Avropa Parlamentinin 1974-cü ildə Kiprdə baş verən hadisələr zamanı cinsi zorakılığa məruz qaldığı bildirilən yunan qadınların xatirəsinə memorialın yaradılmasını maliyyələşdirmək qərarı Türkiyədə etirazla qarşılanıb.
Türkiyə tərəfi təşəbbüsü Türkiyə Silahlı Qüvvələrini hədəf alan birtərəfli siyasi yanaşmanın davamı kimi qiymətləndirib. Bildirilib ki, Kipr münaqişəsinin tarixini yalnız 1974-cü ildən başlatmaq və əvvəlki illərdə adada baş verən qarşıdurmaları diqqətdən kənarda saxlamaq qəbuledilməzdir.
Tərəflər arasındakı etimad mühitini zədələyir
Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından olan deputatı Eylem Ertuğrul bildirib ki, Avropa Parlamentinin qərarı bölgədəki həssas tarazlığı və tarixi mübahisələri yenidən gündəmə gətirib.
Deputat bu cür addımları tərəflər arasında etimad mühitinə zərbə vuran təxribat xarakterli təşəbbüs kimi qiymətləndirib:
“Bu addımın sülh və danışıqlar prosesinin irəliləməsinə mane olmaq, tərəflər arasındakı dialoq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığı təəssüratı yaranır. 1974-cü il hadisələrinin yalnız bir tərəfini önə çıxararaq Kiprin mürəkkəb və ağrılı tarixi kontekstinə göz yummaq adada davamlı sülh axtarışlarına zərər vurur”.
Eylem Ertuğrulun sözlərinə görə, müharibə dövründə hər iki tərəfin üzləşdiyi faciələr balanslı şəkildə araşdırılmalıdır. O hesab edir ki, birtərəfli siyasi qərarlar Türkiyə ilə Avropa İttifaqı arasındakı həssas dialoq mühitini daha da çətinləşdirəcək.
“Belə yanaşmalar əməkdaşlığı təşviq etmək əvəzinə tərəflərin bir-birindən uzaqlaşmasına və qarşılıqlı etirazların güclənməsinə səbəb olur”, – deputat bildirib.
Türkiyənin qarant dövlət statusu görməzdən gəlinir
TBMM üzvü vurğulayıb ki, qərarda 1960-cı il Zəmanət Müqaviləsindən irəli gələn hüquqlar və Türkiyənin qarant dövlət statusu nəzərə alınmır.
“Bir daha qeyd etmək lazımdır ki, Türkiyə Silahlı Qüvvələri adaya işğalçı kimi deyil, qətliamların qarşısını almaq və sülhü bərpa etmək məqsədilə gedib. Türkiyə hərbçisi adada əmin-amanlığın yaradılması üçün fəaliyyət göstərib. Məhz həmin hərbi əməliyyatdan sonra qan tökülməsi dayanıb”, – Eylem Ertuğrul deyib.
Onun fikrincə, Avropa Parlamentinin təşəbbüsü türk ordusunun tarixi nüfuzuna zərbə vurmağa yönələn, hüquqi qüvvəsi olmayan siyasi addımdır.
Türkiyə hərbçisinin mövcudluğu təhlükəsizliyin təminatıdır
Eylem Ertuğrul bildirib ki, Türkiyə hərbçilərinin Şimali Kiprdə 50 ildən artıq davam edən mövcudluğu adada sülh və təhlükəsizliyin əsas təminatlarından biridir:
“Tarixi həqiqətləri birtərəfli yanaşma ilə görməzdən gələn bu ədalətsiz və siyasi qərarın hüquqi qüvvəsi yoxdur. Heç bir əsaslandırması olmayan, etikadan kənar təşəbbüsü qəti şəkildə rədd edirik”.
Deputat Avropa Parlamentinin qərarını Türkiyəyə qarşı beynəlxalq səviyyədə aparılan sistemli kampaniyaların davamı kimi dəyərləndirib:
“Bu qərarı tarixi reallıqları birtərəfli əks etdirməsi baxımından Türkiyəyə qarşı aparılan və qondarma erməni soyqırımı iddiaları kimi əsassız tezislərə söykənən kampaniyaların davamı hesab edirəm”.