Modern.az

8 saatdan çox yatmaq qocalma ilə əlaqəli ola bilər – ARAŞDIRMA

8 saatdan çox yatmaq qocalma ilə əlaqəli ola bilər – ARAŞDIRMA

Aktual

21 Sentyabr 2026, 05:33

Həm az, həm də həddindən artıq uzun müddət yatmaq orqanizmin bioloji yaşlanması ilə əlaqəli ola bilər.

Modern.az xəbər verir ki, alimlər Böyük Britaniyanın “UK Biobank” məlumatlarından istifadə etməklə təxminən 500 min insanın yuxu rejimi və bioloji yaş göstəricilərini araşdırıblar.

Tədqiqatda beyin, ağciyər, qaraciyər, immun sistemi və digər orqan və sistemləri əhatə edən 23 müxtəlif bioloji yaş göstəricisi qiymətləndirilib. Nəticələr yuxu müddəti ilə bioloji yaş arasında “U formalı” əlaqənin olduğunu göstərib: həm çox qısa, həm də uzun yuxu daha yüksək bioloji yaş göstəriciləri ilə əlaqələndirilib. 

23 bioloji yaş göstəricisindən 9-da bu əlaqə statistik baxımdan əhəmiyyətli olub.

Alimlərin hesablamalarına əsasən, ən aşağı bioloji yaş göstəricilərinə uyğun yuxu müddəti qadınlarda təxminən 6,5–7,8 saat, kişilərdə isə 6,4–7,7 saat arasında dəyişib. Tədqiqatçılar sonrakı analizlərdə 6–8 saatlıq yuxunu “normal”, 6 saatdan az yuxunu “qısa”, 8 saatdan çox yuxunu isə “uzun” kimi qruplaşdırıblar. 

Araşdırmada yuxu müddəti iştirakçıların özlərinin verdiyi məlumatlar əsasında müəyyənləşdirilib. Müəlliflər də qeyd edirlər ki, belə məlumatlar yuxunun cihazlarla obyektiv ölçülməsi qədər dəqiq olmaya bilər.

Bundan başqa, nəticələr 8 saatdan çox yatmağın birbaşa olaraq qocalmanı sürətləndirdiyini sübut etmir. Uzun yuxu bəzi hallarda sağlamlıq problemlərinin nəticəsi də ola bilər və müşahidə edilən əlaqənin istiqamətini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var. 

Araşdırma hazırda “medRxiv” elmi platformasında ilkin tədqiqat – preprint kimi dərc olunub və hələ müstəqil elmi ekspertizadan keçməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı