Ermənistan Baş naziri Nikol Paşinyan BMT-nin 81-ci sessiyasında çıxışı zamanı itkin düşmüş şəxslərdən danışıb.
“Bir neçə min itkin düşmüş şəxsin taleyinin aydınlaşdırılması Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə həll edilməli olan bir məsələdir”,- Paşinyan deyib.
Paşinyanın bu çıxışı olduqca ziddiyyətli səslənir. Çünki Ermənistan tərəfi müharibədən artıq 6 il keçməsinə baxmayaraq, 4000-ə yaxın itkinimizlə bağlı heç bir əməli addım atmayıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Paşinyanın ziddiyyətli açıqlamaları təəccüblü deyil:
“Paşinyanın ziddiyyətli açıqlamaları bizi təəccübləndirmir və uydurma tələbləri də bizi təəccübləndirməməlidir. Çünki biz əvvəlindən bəri bir-birinə zidd olan iki Paşinyan tanıyırıq. Birinci Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. İkinci Paşinyan isə deyir ki, “Qarabağ Azərbaycandır və nöqtə”. Yəni bu, Paşinyan məsələsi deyil, klassik erməni siyasətidir. Ona görə də Azərbaycanda həmişə güclü “dəmir yumruq” olmalıdır ki, Paşinyanın açıqlamaları bizim xeyrimizə olsun. Biz ermənilərin necə bir siyasət həyata keçirdiklərini çox yaxşı bilirik və bu gün Paşinyanın nə üçün belə dəyişkən mövqe nümayiş etdirdiyinə də yaxşı bələdik”.
Deputatın sözlərinə görə, Paşinyanın son ritorikasının Rusiya ilə münasibətlər fonunda müəyyən səbəbləri ola bilər:
“Paşinyan Rusiyaya səfərə hazırlaşır və səfər ərəfəsində Rusiyadan müəyyən möhlət əldə etmək üçün daha çox Rusiyanın Qafqaz siyasətini dəstəkləyən ritorika ilə çıxış edir. Ona görə də məsələnin bir tərəfi budur. Ancaq bu, o demək deyil ki, kənardan təzyiq olmasa, Paşinyanın mövqeyi belə dəyişə bilməz. Dəyişə bilər. Çünki ermənilər, o cümlədən Paşinyan bilsə ki, bir qədər güclənib, Ermənistanın gücü Azərbaycanla yaxın və ya bərabərdir, o zaman əmin olun ki, Ermənistandakı bir Paşinyanın yox, bütün Paşinyanların mövqeyinin 180 dərəcə dəyişdiyini görəcəyik”.
H.Babaoğlu hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərində əsas prinsip təhlükəsizlik amilinin nəzərə alınması olmalıdır:
“Ona görə də mən düşünürəm ki, hər nə olursa-olsun, Ermənistanla sülhün formulası “soyuq sülh” formulası kimi qavranılmalıdır. Soyuq sülh isə o deməkdir ki, daim bir barmağımız tətikdə olmalıdır. İkincisi, Ermənistanla bizim münasibətlərimizin necə olmasının siyasi düsturunu Azərbaycan Prezidenti Kəlbəcərdə çıxış edən zaman bəyan etdi. Dedi ki, “Biz ermənilərlə nə qədər əlaqələr qursaq da, Xocalı soyqırımını unutmamalıyıq”. Məncə, bax bu mövqe daim Azərbaycanın yaddaşında olmalıdır, əbədi həkk olunmalıdır ki, daim güclü olaq və Ermənistan bizim şərtlərimizi qəbul etsin”.