Son vaxtlar ailə cütlüklərinin boşanmasını xanımlar tərəfdən xüsusi təmtəraqla, tort, canlı musiqi, xüsusi geyim və çəkilişlə az qala toy mərasimi kimi qeyd edilməsi kimi qəribə adət formalaşır. Milli mentalitetə yad olan bu şəkildə yanaşma sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qəribədir ki, bəzi insanlar bunu uğursuz və əzablı nikahdan qurtuluşun ifadəsi sayırlar. Digərləri isə boşanmanın nümayişkaranə şəkildə bayrama çevrilməsinin ailə institutuna və gənclərin nikaha münasibətinə mənfi təsir göstərdiyini düşünürlər.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a açıqlamasında belə hallarla şəxsən rastlaşmadığını bildirib. Onun sözlərinə görə, boşanmanın qeyd edilməsinə hər bir ailədə yaşanan hadisələrin səbəbləri nəzərə alınmaqla yanaşılmalıdır:
“Əgər belə bir təzahür varsa, bu, yaxşı hal deyil. Ancaq elə insanlar var ki, boşanma onlar üçün zülmdən, işgəncədən və əzabdan qurtuluş deməkdir. Burada söhbət maddi problemlərdən deyil, narkomaniya, alkoqolizm və digər ağır hallardan gedə bilər. Belə nikahdan xilas olan insan bunu normal həyata yeni başlanğıc kimi qiymətləndirə və buna sevinə bilər”.
Deputat bununla belə, ailənin dağılmasının şənliyə çevrilməsini anlaşılan hesab etmədiyini vurğulayıb:
“Ümumilikdə boşanma bir ailənin dağılması deməkdir. Buna sevinmək və hadisəni şənliyə çevirmək açıq şəkildə anlaşılan deyil. Hər bir hadisənin motivinə baxmaq lazımdır. Əgər insan işgəncədən qurtulubsa, sevinmək haqqı var və bunu müxtəlif şəkildə ifadə edə bilər. Ancaq biz cəmiyyət olaraq bəzən nəyə güldüyümüzün, nəyə ağladığımızın fərqində olmalıyıq”.
Fazil Mustafa qeyd edib ki, insanların şəxsi həyatına və hisslərini ifadə etmə üsuluna müdaxilə etmək mümkün deyil:
“Hər kəs fərdi həyatını öz istəklərinə uyğun qurur. İnsanların sevinc və ya kədəri necə yaşamasına çox qarışa bilmərik. Bununla belə, boşanmanın şənliyə çevrilməsi düşündürücü məsələdir”.

Deputat Razi Nurullayev isə boşanmanın toy mərasiminə bənzər formada qeyd edilməsini düzgün hesab etmədiyini deyib:
“Boşanmanın musiqi, tort, xüsusi çəkiliş və bayram ab-havasında təqdim edilməsini qınayıram. Boşanma insanın şəxsi həyatına aid məsələdir və heç kim buna görə damğalanmamalıdır. Ancaq şəxsi seçimin sosial şəbəkədə nümayiş etdirilərək az qala uğur modeli kimi təqdim olunması artıq başqa məsələdir”.
Deputatın sözlərinə görə, boşanmanın təbliğ və təqlid edilən davranış formasına çevrilməsi xüsusilə gənclərin ailəyə münasibətinə mənfi təsir göstərə bilər:
“Ailə sadəcə iki insanın birlikdə yaşaması deyil. Ailə həm də məsuliyyət, qarşılıqlı hörmət və öhdəlik deməkdir. Şəxsi azadlıqla ictimai məsuliyyət arasında müəyyən sərhəd qorunmalıdır. Hər boşanmanın arxasında fərqli səbəblər dayandığı üçün cəmiyyət insanları seçimlərinə görə mühakimə etməməlidir. Əsas məsələ boşanmış şəxsi qınamaq deyil, sağlam ailə münasibətlərinin formalaşmasına və ailələrin dağılmasının qarşısının alınmasına şərait yaratmaqdır”.
Razi Nurullayev bildirib ki, ehtiyac yaranarsa, məsələ Milli Məclisin aidiyyəti komitəsində müzakirə oluna bilər.

Sosioloq Mail Yaqubov boşanma mərasimlərinin yayılmasının əsas səbəbini sosial şəbəkələrdə diqqət çəkmək istəyində görür:
“İnsan keçmiş həyat yoldaşının əzabından və yaratdığı problemlərdən qurtulduğu üçün sevinə bilər. Ancaq bunu nümayişkaranə və publik şəkildə ifadə etmək düzgün deyil. Məncə, əsas səbəb uğursuz nikahdan xilas olmaq hissi deyil, müəyyən hadisədən şou yaradaraq sosial şəbəkədə diqqət çəkmək istəyidir”.
Onun fikrincə, sosial şəbəkələrdə daha çox baxış toplamaq həvəsi insanların şəxsi həyatlarını nümayiş etdirməsinə səbəb olur:
“İnsanlar diqqət çəkmək və daha çox baxış toplamaq üçün ən şəxsi hadisələri belə şouya çevirirlər. Bu cür boşanma mərasimlərinin kökündə də əsasən həmin istək dayanır”.
Sosioloq belə tendensiyanın ailə institutuna zərər vurduğunu düşünür:
“Boşanmanın bayram kimi təqdim edilməsi ailə institutunun mahiyyətini yüngülləşdirir və nikahı istehza obyektinə çevirir. Gənclərə və subay insanlara belə bir mesaj ötürülür ki, ailə həyatı pisdir və nikahdan çıxmaq böyük bir qurtuluşdur. Bu isə ailə dəyərlərinin zəifləməsinə gətirib çıxara bilər”.
Beləliklə, boşanmış insanın ictimai qınağa məruz qalmaması vacib sayılsa da, onun sosial şəbəkələrdə şou və uğur modeli kimi təqdim edilməsi ailə dəyərləri baxımından mübahisəli qarşılanır.
Lamiyə Cənnətzadə