Azərbaycanda süni intellektdən istifadəni tənzimləyən ayrıca qanunun hazırlanması təklif edilib. Xüsusilə təhsil prosesində bu texnologiyadan istifadənin şagird və tələbələrin düşünmə, araşdırma və təhlil qabiliyyətlərinə təsirinin nəzərə alınması vacib sayılır.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı danışıb.
Deputat bildirib ki, süni intellektin üstünlüklərini təbliğ edənlər çoxdur və özü də bu texnologiyanın əleyhinə deyil:
“Bu, bəşəriyyətin əldə etdiyi böyük nailiyyətdir. Amma süni intellekt övladlarımızın, insanlarımızın beyninin çürüməsinə gətirib çıxarmamalıdır. Artıq araşdırma, tədqiqat və öyrənmə məsələsi arxa plana keçir”.
Ceyhun Məmmədov qeyd edib ki, əvvəllər hər hansı məlumatı əldə etmək üçün kitabxanaya getdiyi halda, indi həmin işlərin süni intellekt vasitəsilə yerinə yetirilməsi mümkündür.
Onun sözlərinə görə, süni intellektlə kitabların və məqalələrin hazırlanmasının normal hal kimi təqdim edilməsi tədqiqat və araşdırma bacarıqlarına ciddi təsir göstərə bilər.
“Bizə düşünən, təhlil edən və araşdıran gənclik lazımdır. Hesab edirəm ki, bu istiqamətdə müəyyən addımlar atılmalı, süni intellektlə bağlı ayrıca qanun hazırlanmalıdır”, – deputat vurğulayıb.