Modern.az

Xamenei və 4 ailə üzvü dəfn ediləcək -  Rəsmi AÇIQLAMA 

Xamenei və 4 ailə üzvü dəfn ediləcək -  Rəsmi AÇIQLAMA 

Dünya

Bu gün, 15:16

İran İslam Respublikasının mərhum ali lideri Əli Xameninin dəfni ilə bağlı mərasimlər iyulun 4-dən etibarən Tehran, Qum və Məşhəd şəhərlərində keçiriləcək.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə Xameneini anım komitəsinin sözçüsü İman Əttarzadə bildirib.

“Mehr” agentliyinin məlumatına görə, İman Əttarzadə ilk mətbuat konfransında deyib ki, Ayətullah Seyid Əli Xameneinin ölümündən 100 gündən çox vaxt keçdikdən sonra yaxın günlərdə onunla vida, dəfnə yolasalma və torpağa tapşırılma mərasimləri keçiriləcək.

O bildirib ki, bu mərasimlərin hazırlığı çoxdan başa çatdırılmışdı, lakin müharibə şəraiti, düşmənin hücumları və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə mərasimlərin keçirilməsi təxirə salınmışdı.

Əttarzadənin sözlərinə görə, mərasim “İranın şəhid ağasını yola salırıq” adı altında keçiriləcək və əsas şüarı “Ayağa qalxmaq lazımdır” olacaq. Mərasimin simvolu isə “yumruq şəklində sıxılmış əl” kimi müəyyən edilib.

Mərasimlər rəsmi olaraq iyulun 4-də başlayacaq. Vida mərasimi iki gün ərzində Tehrandakı İmam Xomeyni məscid-kompleksində keçiriləcək.

Sözçü bildirib ki, mərhum liderin şərəfinə Tehran, Qum və Məşhəd şəhərlərində cənazə namazı qılınacaq.

Onun sözlərinə görə, əsas dəfn yürüşü iyulun 6-da Tehranda keçiriləcək. Gözlənilən böyük izdiham səbəbindən marşrut və təşkilati tədbirlər barədə əlavə məlumat sonradan açıqlanacaq.

Əttarzadə həmçinin bildirib ki, İraq xalqının, tayfalarının, din alimlərinin, ziyalılarının və ictimai xadimlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, Xamenei və ailəsinin dörd üzvünün cənazələri də ayrıca mərasimlə yola salınacaq.

O əlavə edib ki, müxtəlif ölkələrdən rəsmi nümayəndələr və heyətlər də bu mərasimlərdə iştirak edəcəklər. Bununla bağlı vaxt və məkan barədə məlumat sonradan Xarici İşlər Nazirliyi tərəfindən veriləcək.

Mərasimlərin Tehran, Qum və Məşhəddə təşkil olunması və keçirilməsi vəzifəsi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) həvalə edilib. Eyni zamanda bu üç bölgədə yerli təşkilat komitələri də yaradılıb.

Əttarzadənin sözlərinə görə, İraq hökumətinin təşkilatçılığı ilə Nəcəf və Kərbəla şəhərlərində də cənazə mərasimləri keçiriləcək. Vaxt və məkan barədə dəqiq məlumatı İraq rəsmiləri açıqlayacaqlar.

Sonda o bildirib ki, iyulun 9-da Xameneinin cənazəsi müqəddəs Məşhəd şəhərində dəfn olunacaq. Dəfn yürüşünün marşrutu artıq müəyyənləşdirilib və son məlumatlar yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, Əli Xameni və ailə üzvləri - qızı, kürəkəni, gəlini və nəvəsi bu il fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi hava hücumları nəticəsində öldürülüblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır