Ermənistanın keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın yeni iş yeri məlum olub.
Modern.az xəbər verir ki, o, beynəlxalq konsaltinq şirkəti Policy and Management Consulting Group-da (PMCG) baş məsləhətçi vəzifəsinə təyin olunub.
Şirkətin açıqlamasına görə, Qriqoryan artıq yeni vəzifəsində fəaliyyətə başlayıb. Onun əsas məşğul olduğu məsələlərdən biri TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qiymətləndirmələrdir. Qeyd edək ki, Armen Qriqoryan 2018-2026-cı illərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. O, avqust ayında vəzifəsindən ayrılıb və başqa posta keçmək təklifindən imtina edib.
Policy and Management Consulting Group (PMCG) inkişaf etməkdə olan ölkələr üzrə çalışan beynəlxalq inkişaf konsaltinq şirkətidir. Şirkət idarəetmə, infrastruktur, nəqliyyat, enerji, iqtisadi inkişaf və institusional islahatlar kimi sahələrdə fəaliyyət göstərir. PMCG müxtəlif ölkələrdə hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlıq edir. Şirkətin ABŞ, Gürcüstan, Ukrayna, Ermənistan, Özbəkistan, Polşa və İrlandiyada əlaqəli strukturları var.