Modern.az

Xəzəri çirkləndirən 3 qəsəbə

Xəzəri çirkləndirən 3 qəsəbə

Aktual

22 Sentyabr 2026, 17:21

Xəzər dənizinin ekoloji vəziyyəti, xüsusilə Azərbaycan sahillərində müşahidə olunan çirklənmə halları son dövrlərdə diqqət çəkən məsələlərdəndir. Dənizə müxtəlif mənbələrdən çirkab suların və digər tullantıların daxil olması ilə bağlı hallar ekosistem üçün risk yaradır.

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Modern.az-a açıqlama verib:

“Qanunvericilikdə, o cümlədən İnzibati Xətalar Məcəlləsində dənizə çirkab suların axıdılması ilə bağlı cərimələr nəzərdə tutulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinqləri nəticəsində son bir il ərzində bu istiqamətdə ümumilikdə 500 min manatadək cərimə tətbiq olunan obyektlər olub. Cərimələnənlər arasında həm fiziki, həm də hüquqi şəxslər, eləcə də çirkab suları maşınlarla dənizə boşaldan şəxslər var”.

S.Həsənov bildirib ki, Xəzər sahilinin çirkləndirilməsi ilə bağlı cərimələr müxtəlif ərazilərdə, o cümlədən Nabran, Lənkəran və Kür çayı ətrafında tətbiq olunur. Bununla yanaşı, Xəzərin çirklənməsinin qarşısının alınması yalnız Ekologiya Nazirliyinin deyil, vətəndaşların və sahilyanı obyektlərin də məsuliyyətidir. Bu obyektlər təmizləyici qurğular quraşdırmalı və tullantı suların dənizə axıdılmasına yol verməməlidirlər.

Onun sözlərinə görə, son 2-3 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə apardığı monitorinqlərin müəyyən təsiri var və çirkab suların dənizə axıdılmasının azalması Xəzərin ekoloji vəziyyəti üçün əhəmiyyətlidir. Lakin sənaye sularının tullantısı hələ də davam edir. Xüsusilə Hövsan, Türkan və Sahil qəsəbəsi ətrafında bəzi sənaye obyektləri, restoran və hotellərin fəaliyyəti nəticəsində dənizin çirklənməsi müşahidə olunur.

“Çirkab suların tərkibindəki azot, kimyəvi elementlər və ağır metalların dənizin dibində toplanması, Xəzərin geri çəkilməsi ilə bəzi ərazilərdə üzə çıxaraq pis qoxu və digər ekoloji problemlər yaratması mümkündür. Buna görə də qaydaların daha da sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi vacibdir. Xəzər Azərbaycanın mühüm təbii sərvətidir və onun qorunması həm bioresursların, həm də turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır”, - ekoloq bildirib.

Nicat Rüstəm

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı