Modern.az

Ermənistanın 2027-ci il büdcəsi – Hərbiyə milyardlar ayrılır

Ermənistanın 2027-ci il büdcəsi – Hərbiyə milyardlar ayrılır

Aktual

Bu gün, 10:47

Ermənistan hökuməti 2027-ci il üçün dövlət büdcəsi layihəsində müdafiə, sosial təminat, səhiyyə və infrastruktur xərclərinə böyük həcmdə vəsait ayırmağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin təsdiqlədiyi və parlamentin müzakirəsinə təqdim etdiyi 2027-ci il dövlət büdcəsi layihəsində məlumat verilib.

Rəsmi sənədə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 3 trilyon 603,8 milyard dram, xərcləri isə 4 trilyon 72 milyard dram səviyyəsində proqnozlaşdırılır. Büdcə kəsiri 468,2 milyard dram olacaq.

Layihədə ən böyük xərc istiqamətlərindən biri sosial təminatdır. Əmək və Sosial Təminat Nazirliyinə 1 trilyon 84 milyard dram ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 91 milyard dram çoxdur. Nazirliyin xərcləri ümumi dövlət büdcəsinin təxminən 27 faizini təşkil edəcək.

Pensiya təminatı üçün isə təxminən 674 milyard dram ayrılması planlaşdırılır.

Müdafiə Nazirliyinin büdcəsi 616,5 milyard dram səviyyəsində müəyyənləşdirilib. Bunun 613,8 milyard dramı silahlı qüvvələrin döyüş hazırlığının təmin edilməsinə və dövlət sərhədlərinin müdafiəsinə yönəldiləcək.

Beləliklə, gələn il Ermənistanda pensiya təminatına ayrılan vəsait əsas müdafiə proqramının maliyyələşdirilməsindən təxminən 60 milyard dram çox olacaq.

Səhiyyə Nazirliyinə 348,1 milyard dram ayrılması nəzərdə tutulur. Bu vəsaitin 276 milyard dramı ümumi tibbi sığorta proqramının həyata keçirilməsinə sərf ediləcək. İlkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə 9,4 milyard dram, təcili tibbi yardıma isə 2,3 milyard dram ayrılacaq.

Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin xərclərinin 362 milyard drama çatdırılması nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə 11,6 faiz artım deməkdir.

Büdcə layihəsində dövlət borcuna xidmət xərcləri də diqqət çəkir. Maliyyə Nazirliyi üçün nəzərdə tutulan 446,9 milyard dramın təxminən 417 milyard dramı dövlət borcuna xidmətə yönəldiləcək.

Bundan başqa, hüquq-mühafizə və məhkəmə orqanlarının maliyyələşdirilməsinin artırılması planlaşdırılır. İstintaq Komitəsinin büdcəsinin 19,75 milyard drama, Prokurorluğun büdcəsinin 11,09 milyard drama, Ədliyyə Nazirliyinin büdcəsinin isə 27,47 milyard drama çatdırılması nəzərdə tutulur.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə 3,72 milyard dram, Korrupsiyanın Qarşısının Alınması Komissiyasına isə 527 milyon dram ayrılması planlaşdırılır.

Bununla yanaşı, Mərkəzi Seçki Komissiyasının büdcəsinin 5,64 milyard dram azaldılması nəzərdə tutulur. Maliyyə naziri Vahe Ovannisyan azalmanı 2026-cı ildə keçirilən ümumölkə seçkiləri ilə bağlı birdəfəlik xərclərlə izah edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki müzakirələr zamanı bildirib ki, 2027-ci ildə büdcə gəlirləri 2017-ci illə müqayisədə təxminən üç dəfə artacaq.

Qeyd edək ki, hökumət 2027-ci il dövlət büdcəsi layihəsini oktyabrın 1-də təsdiqləyib. Sənəd hazırda parlamentdə müzakirə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!