Modern.az

Senat Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırdı

Senat Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırdı

Dünya

Bu gün, 09:46

ABŞ Senatı daha əvvəl Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş və prezident Donald Trampı İrana qarşı hərbi əməliyyatlarda ABŞ Silahlı Qüvvələrindən istifadəni dayandırmağa çağıran qətnaməni təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə The Hill nəşri yazıb.

Sənəd hər iki palata tərəfindən qəbul edilən birgə qətnamədir. Lakin onun qanun qüvvəsi yoxdur və prezidentin imzasını tələb etmir.

Senatda keçirilən səsvermədə qətnamənin lehinə 50, əleyhinə isə 48 senator səs verib. Təşəbbüsü dəstəkləyənlər arasında respublikaçı senatorlar Rand Paul, Susan Collins, Lisa Murkovski və Bill Cassidi də olub. Demokratlar arasında yalnız John Fetterman sənədin əleyhinə səs verib.

Bu ayın əvvəlində Nümayəndələr Palatası qətnaməni 215 səs lehinə, 208 səs əleyhinə olmaqla qəbul etmişdi.

Nəşrin qeydinə görə, qətnaməni dəstəkləyən respublikaçılar ötən həftə Senatın Beynəlxalq Münasibətlər Komitəsindən çıxan oxşar sənədin də lehinə səs vermişdilər. Həmin təşəbbüs isə kifayət qədər səs toplaya bilməmişdi.

Son aylarda ABŞ-da prezidentin Konqresin razılığı olmadan başqa bir dövlətə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq səlahiyyətinə malik olub-olmaması ilə bağlı ciddi müzakirələr gedir. Tramp administrasiyası bu məsələdə hər hansı məhdudiyyətin olmadığını müdafiə edir. Bir çox konqresmen isə hesab edir ki, belə hallarda yalnız icra hakimiyyətinin deyil, qanunverici hakimiyyətin də razılığı tələb olunur.

1973-cü ildə qəbul edilmiş qanuna əsasən, Konqres müharibə elan etməzsə və ya hərbi gücdən istifadəyə icazə verən qanun qəbul etməzsə, prezident 60 gün ərzində hərbi əməliyyatları dayandırmalıdır.

Qanun bu müddətin bir dəfəlik daha 30 gün uzadılmasına imkan verir. Bunun üçün prezident Konqresə yazılı şəkildə bildirməlidir ki, ABŞ qüvvələrinin təhlükəsiz çıxarılması üçün əlavə vaxt tələb olunur.

İndiyədək ABŞ Konqresi İrana qarşı hərbi gücdən istifadəyə rəsmi icazə verməyib və Ağ Ev də belə bir icazə almağı planlaşdırdığına dair açıq siqnal verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!