Qarabağın azad olunması Qafqazda yeni mərhələ yaradıb.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin ev sahibliyi ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) 20-ci sessiyasının açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
Numan Kurtulmuş bildirib ki, İslam dünyasının bu dövrdə üzləşdiyi əsas problemlərdən biri parçalanma, dağınıqlıq və ortaq siyasi iradənin zəifliyidir. Onun sözlərinə görə, İslam ölkələri birlik, həmrəylik və əməkdaşlığı gücləndirməli, məzhəb, etnik, siyasi və fikir fərqlərini qarşıdurma səbəbi deyil, ümumi zənginlik kimi dəyərləndirməlidir.
TBMM sədri qeyd edib ki, dünya hazırda ciddi geosiyasi gərginliklərin, münaqişələrin, iqtisadi sarsıntıların və yeni beynəlxalq düzənin formalaşdığı mürəkkəb mərhələdən keçir. O bildirib ki, çoxqütblü yeni dünya nizamında İslam dünyasının böyük insan resursları, iqtisadi potensialı, təbii sərvətləri və gənc əhalisi ilə mühüm güc mərkəzlərindən birinə çevrilmək imkanı var.
Numan Kurtulmuş çıxışında Yaxın Şərqdəki proseslərə də toxunaraq bildirib ki, İranla bağlı aparılan danışıqlarda razılaşmalara sadiqlik qorunmalı, bölgədə gərginliyin artmasına yol verilməməli və sülhün bərqərar olunması üçün diplomatik səylər davam etdirilməlidir.
O, həmçinin Livan və Fələstinlə bağlı vəziyyətə diqqət çəkərək, bölgədə münaqişələrin dayandırılmasının, mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və sabitliyin bərpasının vacibliyini vurğulayıb.
TBMM sədri çıxışında Cənubi Qafqazdakı vəziyyətə xüsusi yer ayırıb. O bildirib ki, Azərbaycanın Qarabağ torpaqları 30 ildən artıq müddətdə işğal altında qalıb, lakin Azərbaycanın qazandığı zəfər nəticəsində bu ərazilər azad olunub və bununla regionda yeni mərhələ başlayıb.
Numan Kurtulmuş qeyd edib ki, Qarabağın azad olunmasından sonra Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. O, Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarını müsbət qiymətləndirdiklərini və bu prosesi dəstəklədiklərini bildirib.
“Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar yekun sülh sazişi ilə nəticələnəcək və Cənubi Qafqaz uzunmüddətli sabitlik, təhlükəsizlik və əməkdaşlıq məkanına çevriləcək”, – deyə Türkiyə parlamentinin sədri vurğulayıb.