Modern.az

Məkkədən Qüdsə, Vatikandan Varanasiyə - Dünyanın müqəddəs şəhərləri

Məkkədən Qüdsə, Vatikandan Varanasiyə - Dünyanın müqəddəs şəhərləri

Aktual

Bu gün, 18:14

Dünyanın müxtəlif bölgələrində milyonlarla insan üçün sıradan bir şəhərdən daha artıq məna daşıyan məkanlar var. Bu şəhərlər əsrlər boyu dini inancların, müqəddəs hesab edilən hadisələrin və dini şəxsiyyətlərin həyatı ilə bağlı olub. Müxtəlif dinlərin ardıcılları bu şəhərlərə ibadət, ziyarət, dini mərasimlərdə iştirak etmək və müqəddəs hesab etdikləri məkanları görmək üçün səfər edirlər.Bəziləri milyonlarla zəvvarı qəbul edən nəhəng dini mərkəzlərdir, bəziləri isə daha kiçik olsa da, müəyyən bir dinin ardıcılları üçün xüsusi əhəmiyyət daşıyır.

Modern.az dünyanın müxtəlif dinlərinin ardıcılları üçün müqəddəs hesab edilən şəhərləri təqdim edir.

Məkkə - İslam dünyasının qibləsi

Səudiyyə Ərəbistanında yerləşən Məkkə müsəlmanların ən müqəddəs şəhəridir. Şəhərin mərkəzində Kəbənin yerləşdiyi Məscidül-Həram yerləşir. Müsəlmanlar namaz zamanı Kəbəyə tərəf yönəlir, maddi və fiziki imkanı olanlar isə ömürlərində ən azı bir dəfə Həcc ziyarətini yerinə yetirmək üçün bu şəhəri ziyarət etməyə çalışırlar. Hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla müsəlman Həcc və Ümrə üçün Məkkəyə səfər edir. Bu xüsusiyyət şəhəri dünyanın ən böyük dini ziyarət mərkəzlərindən birinə çevirib.

Səudiyyə Ərəbistanının digər mühüm dini şəhəri Mədinədə Məscidün-Nəbəvi yerləşir. Məscid Məhəmməd peyğəmbərin məzarının burada yerləşməsi səbəbilə müsəlmanlar üçün xüsusi əhəmiyyət daşıyır. Həcc və Ümrə ziyarətinə gedən müsəlmanların əhəmiyyətli hissəsi Məkkə ilə yanaşı Mədinəyə də səfər edirlər.

Qüds - üç dinin ortaq müqəddəs şəhəri

Qüds dünyanın dini baxımdan ən fərqli şəhərlərindən biridir. Şəhər İslam, xristianlıq və yəhudilik üçün müqəddəs hesab olunur. Müsəlmanlar üçün Məscidül-Əqsa və Qübbətüs-Səxrə kimi dini yerlər xüsusi əhəmiyyət daşıyır. Yəhudilikdə Qərb Divarı əsas müqəddəs məkanlardan biridir və o da məhz Qüdsdə yerləşir. Xristianlar isə İsa Məsihin həyatının son hadisələri ilə əlaqələndirilən məkanlara, xüsusilə Müqəddəs Qəbir kilsəsini ziyarət edirlər. Bu səbəbdən Qüds əsrlərdir müxtəlif dinlərin zəvvarlarını qəbul edən nadir şəhərlərdən biridir.

Varanasi - Qanq sahilində müqəddəs şəhər

Hindistanın Varanasi şəhəri hinduizmin ən qədim və mühüm dini mərkəzlərindən biri hesab olunur. Şəhər Qanq çayının sahilində yerləşir. Hindu inanclarında Qanq müqəddəs çay sayılır və Varanasiyə edilən ziyarət dindarlar üçün mühüm məsələdir. Şəhərin dini əhəmiyyəti xüsusilə ölüm və dəfn mərasimləri ilə bağlı ənənələrdə özünü göstərir. Bir çox hindu üçün Varanasidə ölmək və burada kremasiya olunmaq xüsusi dini məna daşıyır.

Hinduizm üçün mühüm dini mərkəzlərdən biri də  Uttar-Pradeş ştatında yerləşən Ayodhyadır. Şəhər hindu ənənəsində Rama ilə əlaqələndirilir və bu səbəbdən uzun müddətdir zəvvarların üz tutduğu məkanlardan biridir. Son illərdə Ayodhya xüsusilə Ram Mandir məbədi ilə bağlı olaraq beynəlxalq diqqəti də cəlb edib.

Amritsar - siqh zəvvarlarının ünvanı

Hindistanın Pəncab ştatındakı Amritsar şəhəri sikhizm üçün ən mühüm dini mərkəzlərdən biridir. Şəhərin əsas simvolu Harmandir Sahib-daha çox Qızıl Məbəd adı ilə tanınan dini kompleksdir. Məbəd siqh icmasının əsas ibadət və ziyarət məkanlarından biri olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrindən gələn turist və zəvvarları qəbul edir.

Lhasa - Tibet buddizminin müqəddəs şəhəri

Çinin Tibet Muxtar Rayonunun paytaxtı Lhasa Tibet buddizminin əsas dini mərkəzlərindən biridir. Şəhərin ən məşhur abidələrindən biri Potala sarayıdır. Lhasa uzun müddət Dalay Lamanın iqamətgahı və Tibet buddistlərinin dini həyatının mərkəzi olub.Şəhərdəki məbədlər və monastırlar Tibet buddizminin ardıcılları üçün mühüm ziyarət məkanlarıdır.

Lumbini - Buddanın doğulduğu yer

Nepalda yerləşən Lumbini buddistlər üçün digər mühüm müqəddəs şəhər və ziyarət məkanıdır. Buddist ənənəyə görə, Siddhartha Gautama-gələcək Budda-burada doğulub. Lumbini ərazisində müxtəlif ölkələrin buddist icmaları tərəfindən inşa edilmiş çoxsaylı məbəd və monastırlar yerləşir.

Şri-Lankada yerləşən Kandi şəhəri də buddistlər üçün xüsusi əhəmiyyət daşıyır. Şəhərin ən məşhur dini abidəsi Buddanın diş relikviyasının saxlanıldığı Müqəddəs Diş Məbədidir. Bu relikviyaya görə Kandi Şri-Lankanın əsas dini ziyarət mərkəzlərindən birinə çevrilib.

Vatikan-katoliklərin dini mərkəzi

Roma şəhərinin daxilində yerləşən Vatikan həm müstəqil dövlət, həm də Roma Katolik Kilsəsinin mərkəzidir. Burada katolik dünyasının dini lideri Papa fəaliyyət göstərir. Müqəddəs Pyotr bazilikası və Vatikanın digər dini-mədəni abidələri dünyanın müxtəlif ölkələrindən gələn zəvvarların əsas ziyarət yerlərindəndir.

İspaniyanın Qalisiya bölgəsində yerləşən Santiago de Compostela şəhəri də xristian dünyasının ən tanınmış ziyarət mərkəzlərindən biridir. Şəhərdə yerləşən kilsə xristian ənənəsinə görə həvari Yaqubun məzarı ilə əlaqələndirilir. Şəhərə aparan Camino de Santiago marşrutu əsrlərdir Avropanın ən məşhur xristian ziyarət yollarından biri kimi tanınır. Fransanın cənub-qərbində yerləşən Lourdes şəhəri  də katoliklər arasında mühüm ziyarət məkanıdır. Şəhər XIX əsrdə Bernadette Soubirous adlı qızın Məryəmin zühurunu gördüyünü bildirməsi ilə bağlı dini ənənə nəticəsində böyük ziyarət mərkəzinə çevrilib. Bu gün Lourdes dünyanın müxtəlif ölkələrindən gələn katolik zəvvarların əsas istiqamətlərindən biridir. Portuqaliyadakı Fatimə şəhəri də katolik dünyasının tanınmış ziyarət mərkəzlərindəndir. Şəhər 1917-ci ildə burada Məryəmin üç uşağa zühur etdiyi barədə katolik ənənə ilə əlaqələndirilir. Fatimə ziyarətgahı hər il çoxsaylı zəvvarları qəbul edir.

Yazd - zərdüştilərin qədim dini mərkəzi

İranın mərkəzində yerləşən Yazd şəhəri zərdüştiliklə bağlı mühüm tarixi və dini mərkəzlərdən biridir. Şəhər zərdüştilərin qədim dini ənənələrinin qorunduğu məkanlardan biri kimi tanınır. Yazd və ətrafındakı od məbədləri bu dinin ardıcılları üçün xüsusi əhəmiyyət daşıyır.

Palitana - caynların müqəddəs şəhəri

Hindistanın Qucarat ştatında yerləşən Palitana caynizmin ən mühüm ziyarət mərkəzlərindən biridir. Şəhərin yaxınlığındakı Şatruncaya təpəsində yüzlərlə məbəd yerləşir. Cayn zəvvarları bu məbədləri ziyarət etmək üçün uzun məsafələr qət edirlər.

Hayfa - Bəhailiyin müqəddəs mərkəzlərindən biri

İsrailin Hayfa şəhəri bəhailik dininin əsas müqəddəs məkanlarından birinə ev sahibliyi edir. Şəhərin Karmel dağında yerləşən Bəhai Dünya Mərkəzi və onun məşhur terrasları bu dinin ardıcılları üçün mühüm ziyarət məkanıdır.

Afrikanın müqəddəs məkanları arasında şəhərlərdən daha çox təbiət obyektləri diqqət çəkir. Məsələn, Nigeriyanın Osun-Osogbo müqəddəs meşəsi Yoruba xalqının ənənəvi dini inanclarında mühüm yer tutur. Meşə Osun çayı və məhsuldarlıq ilahəsi Osunla əlaqələndirilir və burada hər il dini mərasimlər keçirilir.

Sizə yeni x var
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq