Tanınmış iqtisadçı Qubad İbadoğlu Almaniyaya gedib.
Modern.az xəbər verir ki, bu barədə məlumatı onun yaxınları sosial şəbəkələrdə yayıblar. Bildirlib ki, Q.İbadoğlu müayinə və müalicə üçün artıq Almaniyadadır. Bununla da onun ölkədən çıxışına qoyulan qadağanın götürüldüyü məlum olub.
Qeyd edək ki, Qubad İbadoğlu 2023-cü ilin iyul ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), 167-3.1-ci (dini ekstremizmyönlü materialların saxlanması və ya yayılması) maddələrilə ittiham irəli sürülüb.
2024-cü il aprelin 22-də məhkəmə onun barəsində qətimkan tədbirini dəyişərək ev dustaqlığına buraxılmasına qərar verib.
Məhkəmə Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoymuşdu.
