15 Aprel 2021, 08:47 | Ana Səhifə - Yazılar - Dünyanın nüfuzlu isimlərinin Azərbaycana marağı artır
Dünyanın nüfuzlu isimlərinin Azərbaycana marağı artır
Elman Babayev


Bu marağı Prezident İlham Əliyevin yüksək intellekti, zəngin dünyagörüşü, qətiyyətli mövqeyi yaradır


Azərbaycan Qarabağ savaşını qələbə ilə sona çatdırıb, amma Qarabağla bağlı irəlidə görülməli olan işlərin uzun bir siyahısı var. Bura bölgənin yenidən qurulmasından tutmuş, qlobal layihələrin həyata keçirilməsi, ilk öncə isə Ermənistan və Azərbaycan arasındakı konfliktin həll olunmasının bütün aspektlərinin beynəlxalq ictimaiyyətə və yerli auditoriyaya hərtərəfli çatdırılması daxildir.
 
Azərbaycan bütün istiqamətlərdə fəaldır: Bir tərəfdən Qarabağ üçün sosial-iqtisadi layihələrə start verilib və artıq bölgədə inkişaf, quruculuq addımları atılıb, digər tərəfdən strateji nəqliyyat dəhlizlərinin maraqlı dövlətlərlə müzakirəsi gedir, başqa tərəfdən də Qarabağ çözümünün informasiya yönündən təhlilləri aparılır. Dövlətin rəhbəri İlham Əliyev bu istiqamətlərin hər birində birbaşa iştirak edir, xüsusilə dünyaya informasiya çatdırılmasında yüksək fəallıq nümayiş etdirir.

Prezidentin Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın aparıcı müdiasına müsahibələri və çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

Bu nə deməkdir? O deməkdir ki, Azərbaycan üçün bundan sonra durmadan işləməli cəbhə informasiya cəbhəsidir. Əgər biz BMT-nin, ATƏT-in görməli olduğu, lakin bacarmadığı Qarabağ savaşını öz imkanlarımızla həll etmişiksə, bunun təbliğatını nə BMT aparacaq, nə ATƏT. Bu uğurun dünya miqyasında təbliğini, yəni beynəlxalq aləmə anladılması işini aparmalı tərəf də elə biz özümüzük.

Çünki dünya vaxtilə Qarabağ ədalətsizliyinə göz yumduğu kimi, heç bu uğurun da haqlı tərəflərini, bölgə üçün faydasını görməyə, təhlil etməyə, etirafa maraqlı və həvəsli deyil. Bu halda sözsüz ki, Azərbaycan informativ cəbhədə durmadan işləməlidir və Prezident bizə bir nümunə yaradır.

Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə əlverişli platforma olan Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən konfransda da yorulmadan Azərbaycanın haqlı davasını, qələbəsini, regionda yaratdığı yeni reallığı, Cənubi Qafqaz üçün bundan sonra olacaqları geniş izahatla beynəlxalq auditoriyaya çatdırdı.
Bu informasiya strategiyasında şəffaflıq, obyektivlik, sistemlilik, operativlik var. Milli maraqların müdafiəsi var, ictimaiyyətin hərtərəfli məlumatlandırılması var.

Bəli, Azərbaycan Prezidentinin Ermənistanın münaqişənin sülh yolu ilə həllinə hazır olmadığını, döyüş bölgəsində illərlə böyük istehkamların yaradılmasının da barışa, sülhə yox, savaşa, gərginliyə, ədalətsizliyə xidmət etdiyini hər dəfəsində vurğulaması məhz obyektivlik, şəffaflıq prizmasından çıxış etmənin nümunəsidir.
İlham Əliyevin müsahibələri, çıxışları hər bir auditoriya üçün zəngin, hərtərəfli informasiya yükü daşıyır. “ADA”dakı konfrans bunu bir daha göstərdi.

“Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. Biz Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq. Biz dəmir yolumuz vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logistika dəstəyini təmin edirik. Onlar dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu yüklərin hava yolu ilə İrəvana, oradan isə 5-6 saat avtomaşınlarla Laçın dəhlizindən daşınmasından daha tez və ucuz başa gəlir. Mən digər çoxsaylı nümunələr sadalaya bilərəm. Biz Rusiya ərazisində təmir işlərinin aparılması ilə əlaqədar “Qazprom” şirkətinə Azərbaycan üzərindən Ermənistana təbii qazın nəqlinə icazə vermişik. Biz yox da deyə bilərdik, ancaq biz buna icazə verdik. Bu da bir göstəricidir, bir jestdir. Biz Zəngilan və Qubadlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər ermənilər tərəfindən istifadə edilib. Biz buna mane olmadıq, ancaq müharibə dövründə işğal altında saxladıqları ərazilərdə bizə bir metr irəli hərəkət etməyə icazə verirdilərmi? Xeyr. Yəni, bütün bunlar birtərəfli qaydada atılmış addımlardır. Bu, təkcə jest deyil, bu, müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətdir. Giriş nitqimdə ermənilərin bizə qarşı törətdiklərini heç vaxt unutmayacağımızı qeyd etməklə yanaşı, bildirmək istəyirəm ki, biz gələcəyə baxmalıyıq. Hesab edirəm ki, burada biz Ermənistanın vətəndaş cəmiyyətinin daha fəal olmasını gözləyirik. Çünki bu gün Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında nəinki müsbət, heç neytral fikir söyləmək iqtidarında deyil. Bu Azərbaycanofobiya konsepti, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması, əslində, erməniləri hüquqlarından məhrum edib. Ancaq hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll edilib və biz gələcəyə baxmalıyıq”.

Bu sitatda İlham Əliyev Azərbaycanın humanizmi, əməkdaşlığa, bölgənin inkişafına hazır olması faktı ilə Ermənistanın sahib olduğu xisləti qarşılaşdırır və beynəlxalq ekspertlərə öz ölkəsinin mübaliğəsiz olaraq müsbət imicini təqdim edir.

Ermənistan tərəfi ATƏT müşahidəçilərini münaqişə dövründə heç zaman işğal olunmuş ərazilərə aparmayıb. Nəyə görə? İlham Əliyev xarici ekspertlərdə açıq qalan bu suala məntiqlə aydınlıq gətirir: "Ermənistan hökuməti onların həmin ərazilərdə olan dağıntıların, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticəsinin şahidi olmasını istəmirdi. Aydındır ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Beləliklə, burada Azərbaycan xalqının hissləri başa düşülməlidir".

Prezident İlham Əliyevlə müzakirə və debatlar beynəlxalq ekspertlər üçün ona görə maraqlıdır ki, burada mürəkkəb sualların, qəliz məsələlərin cavabları var. Qarabağ bölgəsinin tarixi kökləri, etnik mənşəyi, kulturual dəyərləri hamısı real bilgilərə, dolğun həqiqətə dayanaraq açıqlanır. Məsələn, elə “ADA”dakı konfransda Türkiyə ilə Ermənistan arasındakı ziddiyyətlərin həll olunması ilə bağlı beynəlxalq ekspertin sualına verilən cavab sanki bir Türkiyə tarixçisinin cavabı idi. İlham Əliyev Ermənistanın Türkiyəyə olan ərazi iddiasını, bunu konstitusiyasına salmasını, soyqırım iddialarını, erməni lobbisinin Ermənistan ermənilərindən bir alət kimi istifadə etməsini dəqiqliklə, peşəkar təhlillə çatdırmaqla özünün intellektual imkanlarını ortaya qoyur.

Azərbaycan cəmiyyətinin özü üçün də İlham Əliyevin şəxsiyyəti getdikcə daha çox maraq doğurur. Çünki cəmiyyətin bilmədiklərini İlham Əliyev həvəslə anladır.

Müharibə dövründə İlham Əliyevin informasiya sahəsində fəaliyyəti, Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında necə mühüm rol oynadısa, münaqişədən sonrakı dövrdə də onun çıxışlarının bilgilənmə nöqteyi-nəzərindən mühüm əhəmiyyəti var. Axı bu gün münaqişədən sonrakı məsələlər nələrdir-bunu konkret hansısa dövlət rəhbəri açıqlaya bilmir.

Ermənistanın davranışlarına baxsaq, onlar üçün gələcək deyilən bir anlayış yoxdur. Yalnız revanşist siyasət haqqında düşünülür. Türkiyə danışıqlar masasında birbaşa yoxdur, Rusiya danışıqlarda birbaşa olsa da, hətta sülhyaratma missiyasında birbaşa iştirak etsə də, bütün məsələlərdə söz haqqı məhz Azərbaycanındır, xüsusən ona görə ki, Zəfərin memarı odur!!!

Bu baxımdan bütün suallar İlham Əliyevə ünvanlanır; gözlər onun üzərindədir. Qarabağın gələcəyi, Ermənistan-Azərbaycan münasibətlərinin sonrakı səhifəsi, Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları ilə bağlı məsələlərə cavab ondan istənilir.

Əgər Ermənistan rəhbərliyinin radikal açıqlamaları beynəlxalq ictimaiyyət üçün konkret heç nə deyə bilmirsə, Azərbaycanın barışcıl, tolerant mövqeyi, əməkdaşlıq həvəsi, bölgəni dirçəltmək istəyi dünya üçün aydın təsəvvür yaradır və sözsüz ki, baxışları Azərbaycana yönəldir. Ona görədir ki, Ermənistan rəhbərliyi kabinetində düşüncəli və qəzəbli oturarkən, Azərbaycan rəhbərliyi beynəlxalq platformalara çıxır, xarici medianın gündəmindən düşmür, beynəlxalq müşahidəçilərin, mütəxəssislərin sualları qarşısında məntiqli, potensiallı, hazırcavab görünməkdə davam edir.

Azərbaycan Prezidenti ilə ADA Universitetində keçirilən tədbirdə iştirakçıların kimliyinə baxmaq da şox şey ifadə edir. ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert, hamımızın yaxşı tanıdığı, Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzə, ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz, İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun kiçik elmi işçisi Karlo Frappi, Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Göksel, Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Stanislav Pritçin, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Böyük Britaniyanın LINKS təşkilatının direktoru Dennis Summut, Gürcüstanın Strateji Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi, ictimai yayımçı George Gvimradze, Rumıniyanın Münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzindən doktor Yulian Çifu, İsrailin Hayfa Universitetinin professoru Brenda Şaffer, Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Pol, İranın Tehrandakı İran-Avrasiya Tədqiqatları İnstitutundan Vəli Xaliqi, İsrailin Təl-Əviv Universitetindən Stivn Klayn, Türkiyənin İstanbul Altınbaş Universitetinin rektoru, Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrə Prezident Şurasının üzvü Çağrı Arhan, Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru Taras Kuzio, Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzindən professor Əhməd Uysal, Roma Sapienza Universitetindən Daniel Pommier Vinçelli.

Bu, kifayət qədər sanballı bir kontingentdir. Və onların bu tədbirdə iştirakı, bəzilərinin onlayn qoşulması Azərbaycan rəhbərinin nüfuzuna göstərilən sayğıdan və Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsinə olan maraqdan irəli gəlir. Belə bir kontingent qarşısına çıxmaq, onların suallarını geniş cavablandırmaq, saatlarla zaman ayırmaq Prezident İlham Əliyevin Azərbaycanın dünyadakı maraqları naminə yerinə yetirdiyi müqəddəs bir işdir.
Bu iş informasiya cəbhəsində cəmiyyətin hamılıqla savaşmasına gözəl bir nümunə yaradır.
MÜƏLLİFİN DİGƏR YAZILARI
DYP işçi axtarır - VAKANSİYALAR 1 Dekabr 2021, 10:17 Rusiya səfirliyi Azərbaycana başsağlığı verdi 1 Dekabr 2021, 10:15 “Turist”in sahibinə cinayət işi açıldı 1 Dekabr 2021, 10:13 ABŞ Azərbaycana başsağlığı verib 1 Dekabr 2021, 10:09 Türkiyəli həkim böyrək xərçənginin müalicə yollarını AÇIQLADI 1 Dekabr 2021, 10:05 Toyda CƏRİMƏLƏNƏNLƏR 1 Dekabr 2021, 10:00 “Pfizer” “Omicron”dan da QORUYUR 1 Dekabr 2021, 09:57 Nefti ucuzlaşmaqda davam edir 1 Dekabr 2021, 09:55 Beyləqanda polis GÜLLƏLƏNDİ 1 Dekabr 2021, 09:53 Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ 1 Dekabr 2021, 09:50 Tezliklə laçınlılar öz doğma yurdlarında yeni həyata başlayacaqlar 1 Dekabr 2021, 09:44 Ceyhun Bayramov İsveçə getdi 1 Dekabr 2021, 09:38 İlin ən yaxşı 10 futbolçusu - SİYAHI 1 Dekabr 2021, 09:32 Yevlaxda YANĞIN 1 Dekabr 2021, 09:26 Şamil Ayrımdan azərbaycanlı həmkarlarına başsağlığı 1 Dekabr 2021, 09:20 Xarici valyutaların manata qarşı məzənnələri 1 Dekabr 2021, 09:15 Borca görə 49 nəfər saxlanıldı 1 Dekabr 2021, 09:10 Cəbrayıla gedən yol asfaltlanır - FOTOLAR 1 Dekabr 2021, 09:06 Uğur Şahin “Omicron” ştammı ilə bağlı danışdı 1 Dekabr 2021, 09:00 Laçına su verildi 1 Dekabr 2021, 08:54 Şəhid Daşqının qardaşından ETİRAZ: “Nigar Qədəşova özünü reklam edir” 1 Dekabr 2021, 08:54 Avropa İttifaqının prezidentindən Ermənistanla Azərbaycana TƏKLİF 1 Dekabr 2021, 08:53 COVID-19 xəstələri SAXLANILDI 1 Dekabr 2021, 08:52 XİN-dən Laçının azad olunmasının 1 ili ilə bağlı PAYLAŞIM 1 Dekabr 2021, 08:49 Beyin xərçənginin SİMPTOMLAR 1 Dekabr 2021, 08:44 Aslan İsmayılovun oğlu tanınmış şahmatçı ilə evləndi - FOTO 1 Dekabr 2021, 08:36 “Fizika müəllimi” və cinayətkar dəstəsi ifşa edildi - FOTO 1 Dekabr 2021, 08:25 NASA astronavtlarının kosmosa çıxma tarixi məlum oldu 1 Dekabr 2021, 08:16 Bu insanlar üçün hava əlverişsiz olacaq -Proqnoz 1 Dekabr 2021, 08:10 Helikopterin qəzadan sonrakı vəziyyəti - VİDEO 1 Dekabr 2021, 07:55 Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi 1 Dekabr 2021, 07:49 Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58 Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?