Modern.az

Ombudsmanın təşəbbüsü ilə Uşaq hüquqları aylığı keçiriləcək

Ombudsmanın təşəbbüsü ilə Uşaq hüquqları aylığı keçiriləcək

Ölkə

9 Oktyabr 2009, 20:06

Ölkəmizdə elan olunmuş “Uşaq ili”, BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin 50 və Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibətilə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova 20 oktyabr – 20 noyabr 2009-cu il tarixlərində “Uşaqları dinləyək, onların iştirakını təmin edək” devizi ilə respublikamızda Uşaq hüquqları aylığı keçirmək təşəbbüsünü irəli sürüb. Bu barədə Modern.az-a Ombudsman aparatının mətbuat xidmətindən məlumat veriblər.
Bu aylığın keçirilməsinin əsas məqsədi uşaqların hüquqlarının, o cümlədən təhsil, sağlamlıq hüquqlarının müdafiəsinə, sosial problemlərinə, onların yolverilməz əməyə cəlb edilməsinə, HİV/AİDS və narkomaniya ilə mübarizəyə, müharibədən ziyan çəkmiş, xüsusi qayğıya ehtiyaclı, valideyn himayəsindən məhrum olmuş, eyni zamanda qanunla ziddiyyətdə olan uşaqların mövcud çətinliklərinin aşkar edilməsi və aradan qaldırılmasına dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların, habelə nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etmək və bu istiqamətdə müvafiq tədbirlər görməkdən ibarətdir.
Uşaq hüquqlarının müdafiəsi sahəsində tədbirlərin də keçirilməsinin öz əksini tapdığı İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) cari il üzrə tətbiqi vəziyyəti bu sənədin icrasına məsul dövlət qurumları və bu işə cəlb olunmuş vətəndaş cəmiyyəti, QHT və KİV nümayəndələri ilə birlikdə aylıq çərçivəsində müzakirə ediləcək.
Bu aylıq ərzində ölkənin şəhər və rayonlarında yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Ombudsman Aparatının, o cümlədən Müvəkkilin Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları tərəfindən dəyirmi masaların, treninq-seminarların keçirilməsi, Təhsil Nazirliyinin dəstəyi ilə orta və ali məktəblərdə uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirlərinin, sərgilərin təşkili planlaşdırılır.
Aylıq çərçivəsində “Uşaq hüquqları hamı üçün” mövzusunda jurnalist yazıları və “Bizim hüquqlarımız” mövzusunda uşaq rəsmləri müsabiqələrinin keçirilməsi, qaliblərin adlarının yekun tədbirində açıqlanması nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir