik göstərici rəsmi rəqəmlərdən ən azı iki dəfə yüksək ola bilər.

Ekspertlər hesab edirlər ki, Rusiya müqaviləli hərbçilərin cəlb edilmə tempini artıra bilməsə və yeni səfərbərlik keçirməsə, zaman keçdikcə cəbhədəki bölmələrin şəxsi heyət çatışmazlığı daha ciddi problemə çevrilə bilər.

Digər tərəfdən, yeni səfərbərlik Kremlin özü üçün də siyasi risk daşıyır. Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə nəşrə bildirib ki, səfərbər olunanlar arasında böyük itkilərin və mümkün kütləvi fərariliyin birlikdə yaratdığı təsir ölkə daxilində hakimiyyət üçün ciddi mənfi nəticələrə səbəb ola bilər.

Sizə yeni x var
Keçid et
Rusiyada gizli səfərbərlik başladı - Yarım milyon adam...