Modern.az

Vətəndaşlar kredit əvəzinə pensiya kapitalından istifadə etsinlər – TƏKLİF

Vətəndaşlar kredit əvəzinə pensiya kapitalından istifadə etsinlər – TƏKLİF

Aktual

Bu gün, 08:37

Azərbaycanda vətəndaşların banklara kredit borclarının artması, xüsusilə istehlak kreditlərinin ödənişində yaranan çətinliklər tez-tez müzakirə olunur. Kredit ödənişinin gecikməsi əlavə faiz və cərimələrin hesablanmasına səbəb olur, nəticədə borcalanların maliyyə yükü daha da ağırlaşır.

İqtisadçı Vahid Əhmədov problemin həlli yollarından biri kimi vətəndaşlara pensiya kapitalının müəyyən hissəsindən vaxtından əvvəl istifadə hüququnun verilməsini təklif edib. O, Modern.az-a açıqlamasında bildirib ki, insanlar toy, müalicə və digər zəruri xərclərini qarşılamaq üçün yüksək faizlə istehlak krediti götürmək məcburiyyətində qalırlar:

“Mərkəzi Bank və banklar hesabatlarını açıqlayanda ən çox diqqət çəkən məsələlərdən biri vətəndaşların kredit borclarıdır. İnsanlar kreditləri vaxtında ödəyə bilmir, əlavə faizlər hesablanır və nəticədə ciddi çətinliklə üzləşirlər. Bu borcların böyük hissəsini istehlak kreditləri təşkil edir. Kimsə övladına toy etmək, kimsə müalicə və ya başqa bir problemini həll etmək üçün kredit götürür”.

Vahid Əhmədov qeyd edib ki, bəzi vətəndaşların fərdi hesablarında 50 min, 60 min, hətta 100-200 min manat pensiya kapitalı toplansa da, onlar pensiya yaşına çatana qədər bu vəsaitdən istifadə edə bilmirlər:

“Bu vəsait vətəndaşın əməkhaqqından tutulub və onun fərdi hesabında toplanıb. Buna baxmayaraq, həmin şəxs öz pulundan istifadə edə bilmədiyi üçün banka üz tutur və yüksək faizlə kredit götürür. Uzun müddətdir müzakirə olunur ki, vətəndaşa pensiya kapitalının müəyyən hissəsindən istifadə etmək imkanı niyə verilməsin? Mən Milli Məclisin deputatı olduğum dövrdə də bu məsələni bir neçə dəfə qaldırmışdım”.

İqtisadçının sözlərinə görə, özəl pensiya fondlarının yaradılması məsələnin həllini asanlaşdıra bilər:

“Həmin vaxt bildirilirdi ki, xüsusi pensiya fondları yaradıldıqdan sonra bu məsələyə baxıla bilər. Təəssüf ki, özəl pensiya fondları ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim edildiyini eşitməmişəm. Belə fondlar fəaliyyət göstərsəydi, vətəndaş istədiyi fondla müqavilə bağlayaraq kapitalından hansı hallarda və nə qədər istifadə edə biləcəyini əvvəlcədən müəyyənləşdirə bilərdi”.

Vahid Əhmədov pensiya kapitalının tam deyil, müəyyən hissəsinin vətəndaşa verilməsini mümkün hesab edir:

“Mən demirəm ki, pensiya kapitalı bütövlükdə vətəndaşa verilsin. Lakin müəyyən şərtlər daxilində kapitalın 30-50 faizindən istifadə imkanı yaradıla bilər. Belə olduqda insan yüksək faizlə kredit götürmək əvəzinə, öz vəsaitindən yararlanar”.

O bildirib ki, məsələ Milli Məclisdə və hökumət səviyyəsində müzakirəyə çıxarıla bilər:

“Yaxşı olardı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni araşdırsın və hökumətə müvafiq təkliflər təqdim etsin. Bunun müsbət həlli insanlar üçün böyük əhəmiyyət daşıyır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar