Modern.az

"Raket 10 metr üstümüzdən keçib dağa dəydi" - Döyüşçü ilə SÖHBƏT

"Raket 10 metr üstümüzdən keçib dağa dəydi" - Döyüşçü ilə SÖHBƏT

Ölkə

Bu gün, 21:01

2020-ci il sentyabrın 27-si evlərin heç birində səhər adi açılmadı. Həmin gün və ondan sonrakı 44 gün həyat tamam başqa bir səhifəyə keçdi. Evlərdə hər kəs narahat, kimisi övladının yolunu gözləyir, kimisi də Azərbaycan əsgərlərinin hər birini öz oğlu kimi görür və onlar üçün narahat olur.

O döyüşdə vətəni üçün canından keçən, canını qurban verən çox şəhidlərimiz oldu. Sağ qayıdıb xalqına zəfər xəbərini verən oğullarımız da az olmadı. Onlardan biri də Yunis Abbaslı idi.

Yunis Abbaslı döyüşə necə başladığını, orda nələr yaşayıb, hansı hisləri keçirdiyini Modern.az-la bölüşüb. Yunisin sözlərinə görə onlar üçün müharibə 27 sentyabrda başlamamışdı:

"Müharibəyə az qalmış təlimlərimiz daha da intensivləşmişdi. Hər gün daha ağır məşqlər keçirirdik. O vaxt bunun nə qədər ciddi bir hazırlıq olduğunu artıq hiss edirdik.

Sentyabrın 27-də isə hər şey gerçəyə çevrildi. Murovdağ istiqamətindən döyüşlərə başladıq. Postları bir-bir keçə-keçə irəliləyirdik. Təxminən 15 kilometr yol getdikdən sonra başqa tapşırıq aldıq və Füzuli istiqamətinə keçdik.

Sonra Cəbrayıl istiqamətində hərəkət etdik. Yol boyu çox ağır döyüşlər oldu. Şəhidlərimiz oldu. Hər dəfə bir yoldaşımızı arxaya göndərəndə insanın içində başqa bir hiss yaranırdı. Bir tərəfdən tapşırığı yerinə yetirməli idik, digər tərəfdən isə yanımızda olan insanları itirirdik.

Cəbrayılı azad etdikdən sonra qısa müddətlik istirahət verdilər. Həmin vaxt Ali Baş Komandanın xalqa müraciətini gördük və Cəbrayılın azad olunduğunu eşitdik. O an yorğunluğumuzu bir az unutmuşduq. Çünki artıq irəlilədiyimizi və torpaqlarımızın bir-bir azad olunduğunu görürdük.

Amma bilirdik ki, qarşıda bizi daha ağır döyüşlər gözləyir".

Yunisin sözlərinə görə, Füzuliyə çatanda artıq 18 gün idi ki, müharibədə idi və mərmi, raket səslərinə öyrəşmişdi. Artıq onların səsini ayırd edə bildiyindən Füzuliyə daxil olarkən eşitdiyi səsin raketə aid olduğunu başa düşmüşdü:

"Başımı qaldırıb raketə baxdım. Təxminən 10 metr üstümüzdən keçib arxadakı dağa dəydi.

Sonra yenə hərəkət etdik. Bir müddət sonra ikinci dəfə raket səsi gəldi. Baxdım ki, üstümə qırmızı bir şey gəlir. Başımı çantanın yanına qoymağımla raketin partlaması bir oldu. Təxminən iki metr önümdə partladı.

O an sol qulağımda güclü bir səs yarandı. Özümü dağın o biri tərəfinə atdım. Üzümə su vurdular, bir az özümə gəldim və yenidən hərəkətə başladıq.

Şəhərin içində köhnə, dağılmış evlər, xarabalıqlar var idi. Bilirdik ki, həmin evlərin içində düşmən var. Hər tərəfdən atəş gəlirdi. Güllələr sağımıza, solumuza, qarşımıza düşürdü.

O an insanın ağlına çox şey gəlmir. Sadəcə qarşıya baxırsan və tapşırığını yerinə yetirməyə çalışırsan".

Yunis qeyd edir ki, müharibədə ən yaddaqalan hadisə yaralandığı andır:

"Başım yaralandıqdan sonra ayaqlarım və sol qolum işləmirdi. Yalnız sağ qolumu hərəkət etdirə bilirdim. Yoldaşlarım məni təxminən iki kilometr məsafədə daşıdılar.

Sonra dörd yaralı birlikdə qaldıq. Digər yoldaşlarımız isə irəli getməyə davam etdilər. Bizə dedilər ki, təxliyə maşını gələcək.

Bir neçə dəqiqə sonra BTR səsi eşitdik. Mən başa düşdüm ki, bu, bizimkilərin BTR-i deyil. Yoldaşıma dedim ki, çıxıb baxsın.

Baxdı və dedi ki, BTR gəlir, yanında da ermənilər var.

Biz bir kolun arxasında idik. Aramızda sadəcə bir kol vardı. Onlar bizi görmürdülər, biz isə onları görürdük".

Yunis qeyd edir ki, o an həyatında yaşadığı ən uzun dəqiqələr ola bilərdi:

"Mən uzanmışdım və kolun arasına baxırdım. Düşünürdüm ki, indi bir nəfər gələcək və bizi görəcək. Onların danışığını eşidirdik. Sonra birdən bizim tərəfə atəş açmağa başladılar.

Güllələrin səsini qulağımın dibində eşidirdim. Başımın üstündən keçirdi. Həmin an insanın ağlına yalnız bir fikir gəlir: “İndi mənə də dəyəcək”. Amma Allahın köməyi ilə heç bir güllə mənə dəymədi.

Atəş dayandı. Onlar bir müddət sonra BTR-lə uzaqlaşdılar. Amma biz yenə danışmağa qorxurduq. Düşünürdük ki, bəlkə kimsə yaxınlıqda qalıb.

Təxminən 20 dəqiqə sonra başımın üstündə uzanan yoldaşıma pıçıltı ilə “Kənan, Kənan” dedim. Ən ağır anda insanın yanında olan yoldaşının “mən buradayam” deməsi belə kifayət edirdi. Amma silah yoldaşım Kənadan cavab gəlmədi. Tərpənmədi,  an başa düşdüm ki, Kənan şəhid olub".

Yunis o an keçirdiyi hisləri ifadə edə bilmirdi:

"Mənim üçün müharibənin ən ağır tərəflərindən biri budur. Çünki döyüşdə insan yanında olan yoldaşının kim olduğunu, necə insan olduğunu, nələr yaşadığını bilir. Bir anda onun səsini eşitməmək çox ağırdır".

Yunisin sözlərinə görə, döyüşdə ona ən ağır gələn hadisələr silahdaşının şəhadətə ucalması, ikincisi isə özünün yaralanmağıdır:

"Güllə başıma dəydiyi anda gözlərim qaraldı. Amma beynim işləyirdi. Öz-özümə düşündüm: “Görəsən öldüm? Ölmək belə bir şeydir?” Sonra yoldaşlarımın “Abbaslı yaralandı” dediyini eşitdim.

Məni atəşin içindən çıxarıb evin arxasına apardılar. Dəbilqəmi çıxaranda qan üzümə axdı. O an artıq başımdan yaralandığımı başa düşdüm. Amma ən qəribəsi o idi ki, həmin vaxt ayaqlarımı və sol qolumu hiss edə bilmirdim. Hərəkət etmirdi.

Yoldaşlarım məni daşıyanda mən sadəcə baxırdım. İnsan həmin an öz bədəninin ona tabe olmadığını görəndə çox ağır hiss keçirir”.

Yunis deyir ki, onun yaralandığını valideynləri 60 gün bilməmişdilər:

“Onlar mənim harada olduğumu, vəziyyətimin necə olduğunu bilmirdilər. Sonradan mənim yaralandığım, ayaqlarımın və sol qolumun işləmədiyini xəbər tutdular. Valideyn üçün övladının müharibədə olduğunu bilməmək belə ağırdır. Bir də sonradan onun yaralandığını eşitmək...

Düşünürəm ki, həmin 60 gün onların həyatının ən ağır günlərindən olub.

Bu gün valideynlərimə baxanda deyirəm ki, mənim yaşadığım ağrıdan başqa, onların da öz içlərində yaşadığı böyük bir ağrı var idi".

Yunisin sözlərinə görə qələbə xəbərində ilk ağlına gələn silahdaşları olub. Onların qisasıyla yanıb-tutuşan igidlərlə birlikdə qazanmışdı qələbəni Yunis:

"Müharibənin bitməsi böyük bir hiss idi. Amma mənim üçün o hissin içində həm sevinc, həm də çox böyük ağrı vardı. Çünki qələbə xəbərini eşidəndə ağlıma ilk gələnlərdən biri şəhid olan yoldaşlarım oldu.

Biz birlikdə başlamışdıq, amma hamımız birlikdə qayıtmadıq. Mən yaralı qayıtdım. Bəziləri isə heç qayıtmadı.

Ona görə mən qələbəni yalnız “müharibə bitdi” kimi qəbul edə bilmirəm. Bu qələbənin arxasında şəhidlərimizin həyatı, qazilərimizin yaraları və döyüş yoldaşlarımızın fədakarlığı var".

Lamiyə Cənnətzadə 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az