27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, arxa cəbhədə çalışan tibb işçiləri üçün də ağır və məsuliyyətli bir sınaq oldu. Döyüşlər zamanı yaralanan hərbçilərin həyatının xilas edilməsi, onların müalicəsi və əməliyyat olunması üçün həkimlər gecə-gündüz çalışdılar.
Həmin dövrdə yaralı hərbçilərin müalicəsində yaxından iştirak etmiş həkimlərdən biri də tanınmış oftalmoloq, ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov olub.
Modern.az saytına müsahibə verən Qurban İsmayılov yaddaşında iz buraxan hadisələr, ağır yaralılar və onların ailələri ilə bağlı yaşadığı ağrılı anlardan, həkim kimi keçirdiyi hisslərdən danışıb.
– Qurban həkim, bu gün 27 Sentyabr Anım Günüdür. Bu tarix Zəfərə gedən yolun başlanğıcıdır. Siz də həmin günlərdə hadisələrin içində olmusunuz, həkim kimi hərbçilərə kömək etmisiniz. 27 sentyabrda - müharibə başlayanda harada idiniz, xəbəri necə eşitdiniz?
– Sinif yoldaşlarımızla hər il sentyabrın 27-də görüşürük. Altı il bundan öncə, həmin gün Goranboy rayonunun Ağcakənd kəndində sinif yoldaşımız Rahilin həyətində yığışmışdıq. Birdən atışma səsi gəldi. Təbii ki, Birinci Qarabağ müharibəsində mənim sinif yoldaşlarım da iştirak ediblər. Onlardan dördü hərbçi kimi Vətən uğrunda mübarizədə öz borcunu ödəmiş, mən isə Tibb Universitetinin tələbəsi olaraq kiçik tibb işçisi kimi qulluq etmişdim.
Eşitdiyimiz səs “Qrad” və raketlərin səsi idi, dalğanın gücü də həddindən artıq böyük idi. Mən Rahilə dedim ki, “bu, adi bir səs deyil, nəyinsə başlanğıcıdır”. “Yox, olmaz”, – o dedi. Onunla razılaşmadım, dedim ki, mənə elə gəlir ki, müharibə başlayır. Yarım saatdan sonra səs daha da gücləndi. Artıq ayağa qalxmaq vaxtı idi. Ağcakənddən Naftalana gedən zaman Şəhər Xəstəxanasının qarşısında böyük bir izdiham olduğunu gördük. Yaralılar var idi. Mən xəstəxanaya getdim. Xeyli yaralı əsgərimiz var idi və Naftalan Şəhər Xəstəxanasında ilk yardıma qoşuldum.
Ertəsi gün Müdafiə Nazirliyinin baş oftalmoloqu mənə zəng vurub “haradasan, köməyə ehtiyacımız var”, – dedi. Bakıya qayıtdım. Biz müharibə başa çatana qədər həm hərbi hospitalda, həm də Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərdik. Klinika həmin dövrdə COVID-ə bağlanmışdı. O vaxtkı səhiyyə naziri Oqtay Şirəliyevə müraciətimizdən sonra Tədris Cərrahiyyə Klinikası hərbi hospital kimi fəaliyyət göstərməyə başladı.
Təbii ki, həmin dövrdə kimliyindən asılı olmayaraq hamının bir amalı vardı: cəbhəyə və yaralılara yardım etmək. Biz həkim olaraq bunu başqa cür qavrayırdıq. Qarşımızda bizim köməyimizə ehtiyacı olan insanlar var idi və istər Bakıda, istərsə də lazım olanda helikopter vasitəsilə regionlara gedib tibbi xidmət göstərirdik. Yaralılarımız fərqli idi.
– İlk yaralı necə yadınızda qalıb?
– İlk yaralını mən Naftalan Şəhər Xəstəxanasında gördüm. Partlamış raket mərmisindən sonra kəsilmiş, didilmiş, cırılmış yaraları olan bir əsgər idi. Bu əsgər qanaxma və ağrıdan zarıyırdı və ona ilk yardımı göstərdik. Bu gün o həyatdadır, yaşayır, mənimlə dostluq edir. Hətta onun toyunda da iştirak etmişəm. Sonra artıq yaralılar bizim gözümüzdə adiləşdi. Yəni o qədər yaralı gördük ki, bu mənzərə adiləşdi. Tədris Cərrahiyyə Klinikasında 1745 yaralımız oldu. O yaralıları bir neçə kateqoriyaya bölmək olardı. Ən ağır yaralılar bizim klinikaya göndərilirdi. Çünki bizim klinikada konkret olaraq bir neçə sahənin mütəxəssisləri fəaliyyət göstərirdi. Bizə beyin yaralanmaları, üz-çənə nahiyəsinin, gözün, aşağı ətrafların, yaxud qarın boşluğunun yaralanmaları – yəni ən ağır yaralılar göndərilirdi.

– Yəqin ki, hansısa yaralı ilə bağlı yadınızdan çıxmayan təsirli anlar olub. Bu haqda nə deyə bilərsiniz?
– Sumqayıtdan olan bir yaralı döyüşçümüz yadımdadır. O, anasının himayəsində böyümüşdü. Zirehli maşında yaralanmışdı, bəlkə də PUA hücumu nəticəsində maşın partlamışdı. Həmin əsgərin aşağı və yuxarı ətrafları, üz sümükləri, skeleti, yəni demək olar ki, bütün bədəni və göz alması tamamilə perforasiya olunmuşdu. Gözü də didilmiş, cırılmışdı və o, bizə dərin koma vəzoyyətində gətirilmişdi. Hətta deyirdilər ki, ölüb. Ona ilk reanimasiya tədbirləri göstərildi və ilk cərrahi müdaxiləni etdik. Mənim yadıma gəlir ki, bəzi tibb işçilərimiz dedilər: “Niyə əl vurursunuz, axı o ölüb”. Mən onun sağ qalmış gözünün sklerasını, buynuz qişasını tikdim. O oğlan bizdə dəfələrlə cərrahi əməliyyat olundu. Sonra sağaldı, klinikamızada işləyən bir xanımla bir-birini sevdilər, ailə həyatı qurdular. Bu gün həyatdadır. Ən unudulmaz səhnələrdən biri kimi həmin əsgərlə bağlı hadisə yaddaşımda iz buraxıb.
– Qurban həkim, xilas edə bilmədiyiniz hərbçilərimiz də olub. Sizə ən çox təsir edən məqamları xatırlaya bilərsiniz?
– Klinikamızda 1745 yaralı vardı. Onların arasından 4 nəfər şəhid oldu. Onlardan 3-ü bizə gətiriləndə artıq dərin komada idi, yəni konkret olaraq həyat əlamətləri yox idi.
Şabran rayonundan olan bir gənc çox ağır yaralı və koma vəziyyətində gətirilmişdi. Yəni xilas edilməsi mümkün deyildi. Ən təsirli və sözün bitdiyi an onun anasının hər gün axşam saatlarında qarşımıza çıxıb “Oğlumun vəziyyəti necədir?” sualını verməsi idi. Mən isə hər dəfə ona deyirdim ki, “Çalışırıq, əlimizdən nə gəlirsə, edirik”. Sonra həmin əsgər dünyasını dəyişdi - şəhid oldu. Həmin gün də anası dəhlizdə məni gözləmişdi. Amma mən onun üzünə çıxa bilmədim və məcburən arxa qapıdan çıxmalı oldum. O ananın üzünə baxıb nə deyəcəyimi bilmədim, mənim üçün çox çətin idi. Həmin gün ana məni görməyəndə “Oğlum dünyasını dəyişib, yəqin həkim utandığından məni görmək istəmir” demişdi. Bu sözləri həyatım boyu unuda bilməyəcəm. Ən təsirlisi isə həmin şəhidimizin evin tək oğlu olması idi.
– Yaralıların yaş aralığı və xəsarətlərin dərəcəsi necə idi?
– Azərbaycan Ordusunda qazi və şəhid olan hərbçiləri üç qrupa bölmək olar. Birinci qrup səfərbərlik yolu ilə hərbi xidmətə çağırılan gənclər idi. Bunlar əsasən 18-19 yaşlarında idilər. İkinci qrup müddətdən artıq həqiqi hərbi xidmət keçənlər - MAXE-lər idi. Üçüncüsü isə zabitlər idi. Yaralanmalar da kateqoriyasına görə üç qrupa bölünürdü: zəif, orta və ən ağır yaralanmalar.
Klinikamıza gətirilən 1745 nəfərin təbii ki, hamısı ağır yaralı deyildi. Onların arasında səthi kəsilmiş yarası, əlinə, ayağına və ya qarın boşluğuna nüfuz edən qəlpə yarası olanlar vardı. Bunlar, təbii ki, sağaldılar. Dediyim kimi, cəmi 4 nəfər şəhid oldu. Amma ümumilikdə həmin əsgərlərin hamısı tam sağlam vəziyyətdə evə buraxılmadı. Onların arasında psixoloji stress səbəbindən xəstəlik tapanlar, aşağı və yuxarı ətraflarını, gözünü itirənlər, beyin zədələnmələri alanlar vardı. Bunlar da xəstə və müxtəlif əlillik dərəcələri ilə evə buraxıldılar.
Bizim klinikaya gətirilən ağır yaralılar 200-250 nəfər aralığında idi. Bir şeyi də nəzərə alın ki, söhbət yalnız 44 günlük müharibə dövründən getmir. Söhbət bizim klinikada müharibənin ilk başladığı gündən sonrakı altı ay ərzində olan dövrdən gedir. Müharibə dayandıqdan sonra da regionlarda olan yaralılar kompleks stasionar müalicə və cərrahi əməliyyatlar üçün bizə gətirilirdi. Bu gün də həmin yaralılardan təkrar-təkrar əməliyyata gələnlər var. Hələ sağalmayıb o yaralar. Gəlirlər, kosmetik defekt var, o var, bu var. Hələ də davam edir.
- Yaralı hərbçilərin müalicəsində iştirak edən həkim və tibb işçiləri üçün həmin günlər necə keçirdi? Həm tibbi, həm də mənəvi-psixoloji baxımdan hansı mənzərə ilə qarşılaşırdınız?
– Bizim klinikada demək olar ki, qadın-kişi hamı xidmətə səfərbər olmuşdu. Həmin dövrdə bu xidmət ödənişli deyildi. İnsanlar öz imkanları daxilində kömək etməyə çalışırdılar. Evindən yemək gətirən qadınlar, gücü çatan bir kompot, meyvə, hətta bir paltar gətirən insanlar vardı. Bu, xalqın müharibə dövründə necə səfərbər olduğunu göstərirdi. Millət o qədər əzmkar idi ki, bəlkə də insanın barmağı kəsilsə, bədəninin bundan xəbəri olmazdı. Müharibə ruhu tamam başqadır.
Mənim üçün həmin dövrdə insanlar sanki bir məqsəd ətrafında birləşmiş, robotlaşmış kimi idilər. Çünki mən Birinci Qarabağ müharibəsində yaralıların arasında olmuş, qan qoxusunu görmüş və müharibənin nə olduğunu yaşamışdım. Əslində, Azərbaycanda elə bir ailə demək olar yoxdur ki, Birinci Qarabağ müharibəsinin təsirlərini öz üzərində hiss etməsin. Bizim ailəmizdə də həmin müharibənin təsirləri vardı.
Ona görə də mən hər bir yaralını öz doğma övladım qədər, sanki onun valideyninin yerindəymişəm kimi qəbul edirdim. Çünki mən özüm də valideynəm. İnsan övladının temperaturu bir qədər qalxanda belə gecəni-gündüzə qatıb narahat olur. Övlad böyüyür, 18-19 yaşına çatır, onu hərbi xidmətə yola salırsan və bir gün həmin övlad bədən üzvünü, sağlamlığını, yaxud həyatını itirə bilir. Bu, dəhşətli bir vəziyyətdir.
Belə bir məqamda bir atanın qarşısında digər bir atanın nə çəkdiyini Allahdan başqa heç kim tam başa düşə bilməz. Psixoloji baxımdan çox ağır vəziyyət idi. Çünki hər bir valideynin eşitmək istəmədiyi, amma eşitməyə məcbur qalacağı hansısa bir söz ola bilərdi. Onlara xoş xəbəri demək də asan deyildi, pis xəbəri demək də. Demək olar ki, hamı üçün çətin olsa da, mənim üçün xüsusilə ağır idi.
Üstəlik, həmin dövrdə biz Səhiyyə Nazirliyinin qarşısında xidmət göstərmək barədə öhdəlik götürmüşdük. Çünki bizim xəstəxanamız həmin vaxt COVID xəstələri üçün fəaliyyət göstərirdi. Nazirin qəbulunda olmuşduq. Oqtay Şirəliyev bizə demişdi: “Biz sizin klinikanı hospital etmək istəyirik. Bacaracaqsınız?” Biz də bacardıq.
Bu, bütövlükdə kollektivin uğuru idi. Xəstəxanada bütün şöbələr – mühafizədən tutmuş fədakar kiçik tibb işçilərinə, sanitar və tibb bacılarından şöbə həkimlərinə, əməkdaşlara və cərrahlara qədər hər kəs bu işə öz töhfəsini verdi. Həmin günlərdə hər kəs əlindən gələni edirdi.

– Dediniz ki, özümü bir valideyn kimi hiss edirdim, stress keçirirdim. Bu, əməliyyatlara necə təsir edirdi? Əlinizin əsdiyi, bir anlıq dayanmaq hissinin yarandığı vaxtlar olurdu?
– Müharibə dövründə insanın yorğunluğu, qorxusu və yuxusu olmur. Mən öz payıma deyirəm, insanın aclıq hissi də olmur. Məsələn, oktyabrın 3-ü, 4-ü, 5-i artıq yaralılar helikopterlə Bakıya daşınırdı. 6-sı, 7-si, 8-i də... Helikopterlərin gətirdiyi yaralılar təcili yardımlarla daşınırdı. Elə günlər olub ki, klinikada səhərə qədər əməliyyat həyata keçirmişik. Heç kimin yuxusu olmurdu. Həqiqətən, heç kimin yuxusu olmurdu və heç kim “Yoruldum və acam” demirdi. Çünki bilirsiniz necədir, yaralıda qanaxma var. Bunun göz qapağından qan axır. Artıq sən düşünə bilmirsən ki, mən çıxım, çıxmayım. O birisi qalır axı orada. Bizdə yardım konkret olaraq bir nəfərin üzərində qurulmamışdı. Məsələn, üç nəfər cərrah sümüyü düzəldirdisə, biz göz həkimi olaraq mütləq mənada göz qapağını tikirdik. Beyin cərrahı beyin işini görürdü. O günlərdə Azərbaycan həkimləri çox fədakar oldular.
– Həkim də insandır, onun da hissləri var. Həmin vaxt sizi kövrəldən, ağladan və ya emosional vəziyyətə salan anları necə, xatırlayırsınız?
– Olub belə anlar. Beyləqandan Vasif adlı döyüşçünün hər iki gözü perforasiya olunmuş, yəni dağılıb-didilmişdi. Biz ona ilkin yardım göstərirdik. Üzü, gözü, bədəni qan içində idi. O, müddətdən artıq həqiqi hərbi xidmət keçən MAXE idi. Təsadüfə bax: həmin gün onun hamilə xanımı övladını dünyaya gətirmişdi. Çox təəəsüf ki, biz o hərbçini xilas edə bilmədik. Övladı dünyaya gələn gün o gənc şəhid oldu. O hadisə mənə o qədər pis təsir etdi ki, göz yaşlarıma hakim ola bilmirdim.
– Bu hadisələrin gedişində və ya ardınca elə insanlar olurdu ki, hər cür yardım etmək istəyirdilər. Məsələn, “Mən gözümdən birini əsgərə vermək istəyirəm” deyənlər olurdumu? Belə bir hadisə ilə rastlaşmısınız?
– Bu, çox ağrılı sualdır. Bizim xalq, bu millət həmin dövrdə Azərbaycan ordusuna qanını, malını verdi və gücü çatan yardımını etdi. O dövrdə Azərbaycan əsgərinə gözünü vermək üçün müraciət edən yüzlərlə vətəndaş var idi. Xüsusən mənə müraciət edənlər olurdu. “Biz yaşımızı yaşamışıq. O balalarınıza mənim gözümü köçürün. Mən ömrümü yaşamışam, qoy o görsün”, – deyən insanlar çox idi.

– Müharibə başa çatdıqdan sonra geriyə dönüb “kaş bunu başqa cür edərdik” dediyiniz, xüsusilə tibbi yardımın təşkili baxımından sizi düşündürən məqamlar oldumu?
– Həkimlikdə, xüsusilə cərrahiyyədə elə bir əməliyyat yoxdur ki, hər şey əvvəldən nəzərdə tutulduğu kimi, standart şəkildə keçsin. Hətta sadə bir əməliyyat zamanı belə gözlənilməz fəsad yarana bilər. Cərrahın professionallığı da məhz belə vəziyyətlərdə özünü itirmədən, düzgün qərar verərək həmin fəsaddan çıxmağı bacarmasıdır.
Bizim klinikada apardığımız əməliyyatlarla bağlı “bunu belə etsəydik, başqa cür nəticələnərdi” deyə yarımçıq qalan bir məqam olduğunu düşünmürəm. Əlimizdən gələni etmişik və hər bir xəstəyə mümkün olan ən düzgün tibbi müdaxiləni göstərməyə çalışmışıq.
Amma bəli, təəssüf etdiyim məqamlar olub. Allah bu millətə bir də müharibə qismət etməsin. Müharibə zamanı xüsusilə ilkin tibbi yardımın təşkili ilə bağlı bəzi halların daha yaxşı ola biləcəyini düşünürəm. Məncə, yaralının sonrakı müalicəsi qədər, hadisə yerində göstərilən ilk tibbi yardım da çox böyük əhəmiyyət daşıyır. İlkin tibbi xidmət daha yüksək səviyyədə təşkil olunmalıdır.
– Xatırlayanda həmin günləri yenidən yaşadığınız hadisələr də yəqin ki, çox olub. Onlardan bir neçəsini bizimlə bölüşərdinizmi?
– Yaralılarla xüsusi davranırdıq. Onları çimizdirir, təmizləyir, yeməklə təmin edirdik. Çünki xəstəxanaya gələn həmin gənclərin bir çoxu ağır vəziyyətdə olurdu və onların yalnız tibbi deyil, mənəvi dəstəyə də ehtiyacı vardı.
Bir əsgərim var idi, əslən Kəlbəcərdən idi. Tankçı idi, ayağından və gözündən yaralanmışdı. Əməliyyatını etdim, palataya yerləşdirdim. Səhər tezdən xəstəxanaya gələndə gördüm ki, yoxdur. Mənə dedilər: “O qaçıb. Haqqında cinayət işi açıla bilər”.
Sonradan məlum oldu ki, o, qəbul şöbəsinə gedib. Orada yeni gətirilən yaralıları görüb və onlara kömək etməyə başlayıb. Sonra da vəziyyyətdən istifadə edərək aradan çıxıb ön cəbhəyə - səngərə gedib. Belə uşaqlar var idi. Özləri yaralı ola-ola başqalarının köməyinə qaçırdılar.
Şahin adlı bir oğlan da vardı. Xüsusi təyinatlı idi. Sonradan onunla dostluq münasibətimiz yarandı. Bütün həyatını hərbi xidmətə həsr etmişdi. Bədbəxt hadisə nəticəsində “Qrad” mərmisinin partlaması zamanı burnu və üzü ağır yaralanmış, gözlərindən birini itirmişdi. Gözünü çıxarmadıq, mümkün qədər qorumağa çalışdıq, tikərək yerində saxladıq. Onun mübarizəsi də yadımdan heç vaxt çıxmayıb.
Başqa bir hadisə isə xüsusilə yadımdadır. İki yaralı gətirmişdilər. Onlardan biri komandir, digəri isə onun əsgəri idi. Komandirin özü də yaralı idi və vəziyyəti ağır idi. Biz əvvəlcə komandiri əməliyyat etmək istədik, amma o razılaşmadı. Dedi ki, öncə əsgəri əməliyyata götürün. “Komandir əsgəri üçün cavabdehdir” - deyə söylədi.
– Bu gün hansısa gənc həkim sizdən “Müharibədə həkim olmaq necədir?” deyə soruşsa, təcrübəli həkim kimi ona nə deyərdiniz?
– İlk növbədə, mən Azərbaycanın möhtərəm Prezidentinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki dövlət başçısının göstərişi ilə Azərbaycan Tibb Universitetində Hərbi Tibb fakültəsi yaradılıb və artıq bu fakültənin müxtəlif ixtisaslar üzrə məzunları yetişir.
Eyni zamanda, cənab Prezidentin göstərişi ilə regionlarda, hərbi hissələrdə ilkin cərrahi xidmət üçün bazalar yaradılıb və müvafiq mütəxəssislər hazırlanıb. Tibb Universitetinin nəzdində, Hərbi Tibb fakültəsinin tabeliyində orta tibb işçilərinin hazırlanması istiqamətində də yeni strukturun yaradılması təsdiqlənib. Bir neçə ildən sonra onun da məzunları olacaq və hərbi hissələrdə peşəkar tibb qardaşlarımız xidmət göstərəcəklər.
Bu, dövlətimiz, xalqımız və Azərbaycan hərbçisi üçün çox böyük əhəmiyyət daşıyır. Çünki Birinci və İkinci Qarabağ müharibələri zamanı hərbi hissələrdə xidmət edən həkimlərin bir çoxu könüllü şəkildə, yaxud təyinatla hərbi xidmətə gəlmiş mülki həkimlər idi. Həmin dövrdə hərbi tibb sahəsində müəyyən boşluqlar vardı. Artıq bu sahədə peşəkar kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb.
Amma hərbi həkim olmaq sadəcə həkim olmaq deyil. Bu peşəni seçən insan hərbi mühitin özünəməxsus xüsusiyyətlərini də qəbul etməlidir. Hərbi həkimin gecəsi-gündüzü olmur. Təbii ki, mülki həkimlər də ağır şəraitdə işləyirlər. Ancaq hərbi həkim, xüsusilə müharibənin ən qızğın vaxtında, ön cəbhədə Azərbaycan əsgərinin və zabitinin yanında olmalı, ona ilk tibbi və cərrahi yardımı göstərə bilməlidir.
Ona görə də gənc həkimlərə deyərdim ki, əgər hərbi tibb sahəsini seçirlərsə, bu peşəyə böyük məsuliyyət və Vətən sevgisi ilə yanaşmalıdırlar. Çünki söhbət təkcə bir insanın sağlamlığından deyil, bəzən onun həyatının xilas edilməsindən gedir.

- Sizin müsahibəniz Anım Günündə yayımlanır. Döyüşən hərbçilərimizə, şəhid ailələrinə və qazilərimizə hansı mesajı çatdırmaq istərdiniz?
– İlk növbədə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhid ailələrinə səbir arzulayıram. Şəhid ailələri Azərbaycan xalqının fəxridirlər. Biz onların övladları ilə fəxr edirik. Onlar bu torpaq uğrunda canlarından keçiblər.
Qazilərimizə də xüsusi salamlarımı və ehtiramımı çatdırmaq istəyirəm. Onlar Vətənin azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda bədənlərinin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıblar. Onlar bizim fəxrimiz, qürurumuzdur. “Azərbaycan qazisi” deyəndə bizim gözümüzün qarşısında Vətən uğrunda döyüşmüş, öz sağlamlığını bu torpaq üçün fəda etmiş insanlar dayanır.
Arzu edirəm ki, onların adına heç vaxt ləkə düşməsin. Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyan bütün hərbçilərimizə isti salamlarımı göndərirəm. Onları bağrıma basıram. Allah hamısını qorusun.
Var olsunlar. Bu Vətən öz oğulları ilə həmişə fəxr edib və fəxr edəcək.