İran İslam Respublikası qonşu dövlətlərlə münasibətlərin inkişafını xarici siyasətinin əsas prioritetlərindən biri hesab edir.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Türkmənistana səfərindən sonra “X” sosial şəbəkəsində bildirib.
Nazir Aşqabadda Türkmənistan Prezidenti Berdiməhəmmədov və xarici işlər naziri Rəşid Meredovla keçirdiyi görüşləri məhsuldar qiymətləndirib.
“Ortaq tariximiz və dərin mədəni əlaqələrimiz əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Qonşularımız bizim prioritetimizdir”, – deyə Əraqçi vurğulayıb.
Qeyd edək ki, İranın xarici işlər naziri bazar ertəsi siyasi və iqtisadi nümayəndə heyətinin rəhbəri kimi Türkmənistana birgünlük səfər edib.
Səfər çərçivəsində ikitərəfli siyasi və iqtisadi əlaqələr, eləcə də regional və beynəlxalq proseslər müzakirə olunub.