Modern.az

Azərbaycanın neft-qaz dəstəyi bizim üçün vacibdir! - Macar ekspert

Azərbaycanın neft-qaz dəstəyi bizim üçün vacibdir! - Macar ekspert

Aktual

Bu gün, 11:16

Macarıstanın Baş naziri Peter Magyar ölkəsinin Rusiyadan neft və təbii qaz asılılığını azaltmaq niyyətində olduğunu bəyan edib. O, Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində Budapeştin alternativ enerji mənbələri və tədarük marşrutları axtarmağa davam edəcəyini bildirib. Bununla belə, hökumət başçısı Rusiyanın enerji resurslarından asılılığın qısa müddətdə aradan qaldırılmasının mümkün olmadığını vurğulayıb: “Biz Rusiyadan enerji asılılığından bir gecədə xilas ola bilmərik”. 
Magyarın bu açıqlaması fonunda Azərbaycanın Macarıstanın enerji təhlükəsizliyində oynaya biləcəyi rol, eləcə də Bakı ilə Budapeşt arasında enerji əməkdaşlığının genişləndirilməsi imkanları diqqət çəkir. 

Modern.az-a açıqlamasında macar politoloq Attila Demko bildirib ki, Azərbaycan həm neft, həm də qaz bazarında mühüm oyunçudur, lakin əsas məsələlərdən biri enerji resurslarının Mərkəzi Avropaya, o cümlədən Macarıstana çatdırılması ilə bağlıdır.

Onun sözlərinə görə, bu istiqamətdə bəzi məsələlər artıq həllini tapsa da, müəyyən çətinliklər qalmaqdadır:

“Rusiya neft və qazının tədarükü dayandırılarsa, Azərbaycanın təkbaşına Macarıstanın enerji ehtiyaclarını qarşılamağa kifayət edəcəyini düşünmürəm. Bununla belə, Azərbaycan yenə də çox mühüm rol oynayır. Bunun səbəblərindən biri də Macarıstanın "Şahdəniz" yatağında pay sahibi olmasıdır. Macarıstanın dövlət şirkəti MVM Group-un bu yataqda 5 faizlik payı var. Bu iştirak Macarıstan üçün mühüm əhəmiyyət daşıyır. "Şahdəniz"dən əldə olunan gəlirlər enerji resurslarını digər mənbələrdən daha baha qiymətə almağın yaratdığı maliyyə yükünü müəyyən qədər balanslaşdırmağa kömək edir. Çünki yataqdan hasil olunan qazın hamısını, hətta böyük hissəsini belə Macarıstana gətirmək mümkün deyil”.

Politoloq qeyd edib ki, Azərbaycan təkcə Macarıstan üçün deyil, bütövlükdə Avropa üçün getdikcə daha mühüm enerji mənbəyinə çevrilir. Bununla belə, mövcud tədarük həcmləri Rusiyanın enerji resurslarını tam əvəz etməyə imkan vermir.

“Azərbaycan mühüm tərəfdaşdır, amma Rusiyanı tam əvəz edə bilməz. Macarıstan üçün mümkün həll yollarından biri Rusiya qazı və neftinin tədarükünü ən azı qismən davam etdirmək olardı. Avropa İttifaqının gələn ildən tətbiq etməyi nəzərdə tutduğu tələblər Macarıstan üçün çox əlverişsizdir. Buna görə də Aİ ilə bu məsələdə ortaq həll yolu tapmalıyıq”,-deyə Attila Demko vurğulayıb.

O, Azərbaycanın Avropaya qaz tədarükünün həcminə də diqqət çəkib. Bildirib ki, 2025-ci ildə Avropaya 12 milyard kubmetr qaz tədarük olunub ki, bu da qitənin ümumi qaz istehlakının təxminən 4 faizinə bərabərdir. Onun sözlərinə görə, bu həcm Rusiyadan idxalı əvəz etmək üçün yetərli deyil.

Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığına toxunan politoloq bildirib ki, MVM ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qaz tədarükü ilə bağlı razılaşma mövcuddur:

“İki il ərzində 800 milyon kubmetr qazın tədarükü barədə razılaşmamız var. Bu qaz Cənub Qaz Dəhlizi vasitəsilə Macarıstana çatdırılır. Lakin bizim milyardlarla kubmetr qaza ehtiyacımız var. Buna görə də 800 milyon kubmetr əhəmiyyətli həcm olsa da, Rusiyadan tədarükü tam əvəz etmək üçün kifayət etmir”.

Attila Demko xam neft tədarükünün həcminin də Macarıstanın ehtiyacları ilə müqayisədə məhdud olduğunu söyləyib. Onun sözlərinə görə, Macarıstan Azərbaycandan neft alsa da, Rusiyadan tədarükün dayanacağı təqdirdə ölkəyə əlavə olaraq milyonlarla ton xam neft lazım olacaq.

“Azərbaycanın dəstəyi bizim üçün vacibdir. Bu, kiçik həcmli yardım deyil. Həm qaz tədarükü bu il başlayıb, həm də biz Azərbaycandan daha əvvəlki dövrlərdən neft alırıq. Lakin söhbət 160 min ton neftdən gedir. Macarıstanın neft idxalının hazırda 93 faizi Rusiyanın payına düşür. Ölkəmizə ildə təxminən 8,5 milyon ton xam neft idxal olunur. Azərbaycanın payına isə bunun 160 min tonu düşür. Beləliklə, Azərbaycan neftinin Macarıstan üçün əhəmiyyəti az deyil. Ancaq Rusiyadan gələn tədarükü əvəz etmək üçün yüz minlərlə ton deyil, milyonlarla ton neftə ehtiyacımız var”,-deyə macar politoloq fikrini yekunlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi