Modern.az

50 ev pulsuz kirayə verilir: amma vacib şərt var

50 ev pulsuz kirayə verilir: amma vacib şərt var

Dünya

Bu gün, 00:19

İtaliyanın Kalabriya bölgəsində kəndlərin boşalmasının qarşısını almaq və yeni sakinləri cəlb etmək məqsədilə “Ripopolа Calabria” proqramına start verilib. Proqram çərçivəsində kiçik yaşayış məntəqələrində yerləşən 50 ev 10 il müddətinə ödənişsiz istifadəyə veriləcək. Evlərin təmiri isə regional hakimiyyət tərəfindən maliyyələşdiriləcək.

Modern.az xəbər verir ki, proqramda yetkinlik yaşına çatmış, son üç il ərzində Kalabriyadan kənarda yaşayan və bölgəyə daimi köçməyə hazır olan şəxslər iştirak edə bilərlər. Namizədlər daha əvvəl dövlət tərəfindən ev almaq üçün maliyyə dəstəyi almamalıdırlar.

Seçim zamanı gənc cütlüklərə, uşaqlı və təkvalideynli ailələrə, məsafədən çalışanlara, fərdi sahibkarlara, mədəniyyət sahəsinin nümayəndələrinə və əlilliyi olan şəxslərə üstünlük veriləcək. Kalabriyadan köçmüş və doğma bölgələrinə qayıtmaq istəyənlər üçün də xüsusi prioritet nəzərdə tutulub.

Müraciət qaydaları və şərtlər

İştirakçılar üstünlük sırasına uyğun olaraq üç evədək seçim edə bilərlər. Müraciətlər proqramın rəsmi portalı vasitəsilə 18 dekabr 2026-cı il, saat 17:00-dək qəbul olunur.

Qeyd edək ki, evlər sakinlərin mülkiyyətinə verilməyəcək. Onlar 10 il müddətinə pulsuz istifadəyə təqdim olunacaq. Bu müddət ərzində sakinlər həmin evdə daimi qeydiyyatda qalmalıdırlar. Evlərdən turizm biznesi məqsədilə istifadə etmək və ya onları başqalarına kirayə vermək qadağandır.

Təmir xərclərini kim ödəyəcək?

Evlərin təmiri regional hakimiyyət tərəfindən maliyyələşdiriləcək. Bunun üçün hər kvadratmetrə 2 min avroyadək, bir evə isə maksimum 280 min avro vəsait ayrılması nəzərdə tutulur. Mebel xərcləri bu məbləğə daxil deyil.

Qaliblər müəyyənləşdirildikdən və bələdiyyələrlə müvafiq müqavilələr bağlandıqdan sonra təmir işləri 18 ay ərzində tamamlanmalıdır. Yeni sakinlər evlərə yalnız bundan sonra köçə biləcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır