Modern.az

Trampın köməkçiləri güclü diplomatlar deyil - Azərbaycanlı politoloq

Trampın köməkçiləri güclü diplomatlar deyil - Azərbaycanlı politoloq

Aktual

Bu gün, 15:16

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə bir sıra şərtlər irəli sürüb. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və yeni hərbi müşaviri Möhsün Rezai bildirib ki, Tehranın tələbləri vasitəçilər üzərindən Vaşinqtona çatdırılıb. Şərtlər arasında hərbi əməliyyatların dayandırılması, İranın dondurulmuş aktivlərinin azad edilməsi və regionda, o cümlədən Livan və Qəzzada müharibələrə son qoyulması yer alır. Rezainin sözlərinə görə, ABŞ mövqeyini dəyişməsə və İranın şərtlərini qəbul etməsə Hörmüz boğazı açılmayacaq. Tehran həmçinin İran və Oman arasında boğazla bağlı mümkün razılaşmanın su yolunun açılması məsələsinə təsir etməyəcəyini bildirir.

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Modern.az-a açıqlama verib:

"Demək, vəziyyət bölgədə kövrək olaraq qalır. Düzdür, müharibə şəraiti davam edir, amma hər halda getdikcə müharibənin, yəni onun yenidən meydana gəlmə ehtimalı azalır. Burada əsas məqamı şərtləndirən cəhətlərdən biri ondan ibarətdir ki, İran ABŞ-nin, hətta İsrailin köməyi ilə belə, təsirli zərbələrinə məruz qalmadı. Nə qədər ki, indi həmin hərbi rəylərdə, yəni hesabatlarda amerikalılar və israillilər desələr ki, İran çox pis vəziyyətdədir, onu darmadağın etmişik, obyektlərini, kritik obyektlərini sıradan çıxarmışıq və s., amma bu belə deyil. Çünki şərait göstərdi ki, hərbi cəhətdən İran tam hazırlıq vəziyyətindədir.

Təbii ki, burada ABŞ Prezidenti Donald Trampın da çox alovlu, mən deyərdim, dəbdəbəli bir ritorikası var. Ancaq o ritorika ölkəsinin, yəni Körfəzdə nümayiş etdirdiyi hərəkətlərə uyğun deyil. Bir yandan o, İranı qorxudur, pafosla deyir ki, “biz sizi darmadağın edəcəyik, daş dövrünə qaytaracağıq” və s. Digər tərəfdən isə deyir ki, yox, biz yaxşı danışıqlara artıq qatılmışıq, proses gedir və s.

Bilirsiniz, burada informasiya sahəsində ilk növbədə bunu demək lazımdır: İran prosesdə üstündür. Çünki İranın daha çox sözü ilə əməlləri üst-üstə düşür. Trampın isə yox. Digər tərəfdən, ABŞ hərbçiləri, yüksək rütbəli generallar birmənalı şəkildə bildirirlər ki, artıq hərbi komponenti işə salmaq, ondan istifadə etmək heç bir üstünlük vəd etmir. Çünki biz İrana, belə deyək də, qalib gələ bilmirik. Sözün əsl mənasında.

Ona görə də Tramp bir qədər gah parlaq anonslar verir, digər tərəfdən deyir ki, yox, biz yaxşı razılaşmalar əldə etməliyik və s. Beləliklə, özü-özünü də çaşdırır, digərlərini də çaşdırır.

Hesab edirəm ki, bu proseslərdə artıq böyük müharibənin yenidən meydana gəlməsi ehtimalı həddən artıq minimaldır, bəlkə də sıfıra bərabərdir".

Politoloq, Amerika üçün artıq ən vacib məsələnin danışıqlar masası ətrafında qənaətbəxş vəziyyətin yaradılması və şəffaflıq zəminində tərəflərin bir konsensus əldə etməsi olduğunu bildirib:

"Bu prosesdə, asimmetrik müharibədə İran demək olar ki, Amerikanı həqiqətən də məğlub etdi. Təbii ki, burada biz görürük ki, dünya mediasının nəhəngləri var. Bizə bəllidir ki, onları kimlər idarə edir, hansı kapitallar onların arxasında dayanır. Onlar, əlbəttə ki, Amerikanı tərifləyir, Amerikanı ucaldırlar və s. Amma bu belə deyil.

Ona görə də bu proseslərdə müharibəyə alternativ var. O alternativ də ilk növbədə ondan ibarətdir ki, artıq silah arqumenti, güc arqumenti öz yerini diplomatik arqumentlərə versin. Bu baxımdan mən elə başa düşürəm ki, hər iki tərəfin də kifayət qədər potensialı var.

Amma deməzdim ki, məsələn, Stiv Uitkoffla Cared Kuşner güclü diplomatlardır. Düzdür, onların da özünəməxsus rolu var. Ancaq hər halda Pakistan diplomatiyası, Türkiyə diplomatiyası, İranın öz diplomatiyası burada bir qədər daha çox, mən deyərdim, çeviklik və üstün çeviklik göstərirlər.

Hər halda mən deməzdim ki, Uitkoffla Cared Kuşner Ukrayna məsələsində, İran məsələsində hər hansı bir diplomatik qazanc əldə edə biliblər. Odur ki,  Amerika üçün daha vacib məsələ artıq danışıqlar masası ətrafında qənaətbəxş vəziyyətin yaradılması və şəffaflıq zəminində tərəflərin bir konsensus əldə etməsidir".

 

Nicat Rüstəm

Sizə yeni x var
Keçid et
Rusiyada BÖHRAN! Əhaliyə xəbərdarlıq - Maşın sürməyin!