Modern.az

İğdırda Beynəlxalq Qafqaz Konqresi keçirilib

İğdırda Beynəlxalq Qafqaz Konqresi keçirilib

Dünya

Bu gün, 15:22

Türkiyənin İğdır şəhərində Beynəlxalq Qafqaz Konqresi keçirilib. Konqresdə regionun gələcəyi, regional təhlükəsizlik, davamlı sülh, iqtisadi əməkdaşlıq və beynəlxalq əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Modern.az xəbər verir ki, iki gün davam edən konqresdə müxtəlif ölkələri və elmi istiqamətləri təmsil edən 30-dan çox nüfuzlu ekspert və mütəxəssis altı panel üzrə çıxış edib.

Konqresin İğdırda keçirilməsi şəhərin əlverişli geosiyasi mövqeyi ilə əlaqələndirilib. Naxçıvan vasitəsilə Azərbaycanla, eləcə də Ermənistan və İranla qonşu olan İğdır tarixən xalqlar, mədəniyyətlər və ticarət yollarının qovuşduğu məkan kimi səciyyələndirilib. Qədim İpək Yolunun yalnız iqtisadi deyil, həm də mədəni əlaqələrin və qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynadığı vurğulanıb.

Konqres çərçivəsində Qafqaz diplomatiyası, elm və akademik əməkdaşlıq, ictimai diplomatiya, regional təhlükəsizlik və ticarət, media və strateji kommunikasiya, eləcə də beynəlxalq Qafqaz perspektivi mövzularında müzakirələr aparılıb.

Qafqaz diplomatiyasına həsr olunan paneldə regionun gələcəyinin dialoq və qarşılıqlı anlaşma əsasında formalaşdırılmasının vacibliyi qeyd edilib.

Elm və akademik əməkdaşlıq panelində Naxçıvan, Qarabağ, Ardahan və Kiprdən olan universitet rəhbərləri ali təhsil müəssisələrinin sərhədlərarası əlaqələrin inkişafındakı rolunu dəyərləndiriblər. Tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramları və elmi tədqiqatların həyata keçirilməsi əməkdaşlığın əsas istiqamətləri kimi diqqətə çatdırılıb.

İctimai diplomatiya müzakirələrində regionda davamlı sülhün təmin olunmasında ictimai əlaqələrin və qarşılıqlı etimadın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, universitetlər və elmi qurumlar xalqlar arasında dialoqun gücləndirilməsinə, regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verə bilər.

Strateji təhlükəsizlik və ticarət panelində isə iqtisadi əməkdaşlıqla regional sabitliyin qarşılıqlı əlaqəsi ön plana çəkilib. Qeyd olunub ki, beynəlxalq nəqliyyat və ticarət dəhlizlərinin səmərəli fəaliyyəti üçün təhlükəsiz və sabit mühitin təmin edilməsi vacib şərtdir.

Media və strateji kommunikasiya panelində dezinformasiya, informasiya manipulyasiyası və süni intellekt vasitəsilə yaradılan saxta məzmunların regionda ictimai rəyə təsiri müzakirə edilib. Xüsusilə sülh proseslərinə ictimai etimadın qorunmasında məsuliyyətli media fəaliyyətinin və birləşdirici kommunikasiya dilinin əhəmiyyəti vurğulanıb.

Konqresin beynəlxalq perspektivlərə həsr olunan panelində Azərbaycan, Qazaxıstan, Özbəkistan və Ermənistandan olan nümayəndələr regionun ortaq gələcəyi, əməkdaşlıq imkanları və müxtəlif tarixi təcrübələrin uzlaşdırılması məsələlərinə toxunublar.

Yekun müzakirələrdə üç əsas istiqamət önə çəkilib: İpək Yolunun dirçəldilməsi üçün qarşılıqlı etimad və davamlı sülhün təmin olunması, universitetlərin regional əməkdaşlıq prosesində fəal iştirakının gücləndirilməsi, eləcə də media və ictimai diplomatiyada xalqları yaxınlaşdıran ünsiyyət dilinin təşviqi.

Konqresin təşkilatçıları tədbirin regionda elmi, mədəni və diplomatik əlaqələrin inkişafına, birgə layihələrin və yeni əməkdaşlıq təşəbbüslərinin formalaşmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, konqresin fəxri sədri Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər professor Kürşad Zorlu olub. Tədbirə Türkiyə Respublikasının Ticarət Nazirliyi də tərəfdaşlıq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Kərimlinin şok səs yazısı ÜZƏ ÇIXDI - Məhkəmədə görün nələr olub?!