Ermənistan son dövrlərdə və daha uzun müddət ərzində Rusiya ilə ikitərəfli münasibətlərdə yaranmış problemləri müzakirə etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bunu Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
O, dekabrın 3-də Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilməsi planlaşdırılan görüşü şərh edərkən iki ölkə arasındakı münasibətlərin gündəliyinə toxunub.
“Artıq elan edildiyi kimi, gündəliyimiz Ermənistan və Rusiya arasında son dövrlərdə və ya daha uzun müddət ərzində toplanmış problemlərə yenidən baxmaqdan ibarətdir. Bu nəzərdən keçirmə münasibətlərin sağlamlaşdırılmasına və irəliyə doğru hərəkət etməyə xidmət edir”, – deyə Kostanyan bildirib.
Nazir müavini vurğulayıb ki, Ermənistan Rusiya ilə münasibətləri kəsmək və ya ikitərəfli əlaqələrdə böhran yaratmaq niyyətində deyil.
“Biz heç bir halda Rusiya ilə münasibətləri kəsmək, bu əlaqələrdə böhran yaratmaq və ya Rusiya Federasiyası ilə körpüləri yandırmaq niyyətində deyilik. Rusiya Ermənistan Respublikası üçün mühüm tərəfdaş olaraq qalır”, – deyə XİN rəsmisi qeyd edib.
Kostanyan Rusiya tərəfinin də qarşıdakı görüşə eyni yanaşma ilə hazırlaşacağına və danışıqların tərəfdaşlıq mühitində keçiriləcəyinə ümid etdiyini bildirib.
“Ümid edirik ki, Rusiya Federasiyasından olan tərəfdaşlarımız da bu görüşə hazırlıq prosesinə məhz belə məntiqlə yanaşırlar və Moskvada müzakirələr tərəfdaşlıq atmosferində keçiriləcək”, – deyə o əlavə edib.