Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi Mahaçqala hava limanında iğtişaşlarda fəal iştirak edən 150 nəfərin kimliyini müəyyən edib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, onlardan 60 nəfəri saxlanılıb.
Bildirilib ki, hava limanında baş verən iğtişaşlar nəticəsində 9 polis əməkdaşı yaralanıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2-si xəstəxanadadır. Hazırda hava limanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının tam nəzarəti altındadır.
Dağıstanın rəhbəri Sergey Məlikov bildirib ki, iğtişaşlar zamanı Mahaçqala aeroportunun kritik infrastrukturu zədələnməyib. O izah edib ki, hava limanının bərpası dövründə uçuşlar alternativ aerodromlar vasitəsilə həyata keçiriləcək. Məlumatına görə, Mahaçqala hava limanının oktyabrın 31-nə keçən gecə fəaliyyətini bərpa etməsi planlaşdırılır.
“Yaxın günlərdə hava limanı bərpa olunacaq, naviqasiya avadanlıqları, idarəetmə otaqları və uçuşların təhlükəsizliyini təmin edən digər xidmətlər zədələnməyib. Düşünürəm ki, 2-3 gün ərzində hava limanının bütün funksionallığı bərpa olunacaq və biz yenidən uçuşlara başlayacağıq”, - deyə Məlikov jurnalistlərlə söhbəti zamanı bildirib.
O əlavə edib ki, Mahaçqala hava limanının fəaliyyətinin dayandırdığı dövrdə Şimali Qafqaz Federal Dairəsinin digər hava limanları da sərnişinləri qəbul edəcək. Sərnişinlərin rahatlığı üçün Vladiqafqaz hava limanına avtobuslar təşkil olunacaq.
Oktyabrın 29-u bazar günü axşam saatlarında Mahaçqala hava limanı yaxınlığında toplaşan bir neçə min insan Təl-Əvivdən gələn təyyarənin enməsinə etiraz edib. Etirazçılardan bəziləri hava limanına girib. Polislə toqquşmalarda 20-dən çox adam yaralanıb. Etirazçıların hərəkətləri respublikanın hakimiyyət orqanları, Dağıstan müftisi, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Yəhudiləri Konqresi və bir çox başqa qurumlar tərəfindən tənqid edilib. Dağıstan rəhbəri Sergey Məlikov hadisəni kobud qanun pozuntusu adlandırıb və iğtişaşlarla bağlı bir neçə cinayət işinin açıldığını deyib.
Məlikov Mahaçqala hava limanında baş verən iğtişaşları respublikada “vəziyyəti destabilizasiya cəhdi” adlandırıb. Onun iddiasına görə, iğtişaşlara xaricdən, o cümlədən “Ukraynayönlü Telegram kanalları” vasitəsilə nəzarət edilib: “Dağıstanda vəziyyətin sabitliyini pozmaq cəhdləri, o cümlədən millətlərarası nifrət və konfessiyalararası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”.
Onun sözlərinə görə, respublika sakinlərini icazəsiz kütləvi etiraz aksiyalarına çıxmaq çağırışları “satqınlar və banderaçılar” tərəfindən fəal şəkildə yayılıb: “Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, “Dağıstanın səhəri” kanalı Ukrayna ərazisindən - satqınlar, banderaçılar tərəfindən idarə olunur və tənzimlənir”.