Modern.az

Kəhrizləri qoruyaq!

Kəhrizləri qoruyaq!

29 Sentyabr 2009, 11:23

Naxçıvan Dövlət Universitetində (NDU) “Kəhriz sistemləri memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Modern.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının Naxçıvandakı konsullarının və digər rəsmilərin də iştirak etdiyi konfrans İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya bürosunun dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə birgə təşkil olunub.

Konfransda çıxış edən NDU-nun rektoru, akademik İsa Həbibbəyli bu mövzuda keçirilən ilk beynəlxalq konfransın Avropadan Böyük İpək Yolu boyunca Çinə qədər, Ərəbistan yarımadasından Şimali Afrikaya qədər müxtəlif ölkələrdə mövcud olan kəhriz sisteminin quruluşunun, tarixinin, sosial-iqtisadi inkişafdakı rolunun öyrənilməsi baxımından əhəmiyyətindən danışıb. Akademik kəhrizlərin əhalinin miqrasiyasında, sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynadığı kimi milli mədəniyyət abidəsi, xeyriyyəçilik ənənələrinin yaşadıcısı kimi də böyük dəyər daşıdığını vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər də kəhrizləri qorumağın vacibliyini bildiriblər. Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatı 2010-cu ilədək Naxçıvanda 100 kəhrizi bərpa edəcək. İndiyədək Naxçıvan MR ərazisində 20-yə yaxın kəhrizdə bərpa işləri aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər