Modern.az

İlham Əliyev mədəniyyət nazirlərini qəbul edib

İlham Əliyev mədəniyyət nazirlərini qəbul edib

Ölkə

14 Oktyabr 2009, 19:14

Oktyabrın 14-də Prezident İlham Əliyev “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakıda keçirilən İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının nümayəndələrini qəbul edib.
Prezident İlham Əliyev Bakıda keçirilən konfransı, müzakirə olunan məsələləri və qəbul edilən qərarları ölkələr arasında münasibətlərin və İslam həmrəyliyinin möhkəmləndirilməsində mühüm hadisə kimi səciyyələndirib.
O, qeyd edib ki, belə tədbirlər, eyni zamanda, təmsil olunan ölkələrin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində də vacib amildir. İKT üzvü olan ölkələrin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədiyini yaxşı hal kimi dəyərləndirən İlham Əliyev ötən il BMT Baş Məclisində Azərbaycanın ədalətli mövqeyini müdafiə edən qərarın qəbulunda İslam ölkələrinin xidmətini xüsusi vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən dövlət başçısı bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələri barədə qəbul etdiyi 4 qətnaməyə Ermənistan tərəfindən məhəl qoyulmadığını diqqətə çatdırıb.
İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqun beynəlxalq səviyyədə qurulmasında və inkişaf etdirilməsində Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Qonaq, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə bundan sonra da öz dəstəklərini əsirgəməyəcəklərini söyləyib.
Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz Xoca Mühiddin, Əlcəzairin mədəniyyət naziri xanım Xalida Toumi, Suriyanın mədəniyyət naziri Riyad Hassan Ağa da Azərbaycan barədə xoş sözlər söyləyiblər.
İlham Əliyev İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransında qəbul olunan qərarların İslam birliyinin daha da möhkəmlənməsinə töhfə olacağına əminliyini ifadə edib.
Sonda Azərbaycan Prezidentinə İKT və İSESKO adından xatirə hədiyyəsi təqdim edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir