Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması tarixi hadisədir
Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev önəmli bir sənədə imza atdı. Bakı şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalandı.
Xatırladım ki, belə bir fondun yaradılması təklifini elə Azərbaycan Prezidenti özü 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilmiş
Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında irəli sürmüşdü. Bu gün isə həmin təklif real işə dönür.

Sərəncama əsasən, Azərbaycan Nazirlər Kabineti Türk Mədəniyyəti və İrsi Fondunun strukturunu və işçilərinin say həddini bir ay müddətində müəyyən edib Prezidentə təqdim etməli, fondun fəaliyyətinin təşkili ilə bağlı bina, nəqliyyat və maddi-texniki təminat məsələlərini iki ay müddətində yoluna qoymalıdır.
Sərəncamdan o da bəlli olur ki, qurumun ilk prezidenti Azərbaycan təmsilçisi - Günay Elçin qızı Əfəndiyeva olacaq (Yazıçı Elçinin qızıdır – A.C.).
Sual oluna bilər ki, TÜRKSOY varkən, ona bənzər bir qurumun yaradılmasına nə ehtiyac vardı? Amma adından da göründüyü kimi yeni fondun missiyası bir qədər fərqli olacaq. Bu fond nəinki türk dövlətlərində, bütün türk coğrafiyasında mədəni abidələrin, dəyərlərin bərpası və qorunması işinə öz dəstəyini verəcək. Çünki, fondun quruma üzv ölkılər tərəfindən formalaşdırılacaq büdcəsi olacaq.
Bu gün türk ölkələri arasında əlaqələr tarixin heç bir mərhələsində olmadığı qədər möhkəmlənir, inteqrasiya prosesləri güclənir. Tək mədəniyyət sahəsində deyil, hər bir sahədə.
Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi ofisinin Azərbaycanda – Bakı şəhərində yerləşməsi də hardasa tarixi zərurət və ədalətdir. Azərbaycan hər zaman Türk Birliyi ideyasının bayraqdarı, ideya ötürücü mərkəzi olub. Ötən əsrin əvvəlində də belə idi, bu gün də belədir. Böyük türk coğrafiyasının qovşağında yerləşən Azərbaycan Türk Mədəniyyəti və İrsi Fonduna ev sahibliyi etməklə, öz üzərinə düşən tarixi vəzifəni layiqincə yerinə yetirmək iradəsini nümayiş etdirir.
Bu şərəfli missiyada Tanrı ölkəmizə kömək olsun!