27 sentyabr – Anım Günündə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızla yanaşı, taleyi bu günədək müəyyən edilməyən itkin hərbçilərimizin də xatirəsi ehtiramla yad olunur.
Modern.az xəbər verir ki, 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun 6 hərbi qulluqçusunun taleyi hələ də müəyyən edilməyib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, onların axtarışı və talelərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Müdafiə Nazirliyinin rəsmi siyahısında yer alan itkin hərbçilər bunlardır:
İbrahim Səməd oğlu Vəlizadə – leytenant, 11 iyun 1998-ci il təvəllüdlü.
Aydın Zakir oğlu Feyzullayev – əsgər, 19 iyun 1995-ci il təvəllüdlü.
Asim Yaqub oğlu Mehdiyev – MAHHXHQ əsgər (MAXE), 1 yanvar 2001-ci il təvəllüdlü.
Qorxmaz Bayram oğlu Salamov – əsgər, 22 aprel 1996-cı il təvəllüdlü.
Elnur Rəcəb oğlu Qədirli – əsgər, 27 avqust 1997-ci il təvəllüdlü.
Xəqani İlqar oğlu Səfərli – əsgər, 14 oktyabr 1991-ci il təvəllüdlü.
Bu hərbçilərin hər biri Vətən müharibəsinin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib və döyüşlər zamanı onlarla əlaqə kəsilib.
Leytenant İbrahim Vəlizadənin sonuncu dəfə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyi, Asim Mehdiyevin isə oktyabrın 7-də Xocavənd istiqamətində döyüşlərdən sonra ailəsi ilə əlaqəsinin kəsildiyi barədə məlumatlar yayılıb. Aydın Feyzullayevdən oktyabrın 1-dən, Elnur Qədirlidən oktyabrın 7-dən, Qorxmaz Salamovdan oktyabrın 14-dən, Xəqani Səfərlidən isə oktyabrın 4-dən sonra xəbər alınmayıb.
İtkin döyüşçülərin yaxınları 6 ildir eyni ümidlə yaşayırlar: bir gün onların taleyi barədə xəbər alacaqlar.
A.Qorxmaz