Modern.az

Mehmet Əli Şahin İlham Əliyevə söz verdi

Mehmet Əli Şahin İlham Əliyevə söz verdi

26 Sentyabr 2009, 21:06

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Türkiyə parlamentinin sədri Mehmet Əli Şahin Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb. Avqust ayının 5-dən Türkiyə Böyük Millət Məclisinin sədri seçildiyini vurğulayan Mehmet Əli Şahin ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci toplantısına toxunan qonaq parlamentlərarası münasibətlərin xalqlar arasında əlaqələrin inkişafındakı önəmini qeyd edib.
Dövlət başçısı İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri kimi Mehmet Əli Şahinin ilk xarici səfərlərindən birini Azərbaycana etməsinin önəmli olduğunu deyib. Prezident bildirib ki, dövlət başçıları tərəfindən əsası qoyulan bu ənənənin parlament rəhbərləri tərəfindən davam etdirilməsi ölkələrimiz arasında olan münasibətlərin yüksək göstəricisidir. Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci toplantısının əhəmiyyətindən danışan dövlət başçısı əlaqələrin bu formatda da uğurlu olacağını deyib. Bir neçə gündən sonra Naxçıvanda keçiriləcək türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünə toxunan Prezident İlham Əliyev bir-birinin ardınca bu cür əhəmiyyətli tədbirlərin keçirilməsini türkdilli xalqlar arasında dostluq və həmrəyliyin möhkəmlənməsi işinə xidmət edəcəyini vurğulayıb.
Mehmet Əli Şahin Türkiyə-Ermənistan münasibətlərindən danışaraq deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək.
Prezident İlham Əliyev bu mövqeyə görə təşəkkür edib.
İlham Əliyev onun salamlarını Prezident Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğan çatdırmağı xahiş edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır