Xəzər dənizində su səviyyəsinin dəyişməsi və ekoloji problemlər son həftələrdə yenidən diqqət mərkəzinə gəlib. Bakı İqlim Fəaliyyəti Həftəsində də Xəzərin gələcəyi və Xəzəryanı ölkələrin birgə fəaliyyətinin vacibliyi müzakirə olunub.
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Modern.az-a açıqlama verib:
“Xəzər dənizi qapalı göldür və qapalı göllərdə su səviyyəsinin dəyişməsi axarlı göllərə və açıq okeana nisbətən daha çox baş verir. Son onilliklərdə Xəzərə gələn su kəskin şəkildə azalıb. İqlim dəyişmələrinin təsiri ilə Xəzərin səthindən buxarlanma da artıb. Həm gələn suyun azalması, həm də buxarlanmanın artması Xəzərdə suyun ümumi azalmasına və səviyyənin kəskin aşağı düşməsinə səbəb olur”.
Onun sözlərinə görə, gələcəkdə vəziyyəti düzgün proqnozlaşdırmaq üçün Xəzərə tökülən çayların suyundan istifadə məsələləri ciddi araşdırılmalıdır. Xüsusilə Volqa, Kür və Ural hövzələrində aparılan su təsərrüfatı planları öyrənilməlidir.
Rövşən Abbasov bildirib ki, Volqanın Xəzərə gətirdiyi suyun gələcəkdə azalacağı, yoxsa artacağı əsas məsələlərdəndir. Onun sözlərinə görə, Xəzərə gələn suyun 80-85 faizə qədəri Volqa çayının payına düşür. Buna görə də Rusiyanın Volqa suyundan qənaətlə istifadə etməsi mühüm əhəmiyyət daşıyır. Digər çaylardan gələn suyun artırılması hesabına Xəzəri xilas etmək mümkün deyil.
“Bu məsələ diqqət mərkəzində olmalıdır. Mən hesab edirəm ki, bu işlərlə mütəxəssislər məşğul olmalı və Xəzərin xilası üçün fəaliyyət planı hazırlanmalıdır. Siyasətçilərin əsas işi mütəxəssislər tərəfindən görülmüş işi siyasi arenaya daşımaqdır. Mümkün tədqiqatlara əsaslanaraq xilasetmə yollarının siyasi müstəviyə necə keçirilməsi haqqında danışmaq olar”, – ekoloq deyib.
Nicat Rüstəm